Tikinti şirkətlərinə vaxt verilib: evlərin sənədləşməsi təmin edilsin !

 
Nüsrət İbrahimov: “ Artıq Daşınmaz Əmlak Komitəsi bütün ölkə üzrə daşınmaz əmlakların, o cümlədən fərdi yaşayış evlərinin elektron uçot xəritəsini hazırlayır”


Daşınmaz əmlak sahəsində mövcud problemlərdən biri evlərin sənədləşməsi ilə bağlıdır. Bu məsələ uzun illərdir, müzakirə olunurdu, lakin problem həllini tapmırdı. 

Hətta uzun müddət istifadəyə verilən yeni tikililərin də bəziləri sənədsiz idi. Bu il evlərin sənədləşməsi ilə bağlı ölkə başçısı müvafiq fərman imzaladı. Bu da problemin həlli istiqamətində çox əlamətdar mühüm bir addım,qərar oldu. Məlum qərardan sonra evlərin sənədləşdirilməsi işində nəzərəçarpan fəaliyyət müşahidə olundu. Lakin son zamanlar  bu proseslə bağlı işlərin azalan xətt üzrə inkişafının şahidi oluruq.  

Maraqlıdır, görəsən proses davam edirmi və davam edirsə, işlər hansı mərhələdədir ?  

  
Məsələ ilə bağlı “Sherg.az”a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, ölkədə tikinti sektoruna nəzarət edən müvafiq qurumlar var:

“Həmin qurumlar fəaliyyələrini mövcud qanunun standart və normalarına uyğun qurmalıdırlar. Yəni, yaşayış evlərini tikən tikinti şirkətlərindən qanunvericilik normalarının qorunmasını tələb etməlidirlər. Belə olduğu halda mövcud problemlər aradan qalxacaq. Təəssüf ki, bu günə qədər bir çox hallarda həmin qurumlar bəzi tikinti şirkətlərinin tələblərinin icrasının arxa plana keçməsinə göz yumurlar. Amma ölkə prezidenti bu sahəni də öz nəzarətinə götürdü.

Artıq Şəhərsalma və Arxitektura Komitəsi, Fövqalədə Hallar Nazirliyi, icra hakimiyyətləri və digər qurumlar fəaliyyətlərində tikinti normalarının qorunmasına aid qanunvericilik tələblərini icra etməyə çalışırlar. Evlərin sənədləşməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün ölkə başçısı fərman imzaladı. Tikinti şirkətlərinə ilin sonun qədər vaxt verilib ki, problemlər aradan qaldırılsın və evlərin sənədləşməsi təmin edilsin. 

Artıq Daşınmaz Əmlak Komitəsi bütün ölkə üzrə daşınmaz əmlakların, o cümlədən fərdi yaşayış evlərinin elektron uçot xəritəsini hazırlayır. Yəqin ki, proses başa çatandan sonra da bu barədə siyasi bir qərar qəbul olunacaq. Güman edirəm ki, bu sahədə olan problemlər yaxın 5-6 il ərzində aradan qalxar və bir də təkrar olunmaz”.