Təzyiqlər çox olduğuna görə İrəvan hökuməti birmənalı mövqe sərgiləyə bilmir
“Prosesin yubanması Moskvanın regional maraqlarına uyğundur. Çünki məhz bu məsələ üzərindən Rusiya tərəflərə təzyiq imkanlarını saxlayır”
Fevralın 17-də Münhendə Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib. Həmçinin hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Qeyd edək ki, Münhen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutub. Lakin Almaniya vasitəçi deyil, sadəcə, ev sahibi kimi görüşün təşkilatçısıdır. Münhendə baş tutan görüş ikili xarakter daşıyan Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsidir. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq bitib. Bununla yanaşı, regionda dayanıqlı sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsi vacibdir. Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan isə region ölkələrinin faydalanması vacibdir. Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib ki, Münhendə xarici işlər nazirlərinin tezliklə görüşməsi, sərhədlərin demarkasiyası ilə bağlı görüşlərin baş tutması razılaşdırılıb. Paşinyanın sözlərinə görə, ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər: "Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq". Paşinyan bildirib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır: “Sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq”.
Təxribatların ardınca Münhendə reallaşan görüşü və danışıqlar prosesini "Sherg.az"a dəyərləndirən politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, Ermənistanda daxili auditoriya ilə yanaşı, Qərb və Rusiya da İrəvan hakimiyyətinə ciddi təsir göstərir. Ekspertin fikrincə, Paşinyan qərbyönlü olduğuna görə maksimum çalışır ki, Qərbin tapşırıqlarını yerinə yetirsin...
- İlham bəy, Münhendə Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan görüşü necə şərh edərdiniz? Bu görüş danışıqlar prosesinə necə təsir göstərəcək?
- Ermənistan Baş naziri Nikol Paşinyan sülh danışıqlarından və sazişin imzalanmasından danışan kimi ona qarşı təzyiqlər artır. Erməni cəmiyyəti İrəvan hökumətinə ciddi təpkilər verir. Nəzərə alaq ki, Ermənistan cəmiyyətində hökumətə qarşı etirazlar sadəcə nəyəsə narazılıq deyil, həm də hakimiyyət uğrunda müəyyən dairələrin mübarizəsinin tərkib hissəsidir. Ona görə də Paşinyan hansısa məsələ barədə birmənalı qərar verə bilmir və tərəddüddə qalır. Baş nazir qətiyyətli addım atmaq niyyətinə düşəndə özünün də qeyd etdiyi kimi ordudakı "5-ci kolon" tərəfindən dərhal təzyiqlərə məruz qalır. Bu yaxınlarda şərti sərhədlərdə təxribat törədən "Yerkrapa" təşkilatı da elə "5-ci kolon"dur və Rusiya ilə bağlıdır. Hətta bu təşkilat Rusiya ilə yanaşı, yeri gələndə Qərbin də təlimatlarını icra edir. Məhz fevralın 12-də baş vermiş həmin təxribat tərəflərin masa arxasına əyləşməsini çətinləşdirdi. Münhen Təhlükəsizlik Konfransının əhəmiyyəti ondan ibarətdir ki, ev sahibi Almaniya kansleri O.Şolts görüşlə bağlı bir təşəbbüs göstərdi. Almaniya vasitəçi deyil və vasitəçilik də etmir. Sadəcə, konfransa ev sahibliyi etdiyinə görə tərəflərin bir araya gəlməsini xahiş etdi. Müsbət məqamlar odur ki, indiyədək tərəflər arasında onlayn təmaslar qurulurdu. Qərara alındı ki, XİN-lər səviyyəsində görüşlər keçirilsin. Ünsiyyətli görüşün əhəmiyyəti onlayn görüşdən çox-çox üstündür. Yəqin ki, tezliklə xarici işlər nazirlərinin görüş vaxtı və yeri müəyyənləşəcək. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların da görüşləri barədə razılıq əldə olunub. Məqsəd odur ki, konkret nəticələr əldə olunsun. Lakin vurğuladığım kimi, tərəflər və təzyiqlər çox olduğuna görə İrəvan hökuməti birmənalı mövqe sərgiləyə bilmir. Ona görə də Paşinyan bu gün bir söz, sabah başqa söz söyləməyə məcbur qalır. Baş nazir Almaniyada erməni icması ilə görüşdə bəyan etdi ki, "Azərbaycan da, Ermənistan da vaxtı ilə Praqada əldə etdikləri razılaşmalara sadiqdir". Münhendəki məlum görüşdən sonra sülh danışıqlarının bərpa olunması, müzakirələrin davam etməsi gözlənilir.
