Hərbi ekspert: "Qara qutu"dakı infromasiyalar həqiqəti əks etdirir"

“İnanmıram ki, Azərbaycan dövləti, bilavasitə Müdafiə Nazirliyi pilotun ölümünə səbəb olan hadisədə hansısa kənar qüvvənin və ya dövlətin rolu olsaydı reaksiya göstərməzdi”. Bu sözləri Sherg.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert hesab edir ki, MİQ-29 təyyarəsinin “qara qutu”sundakı məlumatlar həqiqətə uyğundur:

“MİQ-29 döyüş təyyarəsinin qəzaya uğradığı ilk gündən etibarən davamlı olaraq müxtəlif fikirlər səsləndirilir. Fikrimcə, bu ehtimalların sayı həddindən artıq çox ola bilər. Təyyarənin hansı səbəbdən qəzaya uğraması haqqında onlarla, hətta yüzlərlə ehtimallar səsləndirmək mümükündür. Əlbəttə ki, əsl həqiqəti bu sahədə fəaliyyət göstərən mütəxəssislər və aidiyyəti qurumlar bilirlər və ilkin məlumatı da cəmiyyətə çatdırıblar. Lakin vətəndaşlarımızın Müdafiə Nazirliyinin bəyənatına reaksiyası başa düşüləndir. Azərbaycan vətəndaşı fərqli bir fikir oxumaq istəyirdi. Amma nazirliyin yaydığı məlumat cəmiyyətə bir qədər fərqli formada təqdim olundu. Yəni, quş dəstəsi MİQ-29 təyyarəsinin qəzaya uğramasına səbəb olub kimi fikir cəmiyyətdə narazılıqlar qarşılanıb. Yəqin ki, xalq başqa bir məlumat gözləyirmiş”.

R.Məmmədli təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsinə qəzaya uğraması hallarının gözlənilən olduğunu diqqətə çatdırıb:

“İri, hətta sərnişin təyyarələrinin quş dəstəsi ilə toqquşması nəticəsində qəzaya uğradığı yaxud da ciddi xəsarət aldığı haqqında çoxlu informasiya eşitmişik. Hesab edirəm ki, dövlətimiz məsələ ilə birbaşa məşğul oldu və araşdırmalar aparıldı. Ona görə də “qara qutu”dakı infromasiyalar həqiqəti əks etdirir".

Qeyd edək ki, İyulun 24-də gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisənin baş vermə səbəbi təyyarənin Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması olub. Lakin bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.