Vaxt tələb edir, amma... - Ordu psixoloqu institutu mütləq yaradılmalıdır

Azərbaycan ordusunda hərbi psixoloqların müsabiqəsi keçirilib. Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, hərbi hissələrdə “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin ilkin mərhələsi keçirilib.

Müsabiqə hərbi psixoloqların ixtisas hazırlığının yüksəldilməsi, psixoloji işə dair üsul və vasitələrin düzgün tətbiqi, peşəkar vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə təşkil edilir.



Müsabiqə barədə “Şərq”ə danışan psixoloq Azad İsazadə söyləyib ki, ölkəmizdə ordu psixoloqu institutunun formalaşması və qurulması çox vacib bir məsələdir:

“Müsabiqənin şərtləri barədə məlumatım yoxdur, amma sözsüz ki, bu addımı müsbət dəyərləndirmək lazımdır. Başa düşməliyik ki, hərbi psixologiyanı institut şəraitində yaratmalıyıq. Söhbət hərbi psixoloqların yetişməsindən, hərbi-psixoloji üsulların və texnikaların işlənməsindən gedir. Məlumdur ki, hərbi psixoloji texnikaların bir hissəsi qapalı olmalıdır. Psixoloqun bu sahədə öz araşdırması da vacibdir. Hərbi psixoloqların hazırlanması adi psixoloqlara nisbətən müəyyən vaxt tələb edir. Yəqin ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Ona görə də belə müsabiqələrin keçirilməsi yaxşı haldır. Lakin belə tədbirlərin davamı da olmalıdır. Ümid edirəm ki, hərbi psixologiya sahəsində yeni işlər olacaq və müvafiq addımlar atılacaq”.