Həyatımız dəyişir, üzlər gülür


Ölkədə aparılan sosial, iqtisadi və kadr islahatları..

Hər bir ölkədə onun inkişaf səviyyəsindən və dövrün tələbindən asılı olaraq daim sosial, iqtisadi və kadr islahatları həyata keçirilir. Bu islahatlar iqtisadi və siyasi formaları səmərəli şəkildə dəyişməyə yönəlmiş çoxmərhələli bir prosesdir. İstənilən islahatın əsas məğzi onun innovasiyalı xarakter daşımasıdır. Çünki hər bir islahat başqasını təkrar etmir, onun gerçəkləşməsinin özünəməxsus xüsusiyyəti və şərtləri olur.  Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda geniş sosial, iqtisadi, kadr və struktural islahatlara start verilib. Şübhəsiz ki, məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini təmin etməkdir. Beynəlxalq təcrübə də göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının siyasi iradəsi sayəsində mümkün olur. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizdə sosial-iqtisadi və kadr islahatlarının qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək. 

Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Azərbaycanda ötənilki prezident seçkilərindən sonra bütün əsas istiqamətlər üzrə mühüm hədəflər müəyyən edilib. Bu hədəflər ölkə iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, son nəticədə xalqımızın maddi rifahını daha da yaxşılaşdırmaq və sairdir. Bu hədəflərə çatmaq üçün ciddi struktur və kadr islahatları aparılır. Hər bir islahatın uğuru, ilk növbədə, kadrların düzgün seçilməsi və yerləşdirilməsi sayəsində mümkün ola bilər. Azərbaycanda bu istiqamətdə artıq uğurlu dəyişikliklər baş verir. Ölkəmizdə yüksək intellekt və dərin erudisiyaya malik kreativ gənclər yüksək vəzifələrə çəkilirlər.
Əlbəttə, ölkəmizin idarəetmə sistemində həyata keçirilən struktur islahatlarının aparılmasında məqsəd Azərbaycanın dayanıqlı iqtisadi və  sosial inkişafını təmin etməkdir.  Görünən budur ki, son vaxtlar Azərbaycan iqtisadiyyatının əksər  sahələrində, xüsusilə, vergi və gömrük istiqamətlərində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Bir sözlə, xalqımız bu inkişafı öz gündəlik həyatında, dolanışığında real şəkildə görür və yüksək qiymətləndirir. Məhz bu amildən yola çıxaraq əminliklə söyləyə bilərik ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatları birmənalı olaraq dəstəkləyir.  

Biz də Azərbaycan xalqının ölkə başçısı İlham Əliyevin apardığı sosial, iqtisadi və kadr islahatlarına münasibətini obyektiv, ədalətli və effektiv formada öyrənmək məqsədilə paytaxtın müxtəlif yerlərində, müxtəlif peşə sahibləri arasında sorğu keçirdik.

İnsanların rifah halı yaxşılaşır

İlk olaraq paytaxtın Hüseyn Cavid parkında  69 yaşlı təqaüdçü Sübhan Mehdiyevə yaxınlaşırıq. Bizimlə söhbətə asanlıqla razılıq verən müsahibimiz  qeyd etdi ki, Prezidentin  həyata keçirdiyi siyasətin başlıca məqsədi vətəndaşların maraqlarının ifadə olunması, onların sosial rifah halının yaxşılaşdırılmasıdır: “Ölkə başçısının fəaliyyətinə nəzər salanda görürük ki, insan amili, insan kapitalı, vətəndaşların sosial rifahının yüksəldilməsi, onların işlə təmin olunması, əmək haqlarının artırılması, bütövlükdə sosial məsələlər bu siyasətin əsasını təşkil edir. Atılan addımlardan da şahidi oluruq ki, ölkənin iqtisadi qüdrətinin artması, iqtisadi potensialımızın yüksəlməsi ilk növbədə vətəndaşlarımızın rifah halına müsbət təsir göstərir. Əmək haqları, təqaüdlər, pensiyalar, sosial müavinətlər artırılır.  Eyni zamanda şəhid ailələrinə, onların vərəsələrinə birdəfəlik yardımlar verilir. Qaçqın və məcburi köçkün ailələri, Qarabağ veteranları və ya əlillərin sosial müdafiəsi gücləndirilir. Ümumiyyətlə, sosial sferada çox mühüm tədbirlər həyata keçirilir”.

