Zəvvarlara çağırış: "İraqda iğtişaşların başa çatmasını gözləsinlər"

İraqda vətəndaş müharibəsi davam etməkdədir. Daxili iğtişaşların artması zəvvarlar üçün çətinlik yaradır. Onlar ziyarət zamanı həyatlarını təhlükəyə atmalı olurlar.  

Hər il müxtəlif müsəlman ölkələrindən, o cümlədən də Azərbaycandan yüzlərlə insan İraqa səfərə gedir.

İlahiyyatçı Hacı Atif İsmayılovun fikrincə, ziyarətləri bir neçə ay sonraya təxirə salmaq daha məqsədəuyğundur. O, Sherg.az-a bildirib ki, konsulluğun verdiyi rəsmi məlumata görə, zəvvarlar üçün kütləvi şəkildə hansısa təhlükə yoxdur:



İlahiyyatçı: "İğtişaşlar nəticəsində müxtəlif dərəcəli xəsarət ala bilərlər"


"Ancaq insanlar iğtişaşlar nəticəsində müxtəlif dərəcəli xəsarət ala bilərlər. Yəni zəvvarlar və qrup rəhbərləri özləri daxildəki vəziyyəti təhlil edib, qərar verməlidirlər. Mövcud vəziyyətlə bağlı olaraq hazırda İraqda yollar bağlıdır, bəzi hallarda təyyarə uçuşları təxirə salınır. Bununla belə, konsulluq gediş-gəlişi qadağan etməyib. Mən tövsiyə edədim ki, zəvvarlar ziyarət üçün iğtişaşların başa çatmasını gözləsinlər". 

A.İsmayılov, həmçinin bildirib ki, ziyarət üçün konkret vaxt yoxdur:

“Adətən ziyarətləri müqəddəs aylarda, o cümlədən Ramazan ayında, Məhərrəm ayında həyata keçirirlər. Lakin həmin vaxtarda səfərlər çox olduğuna görə bəziləri daha tez və ya gec ziyarət edirlər. Ziyarət üçün münasib hava şəraitinin olmasını gözləmək məsləhətdir. İraqın iqlim şəraitini nəzərə alaraq deyə bilərəm ki, oktyabr, noyabr ayları ziyarət üçün uyğundur".

Kənan Novruzov