"Sülh çeşməsi"nə etirazlar: Türkiyənin qlobal gücə çevrilməsindən narahatdırlar - AKTUAL 

“Türkiyənin ABŞ, Rusiya və İrandan daha çox Suriyada qalmaq hüququ var”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Avropa Birliyinin Türkiyəyə etirazı Ankaranın regional gücdən qlobal gücə çevrilməsini narahatlığından irəli gəlir: 

“Türkiyə kifayət qədər xarici siyasətində müstəqil hərəkət edərək, öz milli təhlükəsizliyini və suverenliyini qorumaqda prinsipiallıq göstərir. ABŞ və AB ölkələri də məhz Ankaranın bu siyasəti qarşısında pat vəziyyətə düşüblər. Əslində Avropa İttifaqı və Amerikanın təşvişi Türkiyənin hansısa terror təşkilatına savaş açması deyil. Narahatlıq Ankranın onlarla hesablaşmamasıdır. Bundan əlavə, hərbi əməliyyatlarla Ərdoğanın siyasi nüfuzunun daha da yüksəlməsindən ehtiyat edirlər. Çünki, Ərdoğan Qərbin qarşısında Türkiyəni kifayət qədər müstəqil dövlətə çevirib”. 



Politoloq: "Bu əməliyyat həm də Suriyanın ərazi bütövlüyünü təmin etmək məqsədi daşıyır"


Siyasi şərhçinin sözlərinə görə, Türkiyə 911 kilometrlik Suriya sərhəddini nəzarətə götürərək, geosiyasi maraqlarını kifayət qədər gücləndirəcək: 

“Ankara Suriyada hərbi əməliyyatlar aparmaqda haqlıdır. Çünki Suriya ilə həmsərhəddir. Bəs bu ölkə ilə sərhədi olmayan ABŞ, Rusiya və İranın orada nə işi var?! Vaşinqtonun Türkiyəyə qarşı sanksiya bəyanatları sadəcə sabun köpüyüdür. Artıq Rusiya və İran kimi Ankara da Suriya məsələsində əsas söz sahibidir. Türkiyə qətiyyətli mövqeyi ilə böyük areala nəzarət etmək və kürd terrorçuları zərərsizləşdirmək şansı qazanır. Nəzərə almaq lazımdır ki, bu əməliyyat həm də Suriyanın ərazi bütövlüyünü təmin etmək məqsədi daşıyır. Əgər Türkiyə bölgədə hərbi əməliyyata başlamasa, Suriya bir neçə yerə bölünəcək”. 

Analitikin fikrincə, YPG terrorçularının müqaviməti nəticəsiz qalacaq: 

“Terrorçuların Əsəd rejimi ilə danışıqlara gedib, Türkiyəyə qarşı ittifaq qurmaq təklifi Dəməşq tərəfindən qəbul edilməyəcək. Türkiyənin bu əməliyyatdan sonra Moskvanın vasitəsi ilə Əsəd rejimi ilə əlaqələri bərpa edilə bilər”.