- Adətən Qərbdəki görüşlərə Rusiya birmənalı yanaşmır və Moskvanın iştirakının labüd olduğunu vurğulayır. Sizcə, Moskva tərəflər arasında ikili görüşlərə hansısa formada müdaxilə edəcəkmi?
- Elə Rusiyanın indiyədək prosesə müdaxiləsinin nəticəsidir ki, danışıqlarda nəticə və müsbət irəliləyiş yoxdur. Rusiya birmənalı çalışır ki, danışıqlar prosesi onun çətiri altında getsin və sülh sazişi də onun iştirakı ilə imzalansın. Ancaq mən deyərdim ki, Moskva sülh müqaviləsinin imzalanmamasını, prosesin uzun müddət çəkməsini istəyir. Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Cənubi Qafqaza xüsusi diqqət yetirə bilmir. Bir qədər başı açılıb, bölgədəki proseslərə müdaxilə edəndə də çalışır ki, irəliyə doğru addım atılmasın. Prosesin yubanması Rusiyaya xeyirdir. Daha doğrusu, sülhün ləngiməsi Moskvanın regional maraqlarına uyğundur. Çünki məhz bu məsələ üzərindən Rusiya tərəflərə təzyiq imkanlarını saxlayır. Rusiyanın Ermənistanda, Gümrüdə faktiki olaraq qoşunu, hərbi gücü var. Azərbaycanda da azsaylı da olsa, sülhməramlı kontingent adı ilə öz varlığını qoruyur. Bu da Kremlə imkan verir ki, Cənubi Qafqazda öz maraqlarını və təsir imkanlarını saxlasın. Həm də çalışır ki, bölgəyə hansısa Qərb ölkəsinin, xüsusən Fransanın gəlməsinin qarşısını alsın. Azərbaycan Prezidenti bütün bunları nəzərə alaraq deyir ki, görüşlər ikitərəfli və vasitəçisiz olmalıdır. Sülh müqaviləsi də belə imzalanmalıdır.
- Belə şəraitdə Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanması mümkündürmü?
- Tezliklə sülh müqaviləsinin imzalanması ciddi problemdir. Ermənistan hökuməti birmənalı siyasi iradə nümayiş etdirə bilmir. Paşinyan çalışır ki, ilk növbədə Konstitusiyanı dəyişsin. Rəsmi Bakı da tələb edir ki, etimadın yaranması üçün Ermənistan Konstitusiyası dəyişməlidir. Çünki mövcud erməni qanunvericiliyində Azərbaycan ərazilərinə iddialar yer almaqdadır. Bu da perspektivdə imzalana biləcək sülh sazişinin legitimliyini şübhə altına alır. Həmçinin Ermənistan beynəlxalq təminat və vasitəçi olmadan qonşu ölkədə, konkret Gürcüstanda ikitərəfli sülh sazişinin imzalanmasına razılıq vermir. Məsələ hələ bir neçə ay sürəcək. Əgər 2024-cü ildə sülh sazişi imzalanarsa, kifayət qədər ciddi hadisə olar. Amma şəxsən mən bu məsələdə pozitiv deyiləm. Hesab edirəm ki, proses xeyli uzanacaq.
- Sülh sazişi deyəndə əsas prinsiplərin yer aldığı çərçivə sənədini nəzərdə tutursuz? Yoxsa bütün məqamların yer aldığı həll paketindən söhbət gedir?
- Əlbəttə, söhbət çərçivə sazişindən gedir. Sülh müqaviləsini imzalamadan sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlasaq, bu, təxminən 30 il çəkər. 1016 kilometr uzunluqda olan sərhədlərdə kifayət qədər mübahisəli məqamlar üzə çıxacaq. Anklav kəndlər məsələsi xeyli müzakirə olunacaq. Üstəlik, kommunikasiya xətlərinin, konkret Zəngəzur dəhlizinin hansı prinsiplər əsasında açılması da uzun çəkən prosesdir. Bu məqamları sülh sazişində əsas müddəalar formasında əks etdirmək və müzakirələri sonra aparmaq mümkündür. Problem odur ki, Ermənistan bizdən fərqli olaraq təzyiq altında olduğuna görə bu məsələdə çox ləng tərpənir. Rusiya da öz metodları ilə, o cümlədən təxribatlarla prosesə mane olur, tərəflərə təzyiq göstərir. Əslində, Qərb istəyir sülh olsun, amma Qərbin əsas hədəfi tərəflər arasında sülhün əldə olunması deyil, məqsəd Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır. Moskva da bunu gözəl anlayır.