Keçmiş rəis deputatın təklifi ilə razı deyil: "Polisə həmin səlahiyyət verilərsə..."

Millət vəkili Aqil Abbas polislərə əlavə səlahiyyət verilməsini təklif edib. Deputat bu barədə parlamentdəki çıxışı zamanı bildirib. A.Abbas ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirməyin qadağan olunduğunu xatırladıb: 

“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox. Polis kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”.

Deputatın təklifi ilə heç cür razılaşmadığını deyən sabiq polis rəisi Mahmud Hacıyev Sherg.az-a açıqlamasında Aqil Abbasın ziddiyətli mövqe sərgilədiyini dedi.

Onun sözlərinə görə, Aqil Abbas hüquqşünas olmadığı və hüquq mühafizə orqanlarında işləmədiyi üçün belə təklifi səsləndirməsi düzgün deyil:

“Onun təklifi hüquqi və məntiqi baxımdan olduqca anlaşılmazdır. Polislərə əlavə səlahiyyət verilməsini hüquq mühafizə və qanunvericilik orqanlarında işləyənlər səsləndirə bilər. Ölkəmizdə “Polis haqqında qanun” qəbul olunub. Polisin özünün daxili təlimatı var. Əlavə səlahiyyətlər verəndə gərək bunun hansı səlahiyyətlər olduğunu da səsləndirəsən. Polis kimi istəyirsə saxlayır və həmin adamın üstünü yoxlayırsa, burada insan faktorundan söhbət gedir. İnsan olan yerdə hökmən neqativ hərəkətlər olur. Polislərin hamısı eyni ola bilməz. Birdən hansısa polis qanundan kənara çıxıb lüzum olmayan halda da kiminsə üstünü axtara bilər. Yəni, qanunda bu məsələ ilə bağlı birbaşa göstəriş var. “Polis haqqında qanun” kifayət qədər düşünülmüş, hüquqi və məntiqi qanundur. Əlavə səlahiyyət verməklə polis istədiyi adamı saxlasın və üstünü arasın, bu zaman mütləq qaydada qanun pozuntusu olacaq. Bu da əlavə söz-söhbət yaradır”.

 

Mahmud Hacıyev: "Birdən hansısa polis qanundan kənara çıxıb, lüzum olmayan halda da kiminsə üstünü axtara bilər"


M.Hacıyev bildirdi ki, SSRİ dönəmində və müstəqilliyin ilk illərində axtarış səlahiyyəti prokurorluğa verilmişdi:

“Yəqin Aqil Abbas bunu bilmir. Təxirə salına bilməyən hallarda kimin üstünü axtarmaq olar və bu axtarışlar hansı formada yerinə yetirilməlidir? Bu zaman prokurorluq sanksiya verirdi və əməliyyatçılar axtarışı həyata keçirirdi. Sonra isə biz Avropa Şurasına üzv olduqda belə qərar verildi ki, səlahiyyət prokurorluq orqanlarından alınıb məhkəmələrə verilsin. Beləliklə axtarışlara məhkəmələr qərar verirdi. Lakin bu qərara gözəl bir əlavə də var idi. Əlavədə deyilir ki, təxirə salına bilməyən hallarda məkhəmənin qərarı olmadan da axtarışı etmək olar”. 

Ölkəmizdə polislərin tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirməsinin qadağan edilməsi məsələsinə gəlincə M.Hacıyev söylədi ki, bu məqam kriminalistika elmində öz əksini tapıb:

“Hüquq elmləri tarixində ən qədim elm kriminalistikadır. Bu elmin 200 illik tarixi var. Bıçağın soyuq silah olub-olmaması haqqında kriminalistika elmində dəqiq məlumat var. Kriminalistika sırf istintaq taktikası, texnikası və ayrı-ayrı cinayətlərin istintaq metodikasından bəhs edən qədimi və hüquqi elmdir. İstinaq taktikası məlumdur. Bəs istintaq texnikası hansıdır? Kriminalistikanın ekspertiza şöbəsi var. Həmin şöbənin də “Trasologiya” bölməsi mövcuddur. Çox güman ki, Aqil Abbasın trasologiya bölməsindən də xəbəri yoxdur. Bu bölmə dəqiqliklə göstərir ki, hansı bıçaqlar istintaq gedişatında tutulursa və cinayətkar ondan istifadə edirsə, o zaman istintaqçı kriminalistik ekspertiza təyin edir. Kriminalistik ekspertiza rəy verir ki, tutulmuş bıçaq soyuq silah hesab oluna bilər ya yox? Rəy zamanı həmin alət soyuq silah adlanmırsa, bu zaman cinayətkar bir maddədən azad olur. Çünki soyuq silah gəzdirmək qanunda ayrıca bir maddə hesab olunur. Yox əgər trasologiya bölməsi cinayətdə keçən bıçağın soyuq silah olduğu haqqında rəy verirsə, onda cinayətkar 2 maddə ilə ittiham olunur. Aqil Abbas 200 il tarixi olan kriminalistika elminə yenilik gətirmək istəyir? Kriminalistikanın 3 sahəsi var. Onlardan biri istintaq texnikasıdır. İstintaq texnikasının da digər sahəsi trasoloji ekspertizadır. Bu ekspertizada cinayətdə istifadə olunan alətlər haqqında qəti rəy verilir. Buna Aqil Abbas qərar verə bilməz”.