Cahangir Məmmədli: "Heç bir təhsili, diplomu olmayan “jurnalistlər” mediada at oynadırlar" - MÜSAHİBƏ

İnformasiya saytının yaradıcısı, qurucusu, redaktoru hesab edilən adamın heç olmasa, ali təhsili, jurnalistika təhsili olmalıdır 


Bəzən 10-cu sinfi də bitirməyənlər mediaya axın ediblər. Onları mətbuat dünyasına gətirənlər var. Hətta telekanallarda da belə hallara rast gəlmək mümkündür



Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli “Şərq”in suallarını cavablandırıb. Professor Prezident İlham Əliyevin Azərbaycan mətbuatındakı mövcud problemlərlə bağlı səsləndirdiyi fikirlərə, çap mətbuatının yerini elektron mediaya verməsinə dair iddialara, jurnalistikada peşə dəyərlərinin itməsinə münasibət bildirib. C.Məmmədli jurnalistlərin cəsarətsizliyi, mətbuatın problemləri  işıqlandıra bilməməsi, Azərbaycanda məmur mətbuatını yaradılmasının ziyanlı tərəflərinə diqqət çəkib. Bundan başqa, o, sosial şəbəkələrin informasiya mənbəyi kimi istifadə olunması, ümumən bu platformada söyüş və təhqir kampaniyasının geniş vüsət alması, bundan xilas yolları, mətbuatda dil normalarının kobud şəkildə pozulması və nəhayət 18 oktyabr Azərbaycanın müstəllik günü və başqa məsələlərə aydınlıq gətirib.

-Prezident 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədə mətbuatdakı bəzi problemlərə də toxundu. Ölkə başçısı qeyd etdi ki, islahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda:"Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir". Cahangir müəllim, vəziyyət niyə bu həddə çatdı? 

-Məmurların bir-birini qaralamaq üçün mətbuatdan istifadə etməsi çox aktual məsələdir. Yaxşı ki bu məsələni şəxsən Prezidentin özü qaldırdı. Məlum mövzunu biz özümüz- jurnalistlər mediada müzakirəyə çıxarmalıyıq. Siz də çox sağ olun ki,bu sualla artıq prosesi başlatdınız. Həqiqətən də belə hallar var. İnternet dünyasıdır. İnternet dünyası söz azadlığının ideal formatıdır. Bu ideallıqdan adam kimi istifadə etmək lazımdır. İnsanın içində bir senzura olmalıdır. Məmurlar bir-birinə böhtan atmaq, bir-birininin paxıllığını çəkmək prosesini unutmalıdırlar. Hamı Azərbaycan dövləti və dövlətçiliyinə xidmət etməlidir. Düşmənlərimiz az deyil axı?! Xaricdə və qonşuluqda düşmənlərimiz var. Heç olmasa, özümüz-özümüzün qədrini bilək. Bu işdə mətbuat olduqca ciddi maarifçilik işi görməlidir. Bəzi məmurlarımız saytlarda, hətta sosial şəbəkələrdə açılmış xüsusi səhifələrdə biri-birlərini biabır edirlər. Bir-birinə böhtan atırlar, təhqir edirlər. O səhifələrdəki yazılara baxıram və çox məyus oluram. Namuslu insanları ləkələməyə cəhd göstərirlər. Düzünü deyim ki, adam nə etməli olduğunu bilmir. Biz yığışmalıyıq. Mətbuat səhifələrində sözümüzü deməliyik. Bu gün BDU-nun jurnalistika fakültəsində müəllimlər yığışdıq,  bir yerdə müzakirə etdik. Bildirdik ki, biz öz sözümüzü deməliyik. Çünki o sözü demək daha çox bizim üzərimizə düşür. Maarifləndirmə işini gücləndirməliyik. Bu mənada ölkə başçısının qeyd etdiyi o nöqsanlar mətbutda çox qabarıq görünür. Çox arzu edərdim ki, məsələni öncə biz qaldıraq və dövlət, hakimiyyət səviyyəsində onu müzakirə etsinlər. Amma indi elə vəziyyət yaranıb ki,  cənab Prezident məsələni qaldırır və sonra biz onu müzakirə edirik. Bəzən belə nöqsanlara  o qədər etinasız yanaşırıq ki, Prezident məcbur olub, problemi özü qaldırır.  Bütün hallarda Prezident nöqsanları göstərdi, indi biz ölkə başçısının ətrafında birləşməliyik. Və mövzu ilə bağlı ciddi müzakirələr aparmalıyıq.

