“Ənənəvi KİV-lərdə çalışan jurnalistlər peşəkar olurlar...”

“Azərbaycana qarşı aparılan informasiya savaşında, ölkəmizə qarşı ittihamların zərərsizləşdirilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanmasında mediamızın böyük rolu var”

Bunu “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. 

JHİ rəhbəri vurğulayıb ki, Azərbaycan media ictimaiyyəti ölkəni informasiya ilə təmin etməklə yanaşı, eyni zamanda milli maraqların qorunması üçün də savaş verir: 

“Əminliklə demək olar ki, mediamız bu savaşdan üzü ağ çıxa bilir. Media elə bir sahədir ki, burada hər il, hər ay, hətta hər həftə dəyişikliklər olur. İstər texnoloji baxımdan, istər peşə standartları baxımından mətbuatımız durmadan dəyişir. O ölkələr özünün informasiya məkanını qoruya bilər ki, onlar dövrün yeniliklərinə uyğunlaşa bilirlər, zamanın nəbzini tuturlar. Azərbaycan jurnalistikası da daim inkişaf edir, peşəkarlıq və texniki imkanlar baxımından irəliyə doğru gedir”. 

MŞ sədrinin müavini bildirib ki, Azərbaycan mediası həm dövrün nəbzini tutmaq, həm də beynəlxalq media məkanına inteqrasiya etmək üçün daimi olaraq dövlətin dəstəyini hiss edir:

“Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev dəfələrlə jurnalistlərin dostu elan olunub. Dövlətimiz daim medianın inkişafı üçün öz qayğısını göstərib. Bu yardım sayəsində Azərbaycanda azad media mühiti yaradılıb. Eyni zamanda KİV-lərin sosial inkişafı, maddi-texniki bazasının gücləndirilməsi təmin edilib. Mediaya göstərilən dəstək öz effektini verməkdədir. Azərbaycan mediası millilik və peşəkarlıq baxımından dövlətin və xalqın yanındadır”.  

Ekspertin sözlərinə görə, ənənəvi KİV-lərdə çalışan jurnalistlər peşəkar olurlar və informasiyanın standartlarını bilirlər: 

“Ələ düşən hər informasiyanı yaymaq olmaz. Yayılan informasiyanın ilk növbədə ictimaiyyət üçün faydalılıq payı ölçülməlidir. İkincisi, o informasiyanın çatdırılmasının metodlarına diqqət yetirmək lazımdır. Çox təəssüf ki, internetin inkişafı ilə bağlı olaraq bəzən bu standartlar pozulur. Bu gün vətəndaş jurnalistikası, sosial media deyilən anlayışlar ortalığa çıxıb. Yəni, kompüteri olan, telefonu olan və internetə çıxış əldə edən hər bir şəxs potensial xəbər istehsalçısıdır. Biz onlara jurnalist yox, vətəndaş jurnalistikası deyirik. Bu epitetləri ona görə işlədirlər ki, həmin şəxsləri konkret mətbuat nümayəndəsi adlandırmaq olmaz. Xəbərin tirajlanmasına görə, onlar jurnalistika ilə məşğul olsalar da, informasiyanın standartına və peşəkarlığa görə onlar jurnalist deyillər.

Belə şəxslərin yaydıqları informasiya çox zaman cəmiyyətə fayda gətirmir, əksinə yeni katakilizmlər meydana gətirir”.