İmtahan edənlər imtahan olunur

Kənardan bu mənzərə gülməli görünsə də, həyəcan az deyildi
Ali məktəblərə qəbul imtahanlarında övladlarının təlaşını keçirən valideyn- müəllimlər indi özləri gərginlik içindəydi. İmtahandan çıxanlar da vardı və söhbətlərindən etiraz notları yüksəlirdi


Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin növbəti diaqnostik qiymətləndirməsini keçirir. Dünən də müəllimlərin "imtahan günü” idi və Azərbaycan Texniki Universitetinin önündə qələbəlik yaşanırdı. Saat 11:00 radələrində iki xanım yoldan ötənlərdən "Texniki Universitetin İdman zalı hardadır” soruşurdu və o istiqamətə yönəlirdilər.

Təlaşlarından hiss olunurdu ki, imtahana tələsirlər. Texniki Univeristetin önündə isə qəbul imtahanları zamanı yaşanan mənzərə vardı. Deyəsən, ali məktəblərə qəbul imtahanlarında övladlarının təlaşını keçirən valideyn-müəllimlər indi özləri gərginlik içindəydi. İmtahandan çıxanlar da vardı və söhbətlərindən etiraz notları yüksəlirdi. Xanımın biri yanındakı həmkarına "elə şeylər vardı, mən heç onları bilmirəm” deyirdi. İmtahandan çıxanlar da vardı, imtahana gedənlər də. Kənardan bu mənzərə bir qədər gülməli görünürdü; imtahan edənlər imtahan olunur.

Müəllimlərin diaqnostik qiymətləndirməsilə bağlı ilginc faktlar da ortaya çıxıb. 2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd ediblər. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləri olub. Bu barədə yeniavaz.com-a təhsil eksperti Kamran Əsədov məlumat verib. Başqa qəribə olay da yaşanıb: 

"Bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu hərəkətini anasının gələ bilməməsi, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istəməsi ilə əsaslandırmağa çalışıb. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib.

60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər. 29 may tarixində keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. Lakin təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücləri ilə çalışırlar. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb. Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışırlar. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər. Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik?” - deyə Kamran Əsədov vurğulayıb.

Müəllimlərin diaqnostik qiymətləndirməsi barədə "Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu bunu müsbət hal kimi dəyərləndirdi:

- Təhsilimizin əsas problemi kadr problemidir. Sabiq təhsil naziri özü demişdi ki, saxta diplomla fəaliyyət göstərən 2000-dən artıq müəllim var. Deməli, ələmə prosesi getməlidir. Bunu sabiq təhsil naziri Mikayıl Cabbarov müəllimlərin diaqnostik qiymətləndirməsini təşkil etməklə bacardı. Qiymətləndirmənin müsbət tərəfi həm də bundadır ki, müəllimlərdə müəyyən məsuliyyət hissi yaranır, bilirlər ki, artıq onları da yoxlayan, imtahan edən var. Biliklərini artırmağa, təkmilləşməyə çalışırlar. Düzdür, çalışan da var, çalışmayan da. 

Əsas odur ki, ələmə prosesi ləng də olsa, ağır da olsa, gedir. Bir tərəfdən biliksiz, ixtisasını zəif mənimsəmiş müəllimlər çıxdaş olur, bir tərəfdən də keyfiyyətli kadrlar üzə çıxır. Diaqnostik qiymətləndirmənin bir müsbət tərəfi də odur ki, müəllimlərin dərs bölgüsü qiymətləndirmənin nəticələrinə görə, toplanan ballar üzrə aparılmalıdır. Amma təəssüf ki, məktəb direktorları buna əməl etmir. Çünki məktəb direktorları faktiki Təhsil Nazirliyinə tabe deyil, icra hakimiyyətlərinə tabedirlər. İstədiklərini də edirlər. 

Amma diaqnositk qiymətləndirmənin nəticələri əsas götürülərək dərs bölgüsü aparılsa, bilikli, təcrübəli müəllim bilinər, başqası da baxıb görər ki, biliyini artırmasa, əmək haqqı aşağı olacaq, yaxşı müəllim kimi tanınmayacaq, ona tələbat olmayacaq, çalışar, üzərində işləyər. Diaqnostik qiymətləndirmə müsbət haldır, lakin proses qaydalara uyğun aparılsa.

Məlahət Rzayeva