Yaddaşları "toz basıb": Yaşlı insanlar evin bərəkəti, ruzisi əmin-amanlığıdır

Qocalar ev-eşikdən uzaq düşüb, xətir-hörmət qalmayıb deyə, it kimi biri-birimizi tuturuq



Bir hind filmində oğul anasını başqa şəhərə gəzməyə aparmaq adı ilə aldadaraq Qocalar Evinin qarşısına gətirir və “ana, burda dayan, mən indi gəlirəm” deyib aradan çıxır. Ana Qocalar Evinin qapısında bir neçə saat oğlunu gözləyir. Susayır və içəri keçir ki, su içsin. Burada məlum olur ki, qadının adı Qocalar Evinin qeydiyyat kitabına salınıb. Qadın uzun müddət buna inanmır və “oğlum ardımca gələcək” deyərək orada gecələməkdən israrla imtina edir. Sonunda taleyi ilə barışır. Və Qocalar Evinin özü kimi qəlbi sınıq sakinləri ilə isinişir…
Özbəkistanda “Ahıllar həftəsi” keçiriləcəyi xəbəri o filmi yadıma saldı.    

Ümumiyyətlə, bəzimizin “geridəqalmışlar” deyib bəyənmədiyimiz özbəklər son zamanlar əhəmiyyətli təşəbbüslərə imza atırlar. Toy və yas mərasimlərinə çəki-düzən verilməsinə də ilk olaraq bu ölkədə başlanıb. Özbəkistan hökuməti toy və yas mərasimlərində israfçılığın qarşısını almaq və əndazəni qorumaq məqsədilə sərt qaydalar tətbir edib. Növbəti layihə isə ahıllarla bağlıdır. Bundan belə hər il oktyabrın ilk həftəsi bu ölkədə “Ahıllar günü” kimi qeyd ediləcək. Özbəkistan hökumətinin “Yaşlı nəslin nümayəndələrinin cəmiyyətdəki rolunun və sosial fəallığının artırılması üzrə tədbirlər planı” haqqında” qərarına əsasən, ölkədə “Ahılların məsləhətxanası” adlı qruplar də fəaliyyət göstərəcək. Bu qruplar yaşlı adamların ünvanlarını müəyyənləşdirəcək, onların problemlərinin həlli ilə məşğul olacaq. Həmçinin, “Özbəkistana səyahət” proqramı çərçivəsində ahılların respublikanın tarixi yerlərinə səyahəti təşkil olunacaq. 
     

Kanada balacalarla böyükləri doğmalaşdırır


Özbəkistan nümunəsi həm də Kanada təcrübəsini bir daha xatırlatdı. 
Kanadada uşaq evi və qocalar evini birləşdirmək kimi möhtəşəm bir layihəyə imza atılıb. Nəticə isə gözləniləndən də yüksək olub; yaşlılar “nəvələr”ini tapıblar, ata-anasız uşaqlar isə nənə-baba sevgisi və qayğısı hiss ediblər.
Həkimlər həmin yaşlıların bütün həyati funksiyalarının yaxşılaşdığını, gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını müəyyən ediblər.
Uşaqlar gələnə qədər yaşlıların sönük gözləri onları mumiyaya bənzədirdi. Uşaqlardakı sıxıntı, qorxu, kədər, güvənsizlik hissi isə şıltaq səs-küylə əvəz olunub.



Kimsə heç vaxt sahib olmadığı ailəyə sahib olub, kimsə nəvələrlə əhatələnib. Bu möhtəşəm ideya haqda eşidən hər kəs müəllifi alqışlayır.

Təəssüf ki, belə uğurlu layihələr haqqında sadəcə eşidirik, həm də uzaqlardan. Bizdə hələ ki, belə uğurlu tapıntılara imza atılmır. Məsələ, yaşlılara, Qocalar Evi, yaxud da uşaq evlərinə sosial qayğıdan, maddi təminatdan getmir. İstər yaşlı olsun, istər uşaq, gənc… tənha insanların əsas dərdi məhz tənhalıqdır. Onların normal təminatı, yemək, geyim, gecələmə  problemi olmaya bilər. Amma onların ünsiyyət, ürək dostu problemi var həmişə. Ürəkdəki bu ağırlığı yüngülləşdirmək üçünsə, onları dinləyəcək, onlara zaman ayıracaq, həsrət qaldıqları ailə ortamını, övlad, nəvə sevgisini canlandıra biləcək layihələrə ehtiyac var. 