- Çox incə bir nüansa, məqama toxundunuz. Bildirdiniz ki, jurnalistlərin qaldırmalı olduğu məsələni ölkə başçısı qaldırır. Biz isə ondan sonra hərəkətə keçirik. Yəni media problemi görə bilmirmi, yoxsa hansısa mübhəm məsələlərə görə, görüb görməzdən gəlir? 

- Bugünkü jurnalistlərimiz ya bir az cəsarətsizdirlər, ya da etinasızdırlar. Bu faktı xüsusi qeyd etmək istəyirəm. Ümummilli lider Heydər Əliyevin 1969-1970-ci illərdə birinci katib işlədiyi dönəmdə dəfələrlə şahidi olmuşam ki,  “Kommunist” qəzeti bir felyeton dərc edib, bu yazıda o qədər ciddi problemə toxunub ki, Mərkəzi Komitənin Bürosu həmin məsələni müzakirəyə çıxarıb və tədbir görüb. Biz jurnalistlər olaraq bu məsələləri unutmuşuq. Sizin fikirlərinizi dəstəkləyirəm və düşünürəm ki, belə hadisələrə etinasız yanaşmaq olmaz. Bu mənə də aiddir, biz yaşlı nəslə də, gənclərə də... Feysbukda status yazmaqdan o tərəfə keçmirik. Status hər şeyi həll etmir.  Təhlili materiallar yazmaq lazımdır. Azərbaycanın problemlərini  yazmalıyıq. Baxın, cənab Prezident vurğuladı ki, məmurlar şişirdilmiş rəqəmlərlə işləyirlər. Biz bunu görmürük? Əlbəttə, görürük, amma etinasızlıq edirik. Yaxşı ki, ölkə başçısı bu məsələni qaldırdı.  İndi biz cəsarətlənəcəyik. Amma cəsarətimiz bunlardan qabaq olmalıdır. Çox təəssüf ki, biz həmişə yuxarıdan deyiləndən sonra ayılmağa başlayırıq. Yenə bu da bir işdir. Allaha şükür ki, belə oldu. Ölkə başçısının məlum fikirləri jurnalistika fakültəsində dərslərə müsbət təsir göstərəcək. Mətbuat Şurası da bir iclas çağırmalıdır. Hamımız birgə müzakirə aparmalıyıq. 

- Son zamanlar klassik media ənənələri qırılır. Düşünürəm ki, bir "söz əsgəri"nin "söz generalı" qarşısında peşəkarlıqdan danışması bir az özündən müştəbehliyin göstəricisidir. Amma məqamı yetişmişkən deyim ki, bəzi qeyri-peşəkar saytların meydana gəlməsindən sonra mətbuatda peşəkarlıq,  medianın prinsipləri və qızıl qaydalarına əməl etmək arxa plana keçib. Sizcə, necə etmək olar ki, mediada qızıl qaydalar, klassik ənənələr, peşəkarlıq və prinsiplər itməsin? 

