"Hər xanəndənin öz yeri var"

Mirələm Mirələmov: "Heç kim səhnədə başqa birisinin yerini tuta bilməz"

Kimisi səsinin ahənginə, rənginə görə, kimisi həm də səhnə mədəniyyətinə görə özünə bəlli bir yer tuta bilib

«Şərq»in budəfəki yay qonağı xanəndə Mirələm Mirələmovdu. Onunla muğam sənətinin bugünkü durumundan danışdıq.  

- Muğam sənəti son illər inkişaf edir. Eyni zamanda bu sahəyə axın da çoxalıb...

- 10 il əvvəl muğam sahəsi bu qədər inkişaf etməmişdi. Gənclər çətinliklə səhnəyə gəlirdilər. Bu gün muğam sahəsinə Mehriban xanımın xüsusi diqqət və qayğısı var. Dövlət səviyyəsində muğam ifaçılarına diqqət göz önündədir. Elə bu diqqətin nəticəsidir ki, gənclər muğam səhnəsinə həvəslə gəlirlər. Çünki o dəstəyi görürlər. Artıq bir neçə ildir ənənəvi olaraq muğam müsabiqələri keçirilir. Muğam müsabiqəsindən onlarla istedadlı gənc üzə çıxır, böyük səhnəyə vəsiqə qazanır. 

- Sənət adamları arasında rəqabət hər zaman olub. Estrada səhnəsindən fərqli olaraq xanəndələr arasında bu rəqabət və paxıllıq səliqəli, bir az da üstüörtülü gedib... 

- Səhnə həqiqətən çətin məkandır. Təbii ki, belə bir məkanda rəqabətin olması normal haldır. Qaldı paxıllığa, bu artıq başqa bir mövzudur. Paxıllıq hissi insanın daxili aləmi ilə əlaqədardı. Əslində heç kim səhnədə başqa birisinin yerini tuta bilməz. Hətta buna çalışsa belə. Səhnədə, tamaşaçı gözündə hər ifaçının, hər sənətçinin, xanəndənin öz yeri var. Kimisi səsinin ahənginə, rənginə görə, kimisi həm də səhnə mədəniyyətinə görə özünə bəlli bir yer tuta bilib. Mən ona paxıllıq etməklə onun yerini əlindən ala bilmərəm axı. Təəssüf ki, sənət insanları arasında bunu dərk etməyib paxıllığını çirkin şəkildə büruzə verənlər də az olmur.

- Məclislərə, toylara gedirsən. Mirələmin varlığı  məclisdə olan bəzi həmkarlarını narahat edir yəqin...

- Bu barədə danışmağa bir az ehtiyat edirəm. Çünki paxıllıq edənlər var, bunu danmaq riyakarlıq olar. Çünki toylarda tez-tez müxtəlif hadisələrlə üzləşməli oluruq. Bu günlərdə ad çəkməyəcəm, sənətçilərdən biri mənim toyda olduğumu görüb təkcə mikrofonun səsini azaltmadı. Eyni zamanda həmin müğənninin musiqiçiləri texniki avadanlıqdan elə istifadə etdilər ki, təki səsdə problem yaşansın. Mən artıq bunlara alışmışam. 

- Estrada ifaçıları bunu qalmaqallı şəkildə təqdim etməklə piar yolu seçirlər. Sizlər isə susmağa üstünlük verirsiz...

- Muğam sənəti həqiqətən məsuliyyətli və ciddi sahədir. Bir xanəndənin bir yüngül davranışı onu insanların gözündən sala bilər. Estrada müğənnilərinin qalmaqallarına alışıb millət. Amma muğam ifaçısına bunu yaraşdırmazlar. Birmənalı qarşılanmaz. Hətta problemlər varsa belə, onu efirdən, mətbuat vasitəsilə çözmürlər muğam ifaçıları. Yəqin bu da muğama olan dəyərlə bağlıdır.

- Əməkdar artist Elnarə Abdullayeva ilə bir çox səhnələri paylaşmısız. Hətta onun solo konsertində "Leyli və Məcnun" partiyasından bir parça da təqdim etdiniz. Xanım xanəndənin sənə dəstəyi bu gün nə qədərdi?

- Elnarə xanımla təkcə həmkar deyilik. Bizim ailəvi bir dostluğumuz yaranıb. Elnarə xanımın sənətinə, şəxsiyyətinə böyük hörmətim var. Qaldı dəstəyə, onu tanıdığım gündən o dəstəyini hiss etmişəm. Elnarə xanımla şəxsi tanışlığımız Şamaxıda toy məclislərindən birində başlayıb. Mən də o toyda ifa edirdim. İfamdan sonra məni masalarına dəvət etdilər. Sonra da dostluğumuz yarandı. O mənim sənətdə dəyər verdiyim xanımdı. Həqiqətən sənəti də böyükdü, ürəyi də.

- Ötən il solo konsert oldu. Bu il necə, muğamsevərlərə  yeni layihələr təqdim etmək nəzərdə tutulubmu?

- Bəli, ötən il Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış etdim. Maraqla qarşılandı. Bu il də konsert proqramı nəzərdə tutmuşam. İnşallah, ilin sonuna qədər reallaşdırmaq niyyətim var. Eyni zamanda payız aylarında Avropa ölkələrinə qastrol səfərlərimiz olmalıdır.