Qarabağ danışıqlarında irəliləyiş hiss olunmur: Məmmədyarov nəyi nəzərdə tutur? - AKTUAL

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsi ilə bağlı bəzi irəliləyişlərin olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir: “Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir. 

Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var.

Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirəcəyik. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki artıq sənədlər masanın üstündədir”.



Natiq Miri: "Düşünürəm ki, bu irəliləyişlər daha çox atəşkəsin təmin olunması və qarşılıqlı olaraq girovların dəyişdirilməsidir"


Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən politoloq Natiq Miri bildirib ki, Elmar Məmmədyarovun bu açıqlaması da əvvəlki açıqlamalar kimi ziddiyətlidir:

“İrəliləyişlərin nədən ibarət olması haqqında ictimaiyyətə məlumat verilmirsə, nəticə olaraq ortada hər hansı bir faktlı hadisə yoxdursa, təbii ki, Azərbaycan ictimaiyyətinin bu açıqlamaya inanması mümkün deyil. Elmar Məmmədyarov bir tərəfdən irəliləyişlərin olduğunu açıqlayır, başqa bir tərəfdən bunun yanlış olduğunu bildirir. Xarici işlər naziri substansiv məsələlərin birbaşa müzakirə olunmasında Ermənistanın hələ də hazır olmadığını bildirir. Bu faktın özü də göstərir ki, indiyə kimi Ermənistanın xarici işlər naziri ilə görüşlərində detallar üzrə heç bir ciddi və rəsmi müzakirə olmayıb. Sadəcə hansısa məsələlərdən danışıla bilər. Mütləq mənada ortada konkret sənədlər olmalıdır. Ortada belə bir sənədlər yoxdursa, substantiv danışıqlar hələ də müzakirə obyekti deyilsə və Ermənistan bu məsələlərdən qaçırsa hansı irəliləyişlərdən söhbət gedə bilər? Düşünürəm ki, bu irəliləyişlər daha çox atəşkəsin təmin olunması və qarşılıqlı olaraq girovların dəyişdirilməsidir. Fikrimcə, atəşkəsin pozulmaması üçün müşahidə qurğularının olması Azərbaycanın maraqları konteksində deyil. Çünki Azərbaycan işğal edilmiş ərazilərində işğal faktorunu aradan qaldırmaq hüququnu hər bir zaman özündə saxlayıb. BMT-nin bəyənnaməsində də bu təsbit olunub. Razılaşdırılmış məsələ deyəndə təmas xəttindən snayeperlərin qarşılıqlı olaraq götürülməsi müzakirə obyekti ola bilər. Bu məsələ də Azərbaycanın maraqları konteksində deyil. Çünki Azərbaycan hər zaman hərbi üstünlüyünü təzyiq olaraq Ermənistanın üzərində hiss etdirməlidir. Əks təqdirdə Ermənistan heç bir məsələni əsaslar üzrə müzakirə etmək fikrində olmayacaq. Ermənistan hər dəfə görüş xatirinə görüş keçirməklə zaman qazanmaq istəyir. Paşinyan höküməti də özünün köklərini cəmiyyətdə daha dərinlərə nüfuz etdirmək məqsədi ilə bunu edir”. 

"Azərbaycan hər zaman hərbi üstünlüyünü təzyiq olaraq Ermənistanın üzərində hiss etdirməlidir"


Politoloq qeyd edib ki, Paşinyan hökümətinin mövqeyi həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində çox kövrəkdir:

“Dünyanın bu yöndə ciddi problemləri mövcuddur. Bu problemlər durduqca təbii ki, Ermənistan substantiv olaraq əsaslarla məsələləri müzakirə etmək istəmir. Çünki Qarabağ klanı deyiləcək müxalifətdə olan böyük maliyyə mənbələrinə malik olan güclər bu məsələləri Paşinyan hökümətinin əleyhinə istifadə edə bilər. Bu zaman Paşinyan höküməti hələ də danışıqlara hazır olmayacaq. Bu boyda gerçəklər ortada varkən, Azərbaycan xarici işlər nazirinin “danışıqlarda irəliləyişlər var” deməsi qeyri-ciddi olduğu qədər həm də ictimaiyyəti aldatmağa yönəlik açıqlamadır. Ona görə də bu açıqlamanı qətiyyən doğru saymıram”.