- Klassik ənənələri bilməyən, bu ənənələrə itaətsizlik edən adam necə jurnalist ola bilər ki?! Azərbaycan jurnalistikasının ən azman nümayəndələri klassikadan gəliblər. Ona görə klassika sözünü işlədirik ki, həyatımızın bütün anlarında - keçmişdə, bu gün  və sabah da o klassika deyilən söz həmişə müasir və aktual  olub. Biz klassikaya etinasızlıq edirik. Bu gün internet dünyasıdır. Qeyri peşəkarlar, hətta 10-cu sinfi bitirmiş adamlar, bəzən  10-cu sinfi də bitirməyənlər mediaya axın ediblər. Onları mətbuat dünyasına gətirənlər var. Hətta telekanallarda da belə hallara rast gəlmək mümkündür. Xüsusi olaraq saytlarda bu hal geniş yayılıb. Heç bir təhsili, diplomu olmayan  “jurnalistlər” mediada at oynadırlar.  Həmin məsələlərlə bağlı ciddi fikir mübadiləsi aparılmalıdır. Qeyri-peşəkar, ali təhsili olmayan, hətta bəzən attestatı belə olmayan insanların mediaya ayaq açmasının qarşısını almaq lazımdır. Mən deyəndə ki, jurnalist heç olmasa, jurnalistika fakültəsini bitirmiş olsun, onda deyirlər ki, Cahangir müəllim qısqanclıq edir. Qətiyyən belə deyil. Bizim azman jurnalistlərimiz var ki, qeyri-ixtisasdan gəliblər, amma onlar peşəkar jurnalistika ənənələrini, klassikanı qoruyurlar. Bu ənənələrə bələddirlər. Klassik media ənənələrinə əməl olunmayanda belə acınacaqlı vəziyyət yaranır. Xüsusi olaraq informasiya saytının yaradıcısı, qurucusu, redaktoru hesab edilən adamın heç olmasa, ali təhsili, jurnalistika təhsili olmalıdır. Jurnalistikanın peşə qaydalarını bilən adam  heç vaxt təhqir və böhtana yol verməz. Fikir verin, Azərbaycan media dünyasında jurnalistikanı bitirmiş bir nəfərin söyüşə, təhqirə görə məkhəməyə çəkildiyini görmüsünüzmü? Onun təhqirə yol verdiyinin şahidi olmusunuzmu? 
Demirəm ki, hökmən BDU-nun jurnalistikasını bitirmək lazımdır. Digər ali məktəblərin də jurnalistika fakültəsini bitirmək olar. Əsas odur ki, həmin adam klassik media prinsiplərinə xəyanət etməsin. Ali təhsili olmayan adamı nə sayta rəhbər qoymaq olar, nə də qəzetə. Ümumiyyətlə, ali təhsili olmayan adamın bu sahəyə gəlməsinin qarşısını almaq lazımdır. Belə bir təkliflə çıxış edirəm ki, bu məsələ qanuniləşdirilsin. Sayt, qəzet rəhbəri peşəkar olmalıdır. Mətbuat bütün hallarda qınağı və maarifçiliyi davam etdirməlidir.

- Son illər mətbuatın maarifçilik missiyası az hiss olunur. Az qala mediamız yalnız xəbərləmə işi ilə məşğul olur. Artıq media maarifçilik missiyasını başamı vurub? 

- Mən tərif üçün demirəm. Bizim tələbələrimiz “Şərq” qəzetini oxuyur. Biz “Şərq”ə abunə kampaniyasını davam etdiririk. Heç kim “Şərq”ə minnət qoya bilməz. Çünki “Şərq” yüksək səviyyədə çıxır.  Hər nömrəsində Azərbaycanda hökm sürən problemləri ortaya qoyan qəzetdir. Nöqsanları o qədər yüksək səviyyədə və peşəkar şəkildə ortaya qoyur ki, o yazıları oxuyanda mən özüm də bu yaşımda maariflənirəm. Qəzet belə çıxmalıdır. Qəzetlər maarifçilik missiyasını daim davam etdirməlidirlər. Bu amili kənara atmaq olmaz. Qəzetin ən başlıca missiyalarından biri məhz cəmiyyəti maarifləndirməkdir. Bu mənada “Şərq”ə təşəkkür edirəm. “Şərq” ölkədə problemləri obyektiv, ədalətli və peşəkar səviyyədə göstərən 1 nömrəli qəzetdir. Bu mənim şəxsi fikrimdir. 

- Deyirlər ki, print media sıradan çıxmaq üzrədir...

