2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək davam edəcək. Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış olmaq mümkündür: https://miq.edu.az/faq
Bu il müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların keçən ilki ilə nisbətdə asan olacağını deyən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a vurğulayıb ki, hər il müəyyən fənlərin çətinliyi ilə bağlı etirazlar olur:
"Nəzərə almaq lazımdır ki, hər il səhvlərə baxılır və təkminləşdirilir. Növbəti imtahanda o yalnışların təkrar olunmamasına çalışılır. Təbii ki, burada imtahan verən namizədlərin hazırlıq səviyyəsindən çox şey asılıdır. Artıq Azərbaycan dili və ibtidai sinif üzrə sertifikasiya imtahanları keçirilib. Onlara ikinci şans da verilərək növbəti imtahanların iyunda keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, həmin iki fənlə bağlı kifayət qədər vakant yerləri olacaq. Digər fənlər üzrə təqaüd yaşına çatan müəllimlərin əmək fəaliyyətinə xitam veriləcək. İstisna hallarda prosses məktəb rəhbərliyi tərəfindən bir il uzadıla bilər. Bu da çox az sayda olacaq. Nəticədə həmin yerlər vakant yeri kimi sayılacaq. Bu il müsabiqədə iştirakçı və vakant yer sayının ötən illə müqayisədə çox olacağı gözlənilir. İstənilən halda namizədlərdən tələb ondan ibarətdir ki, imtahana maksimum ciddi hazırlaşsınlar. Öz ixtisasları haqda informasiyalar əldə etsinlər, kurikulum və pedoqogikadan kifayyət qədər məlumatlı olsunlar. Fürsətdən istifadə edərək bütün namizədlərə uğurlar arzu edirəm".