Azərbaycan və Türkiyə bir dövlət kimi hərəkət edir -Səməd Seyidov

Mayın 8-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Nazirlər Kabinetindən verilən məlumata görə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti diqqətə çatdırılıb.

Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a açıqlaması zamanı deyib ki, Azərbaycan və Türkiyə tərəfi arasındakı hər görüş bizim üçün əhəmiyyətlidir:

"Bu gün Azərbaycan Türkiyə münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıqlar vasitəsilə daha da möhkəmlənir. Həmçinin iki dövlət arasındakı münasibətlər türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdəndir. Biz bir müddət əvvəl Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri ilə görüş keçirdik. Görüş zamanı qonaqlar Xankəndi və Şuşa şəhərlərində də oldular.
Onu da qeyd edim ki, biz 1994-cü ildə qəbul olunmuş ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı qanunun üstündə işləyərək yenidən qəbul etdik. Artıq bu gün bizim Türkiyə ilə münasibətlərimiz bir millət iki dövlət anlayışından da irəlidədir. Rəsmi Bakı və Ankara ordu quruculuğunda olduğu kimi bir çox sahədə bir dövlət kimi hərəkət edir".