Savadlı gənc kadrlar irəli çəkilir

Bundan başqa II kurs tələbəsi Nəcməddin Qəhrəmanlı da son illər bütün sahələrdə aparılan islahatları dəstəkləyir: “Əlbəttə, bir gənc olaraq ölkədə gedən islahatları yaxından izləyirəm. Aparılan sosial-iqtisadi, kadr və struktural islahatlar ürəyimcədir. Sağ olsun, cənab prezident insanların qayğısı ilə yaxından maraqlanır. Əhalinin içinə çıxır, onların problemlərini dinləyir və yerindəcə həllinə dair göstərişlər verir. Məxsusi olaraq, biz tələbələrin də təqaüdləri zaman-zaman artırılır. Bu il də təqaüdlərimiz yüksəldi. Şübhəsiz ki, bu artım sosial şəraitimizin yaxşılaşmasına xeyli dəstək olur. Onu da deyim ki, son aylar aparılan ciddi kadr və struktur islahatları mən də daxil olmaqla bütün gənclərdə bir ümid işığı yandırıb. Artıq intellektual gənclər vəzifələrə aparılır. Bu da bizim üçün bir stimul rolunu oynayır. Məndə belə bir güvən formalaşıb ki, ali məktəbi savadlı kadr kimi bitirsək, işlə təmin olunacağıq. Əlbəttə, bu etimadı, inam və ümidin yaranması olduqca yaxşı hal və ya hissdir”.  

Vətəndaşların rahatlığı təmin olunur

Paytaxta regiondan 2 günlük qonaq gəldiyini deyən Rövşən Abdullayev indiyə qədər müxtəlif vəzifələrdə çalışdığını söyləyib: “Hazırda təqaüddəyəm. Buna rəğmən ölkədəki prosesləri qəzet və telekanallardan izləyirəm.  Qəti əminəm ki, Prezident insanların rahat yaşamasını təmin etməyə çalışır. Düşmənlə sərhəddə yerləşən  ucqar bir kənddənəm. Kəndimiz işıq, su, qazla təmin olunub. Az qala bütün evlərdə internet var. Yeni keyfiyyətli yolumuz çəkilib. Görülən işlər vətəndaşların rahatlığı üçündür”.

“Allah bu müstəqilliyi xalqımıza çox görməsin!”

R.Abdullayev onu da əlavə edib ki, Prezident xalqın inkişafı naminə çoxsaylı fərman və sərəncam imzalayır:

"Mənim banka borcum - problemli kreditim vardı.  Ciddi narahat idim. Ölkə başçısının bir göstərişi ilə problem həllini tapdı. Bu da sosial islahatların tərkib hissəsidir. Bu addım mənim kimi neçə adamın, ailənin sevincinə səbəb oldu. Şəhidlərin vərəsələrinə 11 min manat pul ödəndi. Olduqca zəruri qərar idi. Şəhid ailələrinə dəstək oldu. Tanıdığım şəhid ailələri vardı ki, həmin yardımdan sonra dolanışıqlarını tənzimləyə bildilər. Hər televiziyanı açanda görürük ki, Prezident hər gün bir rayona səfərə gedir, insanlarla görüşür. Qarabağ qazilərinə, qaçqın və məcburi köçkünlərə evlər, avomobillər verilir. Təqaüdlər artırılır. Dövlət işində çalışanların əmək haqları 40-50 faiz yüksəldildi. Bunlar mühüm məsələlərdir və  inqilabi islahat deməkdir. Hər kəs istər ki, əhalinin güzəranı yaxşı olsun. İnsanlarımızın daim üzü gülsün, çöhrəsindən nur yağsın. Ölkə başçısı da məhz buna çalışır. Əlbəttə, iqtisadiyyatımızın şaxələnməsi, çiçəklənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. A bala, bircə Allah bu müstəqilliyi, sabitliyi xalqımıza çox görməsin!”.

Şəhid ailələrinə diqqət və qayğı...

