"Xeyrindən, faydasından qurban verməyi borc olaraq görənlərimizin sayı çox deyil" - Fazil Mustafa 


Millət vəkili Fazil Mustafa xalqımızı Qurban bayramı münasibəti ilə fərqli şəkildə təbrik edib. Sherg.az xəbər verir ki, millət vəkili təbrik müraciətində bunları yazıb:
"Azərbaycanda kiməsə "Qurban olum!" deyəndə, cavab verir ki, "Qurbanın qoç olsun!". "Qurbanın qoç olması" anlayışı tarixən bizim şüuraltında yer alıb. Ancaq canını, vaxtını, gözünün nurunu dövlət, millət, insan və insanlıq üçün qurban vermiş insanlar Yaradanın Qurban fəlsəfəsini mahiyyəti üzrə anladıqlarından bu bayramın yalnız qoç kəsib imkansızlara paylamaqdan ibarət olmadığını anlayırlar və onlar üçün bayram həm də hər başlayan günün missiyası kimi anlaşılır. Burada hər gün ağlını, malını, əməyini insanlığa qurban vermək missiyasından söhbət gedir. Məmləkətimizdə bir narkoman qısa müddətdə on nəfəri narkotik vasitələrə alışdıra bilir. Bir yüngül həyat tərzi keçirən qadın və ya kişi qısa müddətə on nəfəri bu cür həyat tərzinə alışdırmağı bacarır. Bir cahil, özünün çevrəsində yüz cahili toplaya bilir. Ancaq bir alim özündən sonra bir məktəb yaradıb, bir-iki alim yetişdirəndə buna möcüzə kimi baxırıq. Çünki xeyrindən, faydasından qurban verməyi borc olaraq görənlərimizin sayı çox deyil. Dinin tələbi budur ki, kəsilən heyvan hökmən sağlam olmalıdır ki, Allah qatında qəbul olunsun. Sağlam ənənəyə, sağlam düşüncəyə, sağlam həyata da sağlam qurban anlayşı ilə yanaşmalıyıq, bölüşməliyik, paylaşmalıyıq. Qubanın mahiyyətini anlayan hər kəsin bayramı qutlu olsun!".
Turan