Bizdə də Qocalar, Uşaq evlərinə bayramlarda sovqat aparılır. Bayram konsertləri təşkil olunur. Qocalar da, uşaqlar da sevinir, rəqs edir, şirniyyatlara qonaq edilirlər.  Amma bu, qısamüddətli sevinc, qısamüddətli xoşbəxtlikdir. Qalıcı deyil. Kanada, indi isə Özbəkistanda həyata keçirilən sosial layihələr kimsəsizlərin uzunmüddətli və qalıcı xoşbəxtliyi üçün düşünülüb. 

Gənclərin yaddaşının “ximçistka”ya ehtiyacı var 


Yazıçı-dramaturq Seyran Səxavət “Şərq”ə açıqlamasında Özbəkistanın təşəbbüsünü alqışladığını dedi:

- Lap əla xəbər oldu. Məni çox təəccübləndirdi. Sağ ol, özbək?!.. Özbəklərin sağ əli bizim başımıza.  21-ci əsrin qəddar nüansları var. İnsanlar arasında münasibətlər sıfır, hətta sıfırdan da aşağıdır. Belə layihələr nəsillər arasında bağları gücləndirir, möhkəmləndirir. Tarixdə bəzən elə hadisələr baş veriri ki, onu zamanın axarına buraxmaq lazım gəlir. Çünki bəzən özbaşına axın sonunda məntiqi nəticəyə varır. Amma bəzən zamanı axarına buraxmaq olmaz. Əgər axarda məntiq yoxdursa, gərək müdaxilə edəsən və düzgün məcraya yönəldəsən. Belə görünür ki, özbəklər yanlış yol almış axarın qarşısını kəsib doğru məcraya yönəltməyə çalışırlar. Gənclərin, orta nəslin də ahıllardan qopmasının qarşısını almaq istəyirlər. “Qocalar evi” son dövrün məhsuludu. Əvvəllər kim aparıb atasını, anasını Qocalar Evinə qoya bilərdi? Öz kəndi, şəhəri, qohum-əqrəba, qohum-qonşunun qınağından çəkinərdi. Heç kimin ağlına da gəlmirdi ki, ata-ananı aparıb hökumətə “təhvil” vermək olar.



Amma getdikcə bu işlər qanuniləşdi, hətta sevinirdilər ki, ə… nə yaxşı aparıb yerləşdirə bildik. Daha əl-ayağa dolaşmayacaq. Qocaların əksinə, evdə əl-ayağa dolaşması vacibdir. Çünki onlar ailəni, çox şeyi tənzimləyirlər. Qocalar ev-eşikdən uzaq düşüb, xətir-hörmət qalmayıb deyə, açıq deyəcəm, it kimi biri-birimizi tuturuq. Yaşlı insanlar evin bərəkəti, ruzisi, əmin-amanlığıdı. Ahıllara diqqəti artırdıqları üçün özbəklərə sağ olsunlar, deyirəm. Cavanların yaşlılarla ünsiyyət qurması, onlara xidmət göstərməsi həm də yaddaşın təzələnməsidir. Cavanları da özbaşına qoymaq olmaz. Gərək mütəmadi yaddaşlarınını tozu alınsın. Yaddaşı da hərdən “ximçistka”ya vermək lazımdı. Həkimlər də deyir ki, təkliyi unutdurmaq sağlamlığa xeyirdi. Bu futbol oyunları təkcə idman yarışması deyil. Həm də mənəvi terapiyadır. İnsan gedir stadiona oyun izləməyə. Orda elə bir emosional mühitə düşür ki, bircə insan olduğunu xatırlayır. Başqa heç nə. Bu, terapiyanın bir növüdür. Problemləri qısa müddətə olsa da unutmaq insanın sağlam həyatının ömrünü uzadır. Yaşlılarla gənclər arasında böyük məsafə var. Ağzından süd iyi, bəzən də araq iyi gələn gənclər üçün bu məsafəni qısaltmaq lazımdı ki, həyatı dərk etsinlər, yaşlılarsa gənclərin onlara qayğısını görüb həyatdan küsməsinlər.    

Atma məni, ataram səni...


Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında Özbəkistan və Kanada təcrübəsinin bizdə də reallaşmasını arzuladı:

- Mən bu barədə KİV-lərdə məlumat oxudum və özümə dedim ki, bu, çox uğurlu nəticə verəcək.  Uşaq evlərinin də, qocalar evlərinin də sakinləri ailə sevgisi hiss etmədən yaşayır. Orada çalışan personal nə qədər qayğıkeş, diqqətli olsa da, bu heç vaxt ailənin yerini verə bilməz. Nə gözəldi ki, o uşaqlara, qocalara nənəlik, babalıq və nəvəlik duyğuları yaşadılıb. Baxmayaraq ki, bu insanlar arasında bioloji qohumluq əlaqələri yoxdur, yaşlılarla uşaqların görüşü, birgə yaşayışı hər iki nəslin nümayəndələrinə məhrum qaldıqları doğmalıq, birgə yaşayış və ailə sevinci hisslərini duymağa kömək edir. Baba-nənə nəvəyə qayğı göstərir, nəvələr baba-nənəyə nəvaziş göstərir. Əlbəttə, çox istərdim ki, bizdə də bu təcrübədən yararlansınlar. Amma, inandırıcı görünmür. Çünki bizdə uşaq evlərinə, qocalar evlərinə ziyarətlərə bürokratik əngəllər yaradılır. Şəxsən biz valideynlər istəmişik uşaq evinə gedək, o qədər uzun bir prosedur qarşımıza çıxdı ki, artıq əlimiz işdən soyudu. Belə olmaz. İnsanların xeyirxah əməllərinin qarşısı süni əngəllərlə kəsilməməlidir. 



L.Mehralı Özbəkistan variantının sevindirici olduğunu dedi:

- Elə yaşlı insanlar var, aylarla, bəlkə il boyu qapılarını bir doğmaları açmır. İnsanın sevgiyə, şəfqətə, mərhəmətə ehtiyacı var. Xüsusilə də doğmalarının, övladlarının qayğısına. Gənclərin onlara diqqət, qayğı göstərməsi övlad qayğısı qədər təsirlidir. İnsan yaşlaşdıqca cavanlaşmaq istəyir. Gənclərlə ünsiyyət yaşlı insanlarda həyata bağlılıq hissini gücləndirir. Yaşlı insanlara ildə bir-iki dəfə, hansısa bayramda yox, il boyu qayğı göstərilməlidir. Yaşlı insanlarla söhbət edəndə etiraf edirlər ki, övladlarına bəslədikləri sevginin min qatını nəvələrinə qarşı hiss edirlər. İndi siz təsəvvür edin, bu necə böyük bir sevgidir. Nəvə sevgisindən məhrum olmuş yaşlı insanlara bu hissi yaşatmaqdan gözəl, xeyirxah daha hansı əməl ola bilər?! Bu, ən müqəddəs bir işdir. Nəvənin baba, nənə tapması, baba-nənənin də nəvəyə sahib olması hər iki tərəf üçün mütləq xoşbəxtlikdir. 



L.Mehralı qeyd etdi ki, sosioloq və psixoloqlar ailə ortamında yaşayan və ana südü ilə qidalanan və qidalanmayan uşaqlarla bağlı sorğular keçiriblər. Alınan nəticə insanı düşünməyə vadar edir:

- Səhv etmirəmsə, Rusiyada belə bir araşdırma aparılmışdı və məlum olmuşdu ki, uşaq koloniyasındakı uşaqların 87 faizi ana südü ilə qidalanmamış uşaqlardır.  Demək ki, ana sevgisindən məhrum böyüyən uşaqlar arasında cinayətə meyillilik riski daha artıq olur. İnsanlığa sevginin ötürücüsü, yönləndiricisi isə ana südüdür. Ana südü gələcəkdə uşağın istiqamətini müəyyənləşdirəcək kompasdı. İnsana ən lazımlı informasiyalar məhz ana südü ilə ötürülür. Son zamanlar insanlar arasındakı bu soyuqluğun əsas səbəblərindən biri körpələrin ana südündən getdikcə uzaqlaşdırılmasıdır. Ana südü uşağa kim olduğunu bildirir. Valideyn, nənə-baba sevgisi də bu yolla şüuraltı ötürülür. Bundan məhrum olanda isə bağlılıq qırılır. İnsanlar bir-birinə yadlaşır, ögeyləşir. Nəticədə də Qocalar Evi, uşaq evləri kimi sosial təsisatlar yaranır. Uşaq evlərində də uşaqlar valideyn sevgisindən məhrum, həyatdan küskün böyüyürlər. Kimsəsiz, atılmış uşaqları baba-nəvə sevgisi ilə əhatələmək onları həyata bağlayır. Bu cür layihələr qocaları, ahılları sevindirmək, onlara ömürlərinin qürub çağında xoşbəxtlik hissi yaşatmaqla yanaşı, məncə, daha çox uşaqlara, gənclərə gərəkdir. Çünki gənclərin yaşlı nəsillə təması həyatı dərk etmələri və kökə-soya bağlılıq baxımından əvəzsizdir.