“Türkiyə seçicisi mesaj verdi ki, mütləq hakimiyyət yoxdur” -MÜSAHİBƏ

Telman Nüsrətoğlu:  “CHP üçün kredit açılıb və müxalifətin bundan necə istifadə edəcəyini zaman göstərəcək”

 “Xalqda belə rəy formalaşmağa başlayır ki, artıq iqtidardakı qüvvəni dəyişmək, yavaş-yavaş yeni dövrün şərtlərinə uyğunlaşmaq lazımdır”

“İstanbul başda olmaqla böyük şəhərlərdə zəlzələ ilə bağlı təhlükələr, təhdidlər aradan qaldırılmalıdır. Mərkəzi hökumətlə bölgə hakimiyyətlərinin birlikdə hərəkət etməsi zəmini formalaşır”


Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərinin ilkin nəticələri bəlli olub. Səslərin 99 faizdən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sırada qərarlaşıb. AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya böyük şəhərləri - İstanbul, Ankara, Antalya və İzmiri geri ala bilməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib. Lakin Ərdoğan bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib. 

Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu qardaş ölkədə baş tutmuş seçkilərin önəmli olduğunu deyib.
Alim vurğulayıb ki, Türkiyə Cümhuriyyəti öz tarixində yüksəliş dövrünə daxil olmuş, geniş çoğrafiyalarda təsir imkanları durmadan artan bir dövlətdir. Onun sözlərinə görə, Türkiyə dünyada hazırki geosiyasi mübarizələr fonunda kilid dövlət və dünyanın gələcək nizamına təsir edəcək mühüm ölkə kimi ön plana çıxır:
 "O baxımdan Türkiyədəki seçkilər hər zaman diqqət mərkəzindədir". 

 - Telman müəllim, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin bir qədər də gözlənilməz olan nəticələrini necə dəyərləndirirsiniz?  

 - Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) üst-üstə 18 seçki zəfərinə imza atmış bir partiyadır. Türkiyə tarixində nadir görünən hadisədir ki, ard-arda bu qədər seçki qalibiyyəti olsun. Amma təbii ki, demokratik ölkələrdə və seçki mühitində hər zaman qələbə mümkün deyil. Müəyyən dövrlərdə məğlubiyyət də, xalqdan alınan mesajlar da olur. Bələdiyyə seçkilərinin nəticələrini bir neçə amillə izah etmək istərdim. Birinci amil 22 illik iqtidar dövrünün gətirdiyi aşınmadır. İstənilən iqtidar uzun dövr hakimiyyətdə qaldığı illər ərzində yorulur və tənqidlərə məruz qalır. İkincisi, kadr siyasətində bəzi yanlış seçimlərdir. Üçüncü isə iqtisadiyyatda böhran yaşanması, xalqın güzaranının pisləşməsi və inflyasiyanın olmasıdır. Türkiyənin Cümhuriyyət tarixi boyunca böyük gücə çevrilməsinin, gələcəkdə imperial güc olmasının qarşısında duran məsələlərdən biri məhz iqtisadi problemlər, ixracatın idxalatı üstələməsidir. Türkiyədə baş vermiş zəlzələ, terrorla mübarizə kimi məsələlər də burada önəmli rol oynayır. İqtisadi məsələ olduqca mühümdür. Xüsusən təqaüdçü təbəqənin gözləntilərinin özünü doğrultmaması, bunun inflyasiya və aparılan iqtisadi tədbirlərlə əlaqələndirilməsi seçkilərin nəticələrinə təsir göstərdi. Seçici mesaj vermiş oldu ki, mütləq hakimiyyət yoxdur. Sən də "özünə çəki-düzən ver" və yanlışlıqları, nöqsanları götür-qoy et, düzəltməyə çalış. Xalqın mesajı bələdiyyə seçkiləri fonunda verməsi də önəmlidir. Seçici 10 ay qabaq Türkiyənin idarə edilməsini Rəcəb Tayyib Ərdoğana həvalə etdi. Ərdoğanın siyasi liderliyi, dövlət adamlığı, xalqına bağlılığı, böyük Türkiyə vizyonu ilə hərəkət etməsi türk xalqının onun lehinə qərar verməsinə səbəb oldu. Amma yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə həm kadr potensialının düzgün seçilməsi mühüm rol oynayır, həm də müxalifətin uzun dövr ərzində müxalifətdə qalması diqqətə alınır. Xalqda belə rəy formalaşmağa başlayır ki, artıq iqtidardakı qüvvəni dəyişmək, yavaş-yavaş yeni dövrün şərtlərinə uyğunlaşmaq lazımdır. Cümhuriyyət Xalq Partiyasının namizədlərinə seçkilərdə yüksək faizlə səs verildi. Bu mənada istər cənab Ərdoğanın balkon çıxışında, istərsə də müxalifətin verdiyi mesajlar etibarı ilə bələdiyyə seçkilərinin nəticələrinə bir fürsət, bir imkan kimi baxılmalıdır. Qarşıdakı 4 il ərzində, yəni 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisinədək sabitlik və təhlükəsizliyin təmin edildiyi qızıl dövr yaranmış olur. Bu mərhələdə Türkiyə öz problemlərini həll etməlidir. İstanbul başda olmaqla böyük şəhərlərdə zəlzələ ilə bağlı təhlükələr, təhdidlər aradan qaldırılmalıdır. Mərkəzi hökumətlə bölgə hakimiyyətlərinin birlikdə hərəkət etməsi zəmini formalaşır. Xalq bu mesajı da vermiş oldu. Digər tərəfdən xüsusi vurğulamaq lazımdır ki, Türkiyədə bələdiyyə seçkiləri yerli mahiyyətdədir. Ona görə də böyük strateji nəticələrlə izah etməmək lazımdır. 

