23 il az deyil: Tanınmışlar "Şərq"ə təbrik ünvanladılar

Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetinin nəşrə başlamasından 23 il keçir. 1996-cı il noyabrın 1-dən etibarən oxucularının görüşünə gələn "Şərq" qəzeti Azərbaycanda "Ən çox oxunan qəzet" tituluna sahib nəşrlərdən biridir.   Müstəqilliyimizin ilk illərində nəşrə başlayan "Şərq", hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmir, həmçinin hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini bu gün də verməkdədir. Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirməyib, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurub. Bu cəhət "Şərq" qəzetinin son dərəcə böyük nailiyyətidir.

Tanınmış ictimaiyyət nümayəndələri 23 il yol gələn “Şərq”lə bağlı ürək sözlərini və təbriklərini səsləndiriblər.



Millət vəkili Elman Məmmədov:

“Şərq”lə əməkdaşlığımız uzun müddətdir ki, davam edir. Çünki mən bu qəzeti vətəndaşlıq və vətənpərvərlik, dövlət və dövlətçilik mövqeyindən çıxış edən ən populyar, nüfuzlu və millətçi bir qəzet kimi tanımışam.

“Şərq” yarandığı gündən indiyə kimi Azərbaycan həqiqətlərini, haqq-ədaləti yaymaqla məşğul olub. Bu baxımdan qəzetin rəhbərliyi başda olmaqla “Şərq” qəzetini və onun kollektivini ürəkdən təbrik edirəm”.



Politoloq Azər Rəşidoğlu:

“Şərq” qəzeti ilə dostluğumun tarixi elə 23 ildir. Daima izləmişəm. Vaxtilə ölkənin ən nüfuzlu qəzeti olub. “Şərq” hər zaman Vətənini və millətini sevənlərin tribunası olub. Başda əziz dostum Akif bəy olmaqla bütün kollektivi  və ən başlıca oxucuları təbrik edirəm. Sevincinizə qoşulur və bunu öz bayramım hesab edirəm. Daima sizinləyəm. Nə yaxşı ki, varsınız. Daha böyük uğurlarınızı səbirsizliklə gözləyirəm”.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov:

“23 il ölkə mediasında qalmaq böyük nailiyyətdir. Bu illər ərzində öz mövqeyini saxlamaq və neytral vəziyyət obrazı yaratmaq olduqca sevindiricidir. Bəzi qəzetlər var ki, populist yazılarla populyarlaşmaq xəttini tutur. Amma bütün bunlar “Şərq” üçün heç vaxt xarakterik olmayıb. “Şərq” hər zaman öz dəst-xətti ilə seçilib, sosial-iqtisadi məsələlərlə bağlı problemləri işıqlandırıb. Əsl qəzet budur. Bu fikirləri tam səmimi qəlbdən deyirəm. İstənilən yerdə məndən soruşanda bir neçə qəzetin adını çəkirəmsə, onlardan biri də “Şərq” qəzetidir. Bütün kollektivi təbrik edirəm və bol uğurlar arzulayıram”.



Tanınmış şair Aqşin Yenisey:

“Dövrümüzün dünyaca məşhur aydınları mətbuatın məhz informasiya bolluğunda boğulduğundan şikayətlənirlər. Qəribə səslənir, doğrudur, amma media həqiqətən bu gün informasiya bolluğunda məhv olur, nüfuzunu və simasını itirir. Ona görə də dünyada, məsələn, Türkiyədə öz oxucu, dinləyici kütləsini qorumaq, xəbər bolluğunda öz simasını itirmək istəməyən media orqanları yenidən elmi-kütləvi, maarifçi üsluba qayıdırlar, xəbər küyündən imtina edirlər. "Şərq" qəzetini bu mənada uzaqgörən media mənsubu hesab etmək olar. Çünki lap siftədən dəbə uymadı, küyə və kütə getmədi. Mən sizə sadiq olduğunuz bu yaradıcı yolda uğurlar arzu edirəm, Şərqdə sevilən "Şərq" olmaq hər oğulun işi deyil. Məncə, siz bu nadir sevgini qazanmısınız”.



Millət vəkili Tahir Kərimli:

“Bütün səmimiyyətimlə ürəkdən “Şərq” qəzetinin 23 yaşını təbrik edirəm. Akif Aşırlının gənc yaşlarında  böyük zəhmət hesabına təsis etdiyi, 23 il yaşadığı, cəmiyyətdə böyük nüfuz sahibi olan “Şərq” qəzetinin həyat yolu mənim gözümün qarşısındadır. Demək olar ki, 23 il ərzində “Şərq”i izləmədiyim vaxt olmayıb. “Şərq”in dəyəri onun tendensiyalı yox, universal olmağındadır. “Şərq”də materiallar orijinal üslubda, xüsusi dizaynda oxuculara təqdim edilir. Bir çox sahələrdə qəzetin xüsusi xidmətləri var. Açıq hiss olunur ki, “Şərq”in vətənpərvər kollektivi var. “Şərq” öz yazıları ilə daim oxucuların ürəyinə işıq salıb. “Şərq”in bütün kollektivini səmimi qəlbdən təbrik edirəm”.



