Sərdar Cəlaloğlu: “Əgər Paris buna cəhd edərsə, Azərbaycan tərəfi dərhal müzakirələrdən çəkiləcək”
“Rəsmi Bakının konkret mövqeyi var ki, Fransanın olduğu hər hansı platformada Azərbaycan iştirak etməyəcək”
“Fransa ilə rəqabətdə olan Almaniya üzərindən Parisin təsir və təzyiq imkanları demək olar ki, yoxdur”
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı və yeri açıqlanıb. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun növbəti görüşü 28-29 fevral tarixlərində Berlində keçiriləcək. Görüş Münhendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında baş tutacaq. Qeyd edək ki, ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da yaxın günlərdə görüşün baş tutacağını söyləmişdi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü iki ölkə arasında fevraln 17-də Münhendə bərpa olunmuş sülh danışıqlarının növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Son günlər Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyətin gərgin olmasına baxmayaraq, Münhendə əldə olunmuş razılaşmaların davam etdirilməsi qərara alınıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Afinada yunan həmkarı ilə görüşü zamanı Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümid etdiyini deyib. Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun təşkilatçılığı ilə üçtərəfli və ikitərəfli formatda baş tutan görüşlərdə sülh sazişinin mətninə aid konkret məsələlər üzrə müzakirələrdə razılıqlar əldə olunub. Ermənistan xarici işlər nazirinin danışıqlardan yayınması sülh prosesinin yenidən pozulmasına gətirib çıxara bilər. Müzakirə mövzusunun Ermənistan tərəfinin yanvarın 4-də Azərbaycana təqdim etdiyi 6-cı paketin Bakı tərəfindən redaktə edilərək yenidən İrəvana göndərilmiş son variantı ola bilər. Ermənistan mediasının yaydığı məlumatlara görə, həmin təklifdə söhbət sərhədlərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılmasından gedir. Ermənistan rəsmiləri sərhədlərin SSRİ-nin səlahiyyətli orqanları tərəfindəın təsdiq edilmiş 1991-ci il xəritələri əsasında, yəni Almatı Bəyannaməsinin imzalandığı dövrə uyğun müəyyənləşməsini təklif edir.
Almaniyada keçirilməsi nəzərdə tutulan görüşlə bağlı düşüncələrini "Sherg.az"a danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, tərəflər arasındakı sülh danışıqlarında Almaniya formatının ortaya çıxması səbəbsiz və təsadüfi deyil...
- Sərdar bəy, Münhen razılaşmasına görə, Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Berlində olacaq. Sizcə, bu görüş Brüssel formatının davamıdır, yoxsa 4-cü formatdır?
- Məncə, Berlində keçiriləcək görüş artıq dördüncü platformadır. Almaniya variantının ortaya çıxmasının əsas səbəbi odur ki, Brüssel formatında Fransa tərəflərin müzakirələrinə, danışıqlar prosesinə həddindən artıq müdaxilə edir. Nəzərə alaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də fransızdır. Hazırda Azərbaycanın Fransa ilə münasibətləri olduqca gərgindir. Fransa açıq şəkildə Ermənistanı hərbi cəhətdən dəstəkləyir. Fransanın iştirakı ilə və Parisin təsiri altında olan bir müstəvidə Ermənistanın hansısa normal danışıq aparması qeyri-mümkündür. Fevralın 7-də keçirilən prezident seçkisindən sonra Azərbaycan dövlət başçısı dərhal Münhen Təhlükəsizlik Konfransında sülh danışıqlarının davam etdirilməsinə razılaşdı. Berlində görüşlərin təşkili alternativ variantdır. Eyni vaxtda həm Avropada Azərbaycan-Ermənistan arasında təmaslar qurulur, həm də prosesdə Paris iştirak etmir. Bu məsələdə Azərbaycanı təmin edən faktor odur ki, Fransanın Berlində keçiriləcək görüşlərə heç bir təsir imkanları olmayacaq.
- Almaniyanın təşəbbüslərinə etimad göstərildi. Berlin Paris kimi bir müddət sonra proseslərə müdaxiləyə cəhd göstərərmi?
- Almaniya və Fransa həm geopolitik, həm də Avropadaxili münasibətlər baxımından bir-biri ilə rəqabətdədir. Almaniyanın özü də beynəlxalq proseslərdə rəqabətə girir. Almaniyanın seçilməsi də təsadüfi deyil. Berlin Azərbaycan və Ermənistan arasındakı danışıqlarda, sülh müzakirələrində bitərəfdir. Almaniya Fransa kimi Ermənistanı silahlandırmır. Çalışır ki, Bakı ilə İrəvana eyni məsafədə dursun. Avropa Birliyinin maliyyələşməsində də Almaniyanın qeyri-adi dərəcədə rolu var. Birliyin ən böyük donor dövləti məhz Almaniyadır. Bu da ondan xəbər verir ki, Almaniyanın Avropa Birliyinə də təsiri var. O baxımdan Berlin məkanı hər baxımdan yeni müstəvidir. Yeni müstəvi bizi müəyyən mənada Fransanın Avropadakı oyunlarından da kənarda saxlayır. Bununla həm də, Azərbaycanın Avropa Birliyində iştirakını təmin etmiş oluruq.
- Berlin müstəvisində sülh sazişi ilə bağlı müsbət nəticənin əldə olunması nə dərəcədə realdır?