Kəlbəcər rayonundan olan şəhid Qurbanov Akif Sabir oğlunun qardaşı Qurbanov Rafiq ölkə başçısının şəhid ailələrinə böyük diqqət və qayğı göstərdiyini vurğuladı

"Cənab Prezidentin şəhid ailələrinin yanında olması, bütün xalqımızı qürurlandırır. Bu yaxınlarda şəhid vərəsələrinə birdəfəlik 11 min manat vəsait verildi. Heç kimə sirr deyil ki, dövlət hər zaman şəhid ailələrinə dəstək göstərir. Allah Prezidentimizin canını sağ eləsin. Şəhid qardaşı kimi ölkə başçısına şəhid ailələrinə göstərdiyi qayğıya görə minnətdaram”. 

Kadr və struktur islahatların müsbət nəticələri olacaq
 
Metronun “Sahil” stansiyası yaxınlığında rastlaşdığımız   “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı da sorğumuzda iştirak etdi. O da diqqətə çatdırdı ki, islahatlarda əsas məqsəd iqtisadi inkişafı təmin etməkdir: “Dövlət başçısı iqtisadi və sosial sahələrdə fundamental islahatların davam edəcəyini bəyan edib. Bütün sahələr - sosial, elm-təhsil, mədəniyyət və s. yalnız iqtisadiyyatın üzərində dayanır. Ölkəmizdə iqtisadiyyat prioritetdir və islahatların əsas yükü iqtisadi inkişafı təmin etməyə yönəlib: “İqtisadi inkişaf da birtərəfli getməməlidir. Yəni energetika sektorunun üzərində dayanmalı deyil, daha çox qeyri-neft sektorunun hesabına böyüməlidir. Cənab Prezident bəyan etdi ki, biz post-neft dövründəymişik kimi davranmalıyıq. Bu açıq şəkildə o deməkdir ki, qeyri-neft sektorunun daha sürətli inkişafı üçün mümkün olan hər şey ediləcək. Məhz bu səbəbdən dövlət başçısı sahibkara maneələr yaradan məmurlara sərt xəbərdarlıq etdi, hüquq-muhafizə orqanlarına bu məsələ ilə bağlı qəti göstərişlər verdi. Onların hüquqlarının dövlət tərəfindən qorunacağını və məsələni şəxsən nəzarətində saxlayacağını dedi. Son bir ildə aparılan islahatlar artıq ciddi nəticələr verir. Son kadr və struktur islahatlarından sonra isə müsbət nəticələr özünü çox tezliklə göstərəcək”.

“Güclü siyasi iradə ortaya qoyulub”

E.Bayramlı onu da əlavə edib ki, xüsusilə aqrar sektora diqqət artırılmalıdır. Bura həm kənd təsərrüfatı, həm də sənaye (yüngül və yeyinti) daxildir: 
“Bu sektorda çox böyük potensialımız var və buradakı inkişaf həm məşğulluq problemini həll etməyə qadirdir, həm də ölkənin tarazlı və davamlı inkişafını təmin etməklə paytaxtın yüklənməsini azaltmağa. Klaster yanaşma ilə iqtisadi reformalar aparılmalıdır. Bir neçə yüksək potensiallı əsas sahə seçilməli və o sahələrə çox güclü dövlət dəstəyi verilməlidir, ciddi güzəştlər tətbiq olunmalıdır. Gömrük rüsumları aşağı salınmalıdır. Ölkəyə istehsal avadanlıqlarının gətirilməsi üçün maksimum güzəştlər tətbiq olunmalıdır. Paytaxtla regionlarda sadələşmiş vergi öhdəliyi eynidir - 2 faiz. Bu rəqəm regionlarda 1 faizə endirilməlidir. Həm sadələşdirilmiş, həm də gəlir vergisinin güzəşt tətbiq olunan hissəsi üzrə 200 minlik limit 2 dəfə artırılmalıdır. Biz xammal yox, hazır məhsul ixrac etməliyik, idxaldan da asılılıq azalmalıdır. Əminəm ki, yaxın vaxtda bunlar reallaşacaq və islahatlar öz nəticəsini verəcək. Dolayısı ilə, böyük iqtisadi artım sosial rifahı yüksəldəcək. Ən əsası bunun üçün güclü siyasi iradə ortaya qoyulub”.