-Xeyr, bu, belə deyil. Baxır kim, hansı tip qəzet buraxır. Mən hər səhər Türkiyə telekanallarına baxıb, informasiya alıram. Qardaş ölkədir, oradakı narahatlıq məni də dinc buraxmır. Hər səhər Türkiyə telekanalları səhər proqramlarını qəzetlərlə başlayırlar. Qəzetləri efirə qoyub, oradakı tematikanı təhlil edirlər. Bizim qəzetlər də o səviyyəyə gəlib çıxmalıdırlar. Amma hazırda o səviyyə yoxdur.

- Azərbaycanda məmur mətbuatı anlayışı var. Cənab Prezident də bu və ya digər formada həmin məsələyə diqqət çəkdi. Sizcə, məmurun mətbuatı olmalıdırmı və ya mətbuat niyə hansısa məmurdan asılı olmalıdır? Bu məsələləri necə həll edə bilərik?

- Sizə bir məsələni xatırladım. Ümummilli liderimiz jurnalistlərlə dəfələrlə görüşüb. Həmin görüşlərin birində ulu öndər bir fikir səsləndirdi. Və o fikir indiki kimi yadımdadır. Söylədi ki, Azərbaycandakı nöqsanların tənqidini yalnız müxalifyönlü mətbuatın  öhdəsinə buraxmaq olmaz. Yəni iqtidaryönlü qəzetlər də o tənqidləri öz səhifələrinə çıxarmalıdırlar, onlar da problemləri işıqlandırmalıdırlar. Bizim rəsmi qəzetlərimiz bundan nəticə çıxarmalıdır. Rəsmi qəzetlərimizin səhifələrində tənqidə rast gəlmək olmur. Müxalif qəzetlər isə hər şeyi şişirdərək təqdim edirlər. Adını unutduğum müəlliflərdən biri yazır ki, müxalif qəzetlər dünyaya gözlərini bərəldib, baxır, sanki, heç nə yerində deyil. İqtidaryönlü qəzetlər isə dünyaya gözlərini yumub baxır, sanki, hər şey qaydasındadır. Bu gün bizim söykəndiyimiz qəzetlər müstəqil qəzetlərdir. Amma yenə də bildirirəm ki, rəsmi qəzetlər də bu işə ciddi yanaşmalıdırlar və  onlar Prezidentin ortaya qoyduğu problemləri işıqlandırmalıdırlar.  Rəsmi qəzetlərdə də tənqidlər görməliyik.  

- Qeyd etdiniz ki, sosial şəbəkələrdən istifadə edirsiniz...

- Çox aktiv deyiləm, amma istifadə edirəm...

- Hesab edirəm ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki vəziyyəti bilməmiş deyilsiniz. Doğrudur, sosial şəbəkənin üstünlükləri çoxdur. Yəni bu platformadan istifadə edənlər  həm informasiya verir, həm də informasiya alırlar. Bu mənada artıq dünyanın aparıcı media quruluşları sosial şəbəkələrə informasiya mənbəyi kimi yanaşırlar. Amma bizdə az qala söyüş, qarayaxma platformasına çevrilib. Niyə bu imkandan təyinatı üzrə istifadə edə bilmirik? 

- Əlbəttə, sosial şəbəkə medianın yeni qanadıdır. Bu var, bu, bir  faktdır. Amma  biz bu yenilikdən, fürsətdən faydalana bilmirik. Hər kəs ailədə, məktəbdə, universitetdə uşaqlara aşılamalıdır ki, onlar bu platformadan nə üçün istifadə etdiklərinin fərqində olsunlar. Bu platformaya ciddi yanaşmaq lazımdır. Burada bizi düşmən də izləyir. Üstəgəl, sosial şəbəkəni söyüş, təhqir platformasına çevirmək olmaz. Bir çox Avropa ölkəsində bu cür təhqir və böhtan xarakterli sözlərə qarşı lüğət tərtib ediblər və qadağalar qoyublar. Elə sözlər var ki, Fransa, İngiltərə, Almaniya və İsveçrədə o sözlər internetdə keçmir. Sosial şəbəkə o sözü texniki cəhətdən qəbul etmir. Həmin kəlmələri sosial şəbəkələrdə yazmaq mümkün olmur. Onlara texniki qadağa var. Bəlkə, biz də elə bir sistem tətbiq etmək üçün lüğət hazırlayaq. Söyüş dolu rəy və paylaşımları texnika qəbul etməsin. Belə texniki vasitə var və biz də təcili şəkildə onları işləyib, ortaya qoymalıyıq.