 - Müxalifət seçki nəticələrindən dolayı növbədənkənar seçkilərdə israrlı ola bilərmi? 
 - Əgər müxalifət bundan çıxış edərək növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edərsə, bu, müxalifətin indikindən fərqli olaraq məğlubiyyəti ilə də nəticələnə bilər. Xalq müxalifətə iqtidar postunu deyil, yerli idarəetmə orqanlarına rəhbərlik vəzifəsini layiq görüb. Bir növ seçici CHP-yə sınaq dövrü verib. Burada CHP-nin xidmətləri, apardığı siyasət, birləşdirici olması, dövlət maraqlarını ön plana çıxarması gələcəkdə fərqli seçkilərdə müxalifətə dəstək verilib-verilməyəcəyi məsələsinə aydınlı gətirəcək. Deyə bilərik ki, CHP üçün kredit açılıb və müxalifətin bundan necə istifadə edəcəyini zaman göstərəcək. 

 - Bələdiyyə seçkilərinin nəticələrini müxalifətin, xüsusən CHP-nin uğuru kimi dəyərləndirmək olarmı? 
 - Bələdiyyə seçkisinin nəticələri xalqın iqtidara açıq reaksiyası idi. CHP-nin budəfəki seçkilərdə qalibiyyəti onun üçün bir testdir. CHP terrorla mübarizə, terrorçu təşkilatlarla əməkdaşlıq edən qüvvələrlə arasına məsafə qoyma məsələsində, ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdə hansı mövqeni ortaya qoyacaqsa, gələcəkdə xalq bu meyarlar üzərindən CHP-yə dəstək verib-verməyəcəyinə qərar verəcək. Yerli seçkilərdən sonra xidmət yarışı başlayacaq. Burada CHP özünü göstərməlidir ki, uğurlarını gələcəkdə də davam etdirə bilsin. İndiki seçkilərin nəticələrini CHP-nin uğuru kimi də dəyərləndirmək olar. Çünki böyük şəhərlər CHP-nin idarəçiliyinə verilmiş oldu. Bu, önəmli seçki zəfəri olaraq qiymətləndirilməlidir. Lakin yenə deyirəm, bu seçkidən həm iqtidarın, həm də müxalifətin çıxaracağı dərslər var. 

