İyrənc metod: Azərbaycana qara yaxmaq üçün Ermənistanı tərifləmək düşmənə xidmətdir

“Dünya siyasətinin ən önmli nüanslarından biri siyasi etika anlayışına əməl olunmasıdır”. Bu barədə Sherg.az-a açıqlamasında tanınmış jurnalist, siyasi icmalçı Tural İsmayılov deyib

Media nümayəndəsi təəssüflə bəyan edib ki, əsrlər öncə Platonun "Dövlət" əsərində ortaya qoyduğu tezisləri görməzdən gələn qlobal imperializmin kuklaları dayanmadan insanları çaşdırmağa çalışırlar: 

“Onların məqsədi ictimai rəylə manipulyasiya etmək, dəyərsizlik etalonunu siyasi təqdimat kimi insanlara sırımaqdır. Axı bir həqiqət var ki, radikal müxalifətin xaricə səpələnmiş səviyyəsiz, savadsız söyüş "Qodzillaları"ndan tutmuş özünə “savadlı” deyən, bəzi partiyalara səpələnən adamlarına kimi bir çoxu düşmən ölkənin olmayan "nüfuz"unu həmişə alternativ kimi təqdim edirlər. Utanc və rəzalət kollapsını xatırladan bu adamların iyrənc analogiyaları erməni mediasının manşetlərini bəzəyir. Xaricdəki erməni lobbilərinin maraqlarına xidmət edir”.

Ekspert vurğulayıb ki, Ermənistan dünya tərəfindən təcrid olunan, əhalisi durmadan azalan, bütün sahələrdə anarxiya və xaosun hökm sürdüyü bədbəxt bir ölkədir

“Ermənistandakı bədbəxt durumu ermənilər özləri də etiraf edirlər. Bircə demokrat maskalı erməni şinelindən çıxan dağıdıcı "panzer"lərdən başqa. Müxalifətçilik yalnız dövlətçilik şüuru olanda məqbuldur. Ermənistanı Azərbaycandan “üstün” göstərmək cəhdləri tarixi süqut və şəxsi məhvolmadır. Əminəm ki, zaman gələcək və radikal, müxalif söyüş "kamikadzeləri", erməni lobbisinin tulaları öz həqiqi zibillik qovluğunda olacaqlar”.

Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.