- Açığı deyim ki, Almaniyada görüşün keçirilməsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına xidmət etməkdən daha çox Avropa ölkələrinin Cənubi Qafqazda maraqlarının bu və ya digər şəkildə təmin olunmasına hesablanıb. Avropa Birliyi Fransanın iştirakı etiraz doğurduğuna və mümkün olmadığına görə, bu dəfə Almaniya vasitəsilə Cənubi Qafqazda gedən proseslərdə iştiraka cəhd göstərir. Azərbaycan rəhbərliyinin buna razılıq verməsi indiki məqamda bizim üçün əlverişli və əhəmiyyətlidir. Ermənistanın yalnız Moskvanın nəzarəti altında Azərbaycanla sülh sazişi imzalaması birbaşa Rusiyanın maraqları çərçivəsində həyata keçiriləcək. Bu da nəinki Azərbaycanın, eyni zamanda Ermənistanın da dövlət maraqlarına ziddir. Ona görə alternativ müzakirə müstəvilərinin olması imkan verir ki, sülh müqaviləsi hərtərəfli, düşünülmüş, beynəlxalq hüquqa uyğun şəkildə bağlansın və uzunmüddətli olsun. Sülh müqaviləsi hansı müstəvidə imzalanacaqsa, həmin platforma sazişin gələcəkdə pozulmasının qarşısını almaq baxımından qarant rolunu oynayacaq. Yəni Azərbaycan və Ermənistan Qərb müstəvisində sülh müqaviləsini imzalayarsa, Avropa qeyri-rəsmi də olsa, müqaviləyə əməl edilməsində qarant tərəf sayılacaq. Bu, Rusiyanın Cənubi Qafqaz üzərində oynadığı oyunlarını pozmaq baxımından həm Avropa, həm də Azərbaycan və Ermənistan üçün önəmlidir.
- Sülh danışıqlarında Rusiyanın vasitəçiliyindən birmənalı imtina etməliyikmi?
- Azərbaycan Moskva müstəvisindən tam uzaqlaşmayıb və düşünürəm ki, birmənalı imtina etməməlidir. Müxtəlif müstəvilərdən gələn təhlükələr məhz fərqli formatlar üzərindən neytrallaşdırılmalıdır. Əslində, indiki şəraitdə və tezliklə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını gözləmək doğru deyil. Çünki hər platforma müəyyən siyasi oyunlarla əlaqəlidir. Azərbaycan da bu oyunlar arasında öz maraqlarını ön planda tutaraq oynamağı bacarmalıdır. İstənilən danışıq müstəvisində ilk növbədə dövlətin və xalqın maraqları qorunmalıdır. Həmçinin son dönəmdə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində gərginlik var. Berlin platformasından istifadə edilməsi münasibətlərin yenidən tənzimlənməsində də olduqca faydalı gedişdir.
- Fransa prosesin birbaşa içində olmasa da, İrəvan hökumətinin əliylə danışıqlara uzaqdan müdaxilə edə bilərmi?
- Yox, Fransa bunu da edə bilməyəcək. Brüssel müstəvisində vasitəçi özü Fransa idi və orada güclü mövqeyi olduğuna görə tərəflər arasındakı danışıqlara istədiyi vaxt müdaxilə imkanına sahib idi. Fransa ilə rəqabətdə olan Almaniya üzərindən Parisin təsir və təzyiq imkanları demək olar ki, yoxdur. Almaniya və Fransanın Cənubi Qafqaz regionu ilə bağlı maraqları toqquşur. Berlin heç vaxt imkan verməz ki, Makron birbaşa və dolayı yolla danışıqlara müdaxilə etsin. Əgər Paris buna cəhd edərsə, Azərbaycan tərəfi dərhal müzakirələrdən çəkiləcək. Rəsmi Bakının konkret mövqeyi var ki, Fransanın olduğu hər hansı platformada Azərbaycan iştirak etməyəcək. Fransa açıq şəkildə Ermənistanı silahlandırır və Azərbaycana qarşı düşmənçilik nümayiş etdirir. Fransa özünün bitərəf yox, açıq tərəf olduğunu aşkar ortaya qoyur. Bakı da tam haqlı olaraq Fransanı danışıqlara buraxmaq istəmir.
- Danışıqlar fonunda Ermənistan tərəfinin törətdiyi təxribatların məqsədi nədir?
- Ermənistan uzun müddət Rusiyanın təsiri altında, nəzarətində olduğuna görə, İrəvanın Moskvadan asanlıqla uzaqlaşması qeyri-mümkündür. Çünki dövlət strukturlarında və orduda Rusiyanın mövcudluğu çox yüksəkdir. Artıq hamıya bəllidir ki, Ermənistan tərəfindən xüsusən görüşlər zamanı törədilən təxribatların arxasında Paşinyan hökuməti dayanmır. Ermənistanda Kremlin nəzarətində olan qeyri-qanuni qüvvələr var. Şərti sərhədlərdəki təxribatlara baxmadan proseslərin aparılması göstərir ki, Paşinyan hakimiyyətinin son günlər baş verənlərə o qədər də aidiyyəti yoxdur. Təxribat törətmək istəyən güclər və onların məqsədi bəllidir. Onu da qeyd edim ki, hazırda Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. İrəvanın Berlində keçiriləcək danışıqlara razılıq verməsi də bununla bağlıdır. Moskvanın İrəvana təsir rıçaqları xeyli azalıb. Açıq müharibəyə başlamaq, birbaşa müdaxilə imkanı da yoxdur.
- Qərb ölkələrinin Ermənistana yerləşməsi İranın mövqeyini dəyişə bilərmi?
- İran Cənubi Qafqaz bölgəsində ciddi oyunçu deyil. İran anlayır ki, bu məsələlərə qarışmaq ona başağrısı gətirəcək. Tehranın bəyanatları, ara-sıra atdığı addımlar regonda "mən də varam" mesajını verməkdir. İranın Azərbaycan, elə Ermənistan üzərində də heç bir təsir mexanizmi yoxdur.