Dini sahədə qarışıqlıq var: "Radikal qruplar var ki, xaricdən idarə olunurlar"

"Vəziyyətin bu həddə çatmasının başlıca səbəbi cəmiyyətin dini biliklərə sahib olmamısıdır"



"Sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycanda anti-din təbliğatı aparan qruplar var". Bunu "Dini Qurumlar və QHT-lər: Birgə Fəaliyyətin Təşkili və Əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər.
G.İsmayılov bildirib ki, bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" sosial şəbəkəsində daha çox olur: "Onlar Azərbaycanda din pərdəsi altında anti-din təbliğatı aparan saytlarla bu cür təbliğat aparırlar. Həmin saytlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərirlər.Çox istərdim ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərməyi müzakirə etsin".
İlahiyyatçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında komitə sədri müavininin ciddi bir məsələyə toxunduğunu bildirdi:
- Hazırda dini durumda müəyyən qarışıqlıq hökm sürür. Qruplar, qruplaşmalar, müxtəlif məzhəblər, hətta hakimiyyətə iddialı radikal dini qruplar da var ki, xaricdən idarə olunurlar. Bunlar da bir neçə qrupa bölünür. Suriya, İraq, İran təsirli qruplardı. Başqa bir qrup da var ki, onlara “hizbi” deyilir. Bunlar cəmiyyətdə parçalanma yaradanlardı. Yalnız öz qruplarında olanlara yardım edir, kömək göstərir, qruplapında olmayanları yaxına buraxmırlar.  Məsələn, deyirlər ki, bu ölkədə məscidə getmək düzgün deyil. Çünki “ateist” ölkədir. "Hizbi" qrupların liderləri var, konkret ünvanlarda əyləşir, söhbətlər aparır və sosial şəbəkədə də aktivdirlər. Hətta internet kanalları da var və bu vasitə ilə təbliğatlarını genişləndirirlər. Təkfirçilər var ki, onlar da əsasən Misirdən, Suriyadan gələnlərdir. Öz evlərindən savayı başqa heç bir yerdə ət yemirlər ki, bilmirik bu əti kim kəsib, müsəlman, yoxsa kafir, müşrik. Halbuki həzrət Peyğəmbər zövcəsi Ayişəyə “kitab əhlinin kəsdiyi ət halaldır” demişdi və bundan sonra xanımı yeməyə əl uzatmışdı.  İran tərəfdən şiə qrupların axını var. Onların da arasında radikal olanları da var, mötədilləri də. Vəhhabilər isə bildiyimiz sələfilərdir, onlara xüsusi nəzarət olunur. Onlar da sosial şəbəkədə aktivdir. Bilirsiz, bu elə bir məsələdir ki, həlli üçün yalnız dövlət qurumunun fəaliyyəti bəs edə bilməz. Vəziyyətin bu həddə çatmasının başlıca səbəbi cəmiyyətin dini biliklərə sahib olmamısıdır. Ona görə də orta məktəblərdə din dərslərinin keçilməsi gündədə gəldi. Orta məktəb, həmçinin ali məktəb proqramına din fənninin salınması dinin yeniyetmə və gənclər tərəfindən elmi şəkildə öyrənilməsini təmin etməlidir. Efirdə dini maaarifləndirmə işi aparılmalıdır. Dövlət Komitəsi ictimai birlikləri dəvət etməli və geniş müzakirələr açılmalıdır ki, problemdən çıxış yolları tapılsın. Radikal dini qrupların təsiri altına düşməyin başlıça səbəbi məhz dini bilməmək, dini biliklərin zəif olmasıdır. Hazırda Mədinədə təhsil alıb gələnlər var ki, çox savadlıdırlar. Xalqa, dövlətə bağlı savadlı ilahiyyatçılardır. Onların biliklərindən səmərəli istifadə edilməlidir".