Akademik Musiqili Teatr Təbriz səfərinə hazırlaşır

Dekabrın 1-dən 7-dək Təbriz şəhərində keçiriləcək II Alef Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bəstəkar, Xalq artisti Fərəc Qarayevin və fransız yazıçısı Samuel Bekketin “Qodonun intizarında” tamaşasını nümayiş etdiriləcək.

Festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, festivala teatrı layihənin direktoru Houman Beignezhad dəvət edib: " Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan tələbəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur. Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər. Ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil etmək, üç rəngli barağımızı bayraqlar arasında görmək özü böyük şərəfdir. Ümidvaram ki, bədii rəhbəri olduğum bu tamaşa Təbrizdə də Albaniyada olduğu kimi böyük əks-səda doğuracaq".