- Azərbaycan mətbuatının dil normalarına əməl etməməsi çox tənqid olunan məsələlər sırasındadır. Səbəb nədir və bu prosesi önləmək üçün hansı addımlar atılmalıdır? 

- Dil millətin varlığıdır. Firudin bəy Köçərlinin bir sözü var: “Dil millətin namusu deməkdir”. Bu, həqiqətən  belədir. Ulu öndər Heydər Əliyevin və hazırkı Prezidentimiz İlham Əliyevin prezidentliyi dönəmində dövlət dili ilə bağlı və ya işlək dilimizin lüğəti ilə bağlı dil proqramları hazırlanıb, qəbul olunub. Amma yenə də  mətbuat səhifələrində, media sistemində dil qüsurlarına çox rast gəlirik. Bunun  bir növ savadsızlıqdan irəli gəlir. 10-cu sinfi bitirməmiş, diplomsuz, attestatsız  adamı işə götürəndə vəziyyət bax belə dözülməz olur.  Mediadakı hallar bir vətəndaş kimi, məni narahat edir. Azərbaycan Dilçilik İnstitutunun Monitorinq Şöbəsi var. Onlar bu işlə müəyyən dərəcədə məşğul olurlar. Tapdıqları nöqsan bir az elmi xarakter daşıyır. Elmi xarakterdən uzaqlaşıb, praktik xarakterə meyl etmək lazımdır. Elə etmək gərəkir ki, o monitorinqin nəticələri ciddi müzakirə predmetinə çevrilsin və mediada dil qüsuruna yol verənlər məcbur qalıb, özlərinə çəki-düzən versinlər. Savadsız adamlar jurnalistikadan uzaqlaşdırılmalıdırlar. Monitorinqləri gücləndirmək lazımdır. Orada çalışanların hamısı dostlarımdı, amma onlar işi normal qaydada görmürlər. Söhbət bundan gedir. 

- Dünən 18 oktyabr Müstəqillik Günümüz idi. Bu əlamətdar tarixi günlə bağlı cəmiyyətə bir çağırış etməyinizi istərdim. Çünki dünyada özünün dili olan xalqlar çoxdur, amma onlardan çox azının müstəqil ölkəsi var. Yəni müstəqillik olduqca əlçatmaz bir amaldır, nəsnədir. Bunları nəzərə alaraq insanlara Azərbaycanın müstəqilliyinin qorunmasına dair nə kimi fikirlər çatdırmaq istərdiniz?

- Almaniyada, Fransada mitinqlər zamanı baş verənləri görürük, izləyirik. “Ərəb baharı”nın acı nəticəsini hər birimiz bilirik. O bombardmanları görəndən sonra adam deyir ki, Allahım, mənim ölkəmi belə hadisələrdən qoru! Maarifçilik işini davam etdirmək lazımdır. Maarifçilik insanın doğum günündən ölüm gününə qədər davam etməlidir. O işi gücləndirmək lazımdır. Azərbaycanın  bu müstəqilliyi hansı çətinliklər nəticəsində əldə etməsinə dair tutarlı yazılar yazılmalıdır. Gənc nəsil müstəqilliyin nə olduğunu bilmir axı. Müstəqilliyin məzmununu insanlara daha yaxşı təlqin etməliyik. Ulu öndərimiz deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir”. Hər kəs bilməlidir ki, müstəqilliyimiz əbədi, dönməz və və daimi olmazsa, bizi məhv edə bilərlər. Biz müstəqillik qazandıqdan sonra dünyada ciddi nüfuz qazanmışıq və artıq dünya, Avropa ölkələri Azərbaycanla hesablaşmağa başlayıblar. Ölkəmizi inkişaf etmiş, demokratik və hüquqi bir respublika kimi qəbul edirlər. Bu mənada müstəqillik müqəddəs bir andır, zamandır. Allah bu zamanı əlimizdən heç zaman almasın!