Əməkdar jurnalist Azər Həsrət:

“Şərq” qəzeti mənim üçün özəl yeri olan bir qəzetdir. “Şərq” özünün milli xəttinə sədaqəti ilə seçilir. Ümumiyyətlə, bu qəzeti Azərbaycan jurnalistikasına ayaq açan gündən izləyirəm və oxuyuram. “Şərq”ə xüsusi bir sayğım var. Qəzetin rəhbəri Akif Aşırlı başda olmaqla bütün kollektivə hörmətim böyükdür. Akif Aşırlı özü unikal və milli bir şəxsdir. Təbii ki, qəzeti də buna uyğun ayaqda tutur. 
“Şərq”ə qəzeti mənim üçün həm də ona görə doğma və əzizdir ki, bir zamanlar Azərbaycan mətbuatı məni unudanda “Şərq” heç vaxt unutmadı. Hər zaman deyirəm ki, o illərdə mətbuat üçün diqqətdən kənar qalırdım, o zamanlar “Şərq” qəzeti məni yad edirdi. Bu baxımdan “Şərq” qəzetinə hər zamankı kimi hörmətim böyükdür. Qəzetin uzun ömürlü olmasını arzu edirəm və sadiq oxuculardan biri kimi bundan sonra da qəzeti oxumağa davam edəcəm”.



Sosioloq Lalə Mehralı:

“Şərq” qəzetinin bütün kollektivni ürəkdən təbrik edirəm. Qəzetin ən sıravi işçisindən yüksəkdə olan bütün işçilərinə uğurlar arzu edirəm. Bütün kollektivə minnətdaram ki, belə gözəl qəzetin nəşrinə nail olurlar.  “Şərq” qəzeti kimi ikinci bir qəzet yoxdur ki, sosial problemləri qabarıq şəkildə işıqlandırsın, həyatın içindən olan hadisələri canlandırsın. “Şərq” hər yaş qrupunun maraqlarına uyğun yazıları əks etdirir. Ümumilikdə həm siyasi, həm ictimai, həm sosial, həm də iqtisadi sahələri əhatə edən çox oxunaqlı bir qəzetdir. Bir daha “Şərq” qəzetinin bütün işçilərini təbrik edir, yaşınızın üstünə yaş gəlməsini arzu edirəm”.



Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov:

“Bu gün  "Şərq" qəzetinin 23 yaşı tamam olur. Bu nüfuzlu qəzetin nəşrə başlamasından nə az nə çox, düz 23 illik bir zaman kəsiyi keçir.
Müasir Azərbaycan qəzetçiliyinin qocaman öncülərindən, flaqmanlarından biri sayılan "Şərq" qəzeti ilk dəfə 1996-cı il noyabrın 1-də işıq üzü görüb, oxucuların görüşünə gəlib. "Şərq" bu illər ərzində öz adına layiq bir mətbu nümunəsi olmağı bacardı. "Şərq"i media və siyasət camiəsində əbəs yerə məktəb adlandırmırlar. Bu qəzeti həm də birmənalı şəkildə baş redaktor Akif Aşırlının uğurlu əsəri hesab etmək olar. Bəli, "Şərq" sadəcə qəzet deyil, həm də əsərdir. Mətbuatımızın və ölkəmizin 23 il ərzində keçdiyi yolu özündə canlandıran əsər. Bu əlamətdar gün münasibəti ilə bütün “Şərq”çiləri ürəkdən təbrik edir, "Şərq"ə bundan da böyük uğurlara imza atmağı arzu edirəm.



AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı:

“Şərq” qəzetinin yarandığı ilk günlərdən izləyirəm və daimi oxucularından biriyəm. “Şərq” çox uğurlu qəzetdir, həmçinin kollektivi olduqca güclüdür. Akif Aşırlı uzun müddətdir ki,  həm jurnalistikada fəaliyyət göstərir, həm də tarix elmi üzrə araşdırmalar aparır, hətta elmi dərəcə də alıb. Akif bəyi ürəkdən təbrik edirəm. Bütün kollektivə yaradıcılıq uğurları və gələcəkdə müvəffəqiyyətlər arzu edirəm”.



Sosioloq-alim Əhməd Qəşəmoğlu:

“Şərq” qəzeti milli məfkurəmizə, ölkəmizin tərəqqisinə xidmət edən bir qəzetdir. Qəzetinizin gözəl, vətənpərvər bir kollektivi var. Bu öz əksini qəzetin fəaliyyətində, yazıların keyfiyyətində də tapır. İndiki dövrdə yer üzünün qan burulğanına düşməsinin əsas səbəblərindən biri aparıcı qərb dövlətlərinin şərq müdrikliyinə arxa çevirməsidir.  Bu mənada  “Şərq” qəzeti həm də elə öz adı ilə yer üzünün tərəqqisinə xidmət edir.
Gözəl məramınızı daha çox, ürəyinizdə həyata keçirməkdə kollektivinizə böyük uğurlar arzu edirəm”.