İqtisadi inkişafımız yeni mərhələyə keçir

Daha sonra sorğumuzda iştirak edən iqtisadçı-alim Vüqar Bayramov da düşünür ki, son islahatlar ölkədə iqtisadi inkişafın yeni mərhələyə keçməsinin göstəricisidir:

"Əvvəlki dövrdə biznes mühitinin yaxşılaşdırılması, dövlət xidmətlərinin elektronlaşdırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xüsusən də 2019-cu ildən gizli iqtisadiyyata qarşı mübarizənin genişləndirilməsi əsas prioritetlər olub. Bu islahatlar davam edir və öz əhəmiyyətini qoruyub saxlayır. Amma müasir çağırışlara uyğun olaraq artıq islahatların yeni bir mərhələsi, xüsusilə kadr və struktur islahatlarının aparılması zərurətə çevrilib. Struktur islahatları idarəetmə aparatının çevikliyi və qərarların daha qısa zamanda, eləcə də dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi baxımından vacibdir. Strukturun çevik olması həm çağırışlara daha tez reaksiya verilməsi, həm də iş adamları və sadə vətəndaşlar üçün daha əlçatan xidmətlərin təklif edilməsi, nəticədə biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Kadrlar inkişafda çox önəmli rol oynayır və köhnə təfəkkürlü kadrlarla islahatların davam etdirilməsi mümkün deyil. Kadr islahatları ona görə vacibdir ki, yeni texnologiyalar, yeni innovasiyalar, idarəetmənin yeni metodlarla təşkilinin tətbiqinə nail olunması mümkün olsun”.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə gücləndirilir

V.Bayramovun qənaətinə görə, struktur və kadr islahatlarının birlikdə aparılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi baxımından zəruridir: “Son görüşlərdə ölkə Prezidenti tərəfindən islahatlarla bağlı vacib məqamlar, xüsusilə sahibkarların üzləşdikləri problemlər ayrıca qeyd olundu. Ölkə başçısı həll edilməli olan məsələləri və qarşıya qoyulan hədəfləri, islahatların istiqamətlərini birmənalı şəkildə müəyyənləşdirdi. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi ikili mühasibatlığın aradan qaldırılması, qeyri-rəsmi məşğulluğun minimallaşdırılması, bütövlükdə iqtisadiyyatın leqallaşdırılması baxımından vacibdir. Xüsusən də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması mübarizənin gücləndirilməsinə imkan verəcək".

İqtisadiyyatda azad rəqabət mühiti formalaşır

V.Bayramov bildirib ki, ikinci istiqamət, Prezidentin qeyd etdiyi kimi, məmurların iqtisadiyyata müdaxiləsinin zəiflədilməsi və bu kontekstdən haqsız rəqabətin aradan qaldırılması ilə bağlıdır: "Məmurların iqtisadiyyata müdaxiləsi azad rəqabətə mane olan faktorlardandır. Əksinə, kadr və struktur islahatları məhz birmənalı şəkildə həmin müdaxilənin aradan qaldırılmasına hesablanmış addımlardandır. Bu da nəticə etibarilə azad rəqabətin formalaşmasına və sahibkarın daha liberal mühitdə fəaliyyət göstərməsi və rəqabət aparma imkanlarının artırılması baxımından ümdə məsələdir. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi ikili mühasibatlığın aradan qaldırılması, qeyri-rəsmi məşğulluğun minimallaşdırılması, bütövlükdə iqtisadiyyatın leqallaşdırılması baxımından vacibdir”. 

Münbit biznes mühiti yaradılır

Alimin sözlərinə görə, mübarizənin daha bir hədəfi monopoliyadır:
“İdxal olunan bəzi məhsullara aid olan, bütövlükdə iqtisadiyyatın bir sıra sektorlarını bürüyən və son illərdə azaldılmasına baxmayaraq, qalmaqda davam edən monopoliyanın tamamən aradan götürülməsi münbit biznes mühiti, inflyasiya cəlbi baxımından çox əhəmiyyətlidir. Prezidentin bu istiqamətdə də tapşırıqları və göstərişləri var".

Ayyət Əhməd

Yazı “SƏLİS Jurnalist” müsabiqəsinə təqdim etmək üçündür.