 - Seçkilərin nəticələrində başqa məqamlar da üzə çıxdı. Milliyətçi Hərəkat Partiyasının yerini, İYİ Partiyanın arxa planda qalmasını, sağ və mühafizəkar Yenidən Refah Partiyasının önə çıxmasını necə şərh edərdiniz? 
 - Hakim Ədalət və İnkişaf Partiyası "Milli Görüş" hərəkatının içindən çıxmış bir partiyadır. Cənab Ərdoğan da vaxtı ilə Nəcməddin Ərbakanın partiyasında olub. O, partiya strukturlarında müxtəlif vəzifələrdə çalışıb və sonra İstanbulun bələdiyyə sədri seçilib. Hazırki AKP-nin kadrları arasında "Milli Görüş" hərəkatından çıxmış şəxslər də var. Təbii ki, indi həmin cameədə müəyyən narazılıqlar, kadrlaşma məsələsində etirazlar, ölkə idarəçiliyi ilə bağlı tənqidlər mühafizəkar təbəqədən müəyyən kəsimin yeni partiya ətrafında toplanmasına səbəb oldu. Namizədlərin doğru seçilməsi də burada mühüm rola sahibdir. Məsələn, Şanlıurfada Yenidən Refah Partiyasının namizədi AKP-nin namizədinə qalib gəldi. Bu kimi məqamlar YRP-nin yüksəlişi kimi görülə bilər. Amma buradan da böyük strateji nəticələr çıxarmaq olmaz. Çünki milliyətçi cameə Türkiyədə hər zaman güclüdür və ölkənin gələcəyinin formalaşmasında kilid rol oynayır. Milliyətçi Hərəkat Partiyasının səsi azalmayıb. MHP "Cumhur İttifaqı"nın qələbəsi üçün çalışırdı və ona görə böyük şəhərlərdə öz namizədlərini çıxarmayıb. MHP Türkiyənin nizamlama və tarazlıq elementi kimi öz yoluna davam edir. Lakin İYİ Partiyanın seçkilərdə böyük məğlubiyyət yaşadığını qeyd etmək lazımdır. 

 - Türkiyə, daha doğrusu Ərdoğanın rəhbərlik etdiyi Türkiyə türk birliyinin, Türk Dövlətləri Təşkilatının formalaşmasında mühüm rol oynayıb. Ərdoğansız Türkiyənin bu istiqamətdə qətiyyətli olmayacağı ilə bağlı iddialara münasibətiniz necədir? 
 - Ölkənin ikinci partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ən böyük problemi Türk Dünyası ilə bağlı heç bir strategiyasının, vizyonunun, kadrların olmamasıdır. Atatürkün qurduğu partiyanın, Cümhuriyyətin qurucu partiyasının Türk Dünyası ilə bağlı konsepsiyasının olmadığını görürük. Əgər Türkiyədə iqtidara hazırlaşan bir partiya qlobal düşünərək Türkiyənin Ərdoğanın dövründə həyata keçirilən böyük vizyona əsaslanan siyasətini yürütmək, böyük coğrafiyalarla birləşmək, bütünləşmək siyasətinə uyğun konsepsiya ortaya qoymalıdır. Xüsusən, Türk Dünyası, Türk Dövlətləri təşkilatı ilə bağlı əsaslı mövqe sərgiləməlidir. Ümid edirik, gələcəkdə bu boşluq aradan qaldırılacaq, türk dünyasına baxış, yanaşma dəyişəcək. CHP-nin ənənəvi zehniyyətindən daha çox milli vozyona ehtiyac var. CHP-nin bununla bağlı atacağı addımlar, özünü yeni dövrün şərtlərinə hazırlaması gələcək seçkilərin taleyi baxımından önəmli olacaq. Hər halda bələdiyyə seçkiləri lokal anlamda dəyərləndirilməlidir. Daha uzağa gedəcək nəticələr çıxarılmamalıdır. Çünki Ərdoğanın liderliyi, siyasi zəkası, qabiliyyəti, xalq dəstəyi ortadadır. Ərdoğan 10 ay öncə xalqdan böyük dəstək alaraq prezident seçilmiş liderdir. Siyasətdə partiyalar önəmli olsa da, Türkiyədə "dövlət ağlı", dövlətin bürokratik təbəqəsi, Silahlı Qüvvələr və milli təhlükəsizliklə bağlı qurumlar (MİT) ölkə siyasətinin formalaşmasında müstəsna rol oynayırlar. İqtidarda kim olursa-olsun, Türk Dövlətləri Təşkilatı Türkiyənin milli maraqları baxımından prioritet xarici siyasət kursunda önəmli hissəni təşkil edəcək. Bu, Türkiyənin milli maraqlarıdır. Təbii ki, Ərdoğanın bu məsələdə liderliyi, istəkli olması, çevikliyi,  türk ölkələrində enerji resurslarının dünya bazarına çıxarılması, Azərbaycana verilən müstəsna dəstək danılmazdır. Ümumiyyətlə, liderlər önəmlidir, çünki dövlətə nəhayətində onlar yön verirlər. O baxımdan Ərdoğanı türk dünyası və inteqrasiyanən dərinləşməsi yönündə böyük bir fürsət kimi dəyərləndirmək lazımdır. MHP sədri Dövlət Baxçalı da hər zaman türk dünyasına böyük vizyon və məfkurə gətirib. Məncə, "Cumhur İttifaqı" hələ tam sözünü deməyib. Qarşıda dörd il var və gələcəkdə Ərdoğanın türk dünyasının birliyində missiyası böyük olacaq.