İqtidarla müxalifət bir araya gəldi – Nələr müzakirə olundu ?


 Bügün Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirilib. Görüşdə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri və müstəqil siyasi şərçilər iştirak ediblər. Toplantıda Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak ediblər. Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb. Görüşdə REAL və AXCP rəhbərliyindən də heç kim olmayıb. 

“İstənilən siyasi partiya ölkənin daxili maraqlarını üstün tutaraq, fəaliyyət göstərməlidir”

YAP sədrinin müavini- icra katibi Əli Əhmədov bildirib ki, xaricdə fəaliyyət göstərən, mühacir qismində sığınacaq alan şəxslərin çox məhdud dövlət yardımı ilə fəaliyyət göstərməsi, geniş siyasi təbliğat mexanizmi yaratmaq şansları yoxdur: “Onlar mütləq maliyyə dəstəyinə ehtiyac duyurlar. Ona görə bunda maraqlı olan xarici qüvvələrə xidmət etməyə başlayırlar. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən asanlıqla əldə olunan, istənilən istiqamətə yönəldilən qrupa çevrilirlər. Halbuki, hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəlidir, həm də yolverilməzdir”.

“Niyə digər münaqişələrlə bağlı da Minsk qrupu kimi vasitəçi təşkilat yoxdur?"

Görüşdə iştirak edən Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Minsk Qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir. Sərdar Cəlaloğlunun bu fikirləri YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil. Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər”. Ə.Əhmədov  Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: “Sərdar Cəlaloğlu, sən Patruşevlə danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!”.

“İqtidar və müxalifət arasındakı müzakirələr davamlı olmasa, millətimiz üçün heç bir xeyir verməyəcək”

Görüşə dəvət olunan politoloq Eldar Namazov isə söyləyib ki, belə toplantılar davamlı olmasa, tədbirdə qəbul edilən bəyanatlar da mənasız olacaq: “Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq. Dövlət başçılarına qarşı təhqiramiz addımlar artıq trendə çevrilib. Əsas problem isə kiminsə bu addımı atması deyil, insanların sosial şəbəkələrdə buna dəstək verməsidir. Bu ciddi problemi aradan qaldırmaq üçün çalışmalıyıq”. 

“Tədbirin təşkilatçısı kimi Əli Kərimlini dəvət etməməyə hüququm çatır”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı siyasi partiyaların iştirakıyla keçirilən tədbirə AXCP rəhbərliyinin dəvət edilməməsinin səbəbini açıqlayıb. F.Ağamalı bildirib ki, bunun səbəbi Əli Kərimlinin özünü siyasi mühacir müxalifəti adlandıranların yanında olmasıdır: “Baxın, mühacirlər də ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Ona görə də bu cür insanı mənəviyyatıma sığışdırıb tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”.

“Siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırış edirik”

Tədbirin sonunda birgə bəyanat qəbul olunub. Bəyanatda vurğulanıb ki, beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas proseslərin, real imkan və perspektivlərin hərtərəfli müzakirə edilməsi labüddür. Bu məqsədlə Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi üçün mühüm addımlar atılmalıdır: “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edirik. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edirik. Ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayırıq. Vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırış edirik.

Eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırırıq. Həmçinin, respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk”.