Əfqanıstanda toy vaya döndü: Terror hücumunda 62 nəfər ölüb, 182 yaralı var - FOTO

Əfqanıstanın paytaxtı Kabildə dünən gecə toy mərasimində baş verən terror aktında aralarında qadın və uşaqların olduğu 63 nəfər ölüb, 182 nəfər yaralanıb

Sherg.az xarici mediaya istinadən bildirir ki, hökumət sözçüsü Feruz Beşari Kabilin təhlükəsizlik bölgəsində yerləşən şadlıq sarayı “Qəsri Dubay”da baş verən intihar hücumunda 63 nəfər ölüb, 182 nəfər müxtəlif dərəcədə yaralandığını söyləyib. 
Yerli vaxtla saat 22.40-da gerçəkləşən hücumda, intiharçı terrorçu üzərində olan bombanı uşaqların və toyda iştirak edənlərin əyləndiyi səhnəyə yaxın yerdə partladıb. 
Əfqanıstan Prezident Adminstrasiyasının sözçüsü Sadiq Sıddıki “Twitter”də  yazaraq terror hücumunu qınayıb: “Kabildə toy salonunda baş verən terror aktı hamımızı dərindən üzdü. Bu xalqımıza qarşı törədilən mənfur cinayətdir. Bir insana dərs verərək “get özünü toyda partlat” demək necə mümkün ola bilər?” – deyə Adminstrasiya rəsmisi vurğulayıb. 
Terror aktını hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bu arada terror təşkilatı olan Taliban da hücumu qınayan açıqlamalar yayıb. 
Qeyd edək ki, şadlıq evinin yerləşdiyi küçədə avqustun 7-də təhlükəsizlik qüvvələrinə terror hücumu edilmişdi. Bu zaman 14 nəfər ölüb, ətrafda olan əksəriyyəti mülki şəxslərdən ibarət 145 nəfər yaralanmışdı. 
Terror hücumlarının son dönəmlərdə ABŞ ilə Taliban arasında sülh danışıqlarının aparıldığı vaxtda baş verməsi diqqət çəkir. 
Amerikalı yetkililər ilə Taliban təmsilçiləri arasındakı danışıqlarda Əfqanıstanda 18 ildir davam edən atəşin dayandırılmasına yaxın olunduğu, hətta avqustun sonlarında anlaşmanın ilkin detallarının qəbul ediləcəyi bildirilir.