İttihamlara cavab:"Azərbaycan İlahiyyat İnstitutunda keçid balı 200-dür"





Azərbaycan İlahiyyat İnstitutundan verilən məlumata görə, bu il İnstituta islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İnstitutdan həmçinin bildiriblər ki, bəzi iddiaların əksinə, İnstitutda keçid balı 100 deyil, 200-dür.

"Sherg.az"a İnstitutdan daxil olan xəbərə görə, sözügedən müəssisədə müasir sosial elmlərin metodları əsasında İslamın, eləcə də digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq.

Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dini və sosial elmlərlə yanaşı, ərəb, ingilis, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil pulsuzdur.