Deputatlar gül kimi gün keçirəcək



Keçmiş millət vəkillərinin pensiyalarının artırılması gündəmdədir


Milli Məclisin ötən gün keçirilən iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub. Keçən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib. Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub. Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Büdcə vəsaiti artırıldı

Bundan sonra Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb.  Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur. Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

“Biz niyə onları qorxutmalıyıq?”

Müzakirə zamanı deputat Tahir Kərimli təklif edib ki, maliyyə amnistisiyası elan edilsin. Millət vəkili bildirib ki, müəyyən insanlar vəziyyətdən istifadə edərək maddi imkanlarını artırıblar: “Biz niyə onları qorxutmalıyıq? Maliyyə amnistisiyası elan edək, həmin insanlar ölkədən kənara çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar. Xaricdə olan bir azərbaycanlı iş adamı ilə danışdım, Azərbaycana sərmayə qoymağa ehtiyat edir”. 
T.Kərimli qarşıdan bələdiyyə seçkilərinin gəldiyini də xatırladıb: “Çox yaxşı haldır ki, cənab prezidentin sərəncamı ilə dövlət və qeyri-dövlət qulluğunda çalışanların əmək haqları artır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiyalara köməklik lazımdır. Xahiş edirəm, bu artan pulun yarım faizi siyasi partiyaların maliyyələşməsinə xərclənsin. Partiyalarda çalışan insanların da sosial təminata ehtiyacı var”.
Müzakirədən sonra qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Sabiq deputatların pensiyası artırılacaq

İclasda həmçinin “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.  Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. 
Müzakirəyə qoşulan millət vəkili Fəzail Ağamalı pensiyada olan  deputatların pensiyasının artırılmasını təklif edib. Deputat deyib ki, sabiq həmkarları olmuş şəxslər ona müraciət ünvanlayıblar: “Keçmiş deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər. Mən dövlət qurumlarına müraciət ünvanlayaraq, bu məsələyə baxılmasını xahiş etmişəm”.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir: “Pensiyanın artırılması nəzərdə tutulur”.

“Ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin”

“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Belə olan halda, digər hakimlərin də maaşı artacaq. Bu, çox yaxşıdır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də, vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma təəssüflər olsun ki, deputatlarda belə deyil. Çünki biz əlavəni müavinət şəklində alırıq”. 
Bu sözləri isə deputat Tahir Kərimli deyib. Millət vəkili qeyd edib ki, bu müavinət də pensiya təminatında nəzərə alınmayacaq:  “Deyirlər, Vahid Tarif dərəcələri hazırlanır. Ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin. Deməyim odur ki, bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların da əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olar”. 
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq, I oxunuşda qəbul olunub.

İki qanuna dəyişiklik edildi

Toplantıda “Kredit ittifaqları haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət cəlb etməsi qadağan edilir. Yeni layihəyə görə, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq tənzimlənir. Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir. Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. Dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəzanın tələblərinin sərtləşdirilməsi ilə bağlıdır. Məcəllənin 576-cı (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması) maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xaricdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müfaviq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir. Müzakirələrdən sonra hər iki layihə səsverməyə çıxarılaraq qəbul olunub.

“Son illər BOKT-lara nəzarət zəifləyib”

“Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib: “Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasına, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçılar üçün isə attestasiya tələbi müəyyənləşdirilib”. Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.

Lombardlarla bağlı qanun yaradılır

İclasda "Lombardlar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Yeni qanun layihəsində lombardlara müddətsiz lisenziya və icazə verilməsi təklif olunub. Belə ki, sənədin 18-ci maddəsində (Lisenziya və icazə) qeyd edilib ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Qanun layihəsində bildirilib ki, lombardlara verilən lisenziya və icazə müddətsizdir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər. Həmçinin, sənəddə lombardlar assosiasiyalarının yaradılmasının mümkünlüyü barədə məsələ də öz əksini tapıb. Qanun layihəsinin 30-cu maddəsində (lombardların birlikləri və assosiasiyaları) qeyd edilib ki, lombardlar fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədi ilə birliklər və assosiasiyalar yarada bilərlər.

Lombardlar rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişləri bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq, o cümlədən faiz dərəcələrini və komisyon haqlarını müəyyən etmək üçün birlik və assosiasiyalardan istifadə edə bilməz. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə riayət etməlidir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.