Tural Əhməd: "Kişilər yaşlandıqca möhtəşəm ola bilirlər" - SÖHBƏT

"Yəqin mənim naxışım 36 yaşımda tutub"



Bir qadından danışanda deyirlər ki, gözəl deyil, amma onda nəsə var, o sözü çox sevirəm, o nəsə sözü məni həmişə cəlb edir



Budəfəki müsahibimiz istedadlı aktyordu. Yaratdığı obrazların hər biri fərqli olduğu qədər də maraqlıdır. «Şərq»in suallarını cavablandıran Tural Əhməd müsahib olaraq da yaddaşımızda xoş iz buraxdı.  

Sevdiyi rəng - ağ
Sevdiyi film - Azərbaycan filmi « Görüş»
Sevdiyi ətir - soyuq qoxular
Sevdiyi yemək - yarpaq dolması
Sevdiyi fəsil - Payız (Payızda yarpağın düşməyi belə insanı duyğulandırır)

- Hər vaxtınız xeyir. Son vaxtlar sizə qarşı xüsusi bir maraq yaranıb. Xarizmanız artıb deyəsən?

- Xoş gördük. Yaşla bağlı ola bilərmi? Söz var deyirlər, kişilər yaşlandıqca möhtəşəmləşə bilirlər (gülür).

- Adətən xanımlar haqqında danışarkən deyirlər ki, qadın 40-dan sonra özünü tam tapa bilir.

- Xanımlar hər yaşda gözəldirlər, bu başqa. Xüsusilə Azərbaycan xanımları gözəllikdən danışmaq haqqına sahibdirlər, çünki həqiqətən gözəldirlər. Qaldı, biz kişilərə, yəqin mənim də naxışım bu yaşda gəlib. 36 yaşım var. Görünür, illər bəzən insanı fərqli tərəfdən də təqdim edə bilir.

- Elə bir sahə ilə həyatının yollarını bağlamısan ki, həm çətin, həm məsuliyyətlidi. Bu yolu seçmək istəkdən, ya təsadüfdən yaranıb?

- Bu sahəyə gəlmək uşaqlıq arzum olub.  Fikrimcə, aktyorluq yaradıcı peşələr arasında ən maraqlılarından biridir. Kinoya maraq məndə uşaqlıqdan yaranıb. Yadımdadır, mən bizim Azərbaycan filmlərinə saatlarla baxardım. Hələ indiyə qədər aktuallığını qoruyan dünya kinosunun klassiklərini də qeyd etməyə bilmərəm. Məndə adlarını əzbər bildiyim aktyor və rejissorların adlarını siyahıya yazmaq kimi vərdiş formalaşmışdı (gülür). O zamandan bəri məndə kinoya qarşı böyük məhəbbət yaranıb. Aktyor olmurlar, aktyor doğulurlar. O zaman anlamışdım ki, mənim missiyam aktyor olmaqdır. Elə  Azərbaycan filmlərini əzbərləmiş oldum. O maraq məni aktyorluğa bağladı.

- Belə bir fikir söyləmisən ki, həyat elə lağ-lağılardan ibarət komediya filmlərini xatırladır?

- Yox, əslində mən bunu demək istəməmişəm. Demək istədiyim başqa idi. Sadəcə mən demişəm ki, indi ancaq komediya çəkilir təəssüf ki. Dram filmləri az çəkilir. Həyat ancaq lağ-lağıdan ibarət deyil, həyatın acı tərəfləri də var. 

- Çəkilən komediya filmlərinin bəsitliyi sizi narahat edir?

- Elə deməzdim. Komediya filmləri arasında yaxşıları da var. Dram filmləri çəkilsə də, komediya filmlərinə maraq böyükdü. Camaatda sanki vərdiş halına çevrilib, ya da belə filmlərin təbliğatı  çoxalıb.



- Bəlkə cəmiyyətin gülməyə ehtiyacı çoxalıb deyə bu filmlərə baxmaq tələbatı yaranır. Gündəlik həyatımızdakı streslər, məişət qayğıları filan.

- Ən çox arzuladığım odur ki, insanların üzündə, çöhrəsində gülüş, təbəssüm hissi olsun. Bu, insanı yaşadır, xoşhal edir.

- Amma düşündürərək güldürməyi bacarmaq xüsusi savad və istedad tələb edir. 

- Bəli, tam razıyam. Baxın, keçmiş Azərbaycan filmlərində bunu görə bilirdik. Düşündürərək gülmək. Hərdən aktyor gülmür, amma yaratdığı obraz tamaşaçını güldürə bilir. Situasiya gülməlidir. İndi isə qurşaqdan aşağı tamaşaçını güldürmək ənənəsi yaranıb.

- Son vaxtlar bir filmdən çox danışırlar. Rejissor Emil Quliyevin «Pərdə»lərindən söhbət gedir. «Pərdə-1» filmində çəkilsən də sonradan səni o filmlərin davamında görə bilmədik.

- İlk filmə dəvət aldım çəkildim. İkincidə epizodda varıq. 3-də yoxuq. 

-«Sonuncu pərdə»ni izləyən tamaşaçı kimi gözümdən bir nüans qaçmadı. Filmin ortasında tamaşaçıların bəziləri sanki narazılıq edib yarımçıq filmdən getdilər, iradlar filmdəki söyüşlərin çoxluğu ilə bağlı idi.

- Bilmirəm səbəb nə olub. Amma Emil Quliyevi maraqlı rejissor kimi qəbul edirəm. Kreativ fikirləri olan gəncdir. Qaldı söyüşlərə, mən ümumiyyətlə söyüşü alqışlamıram. Əgər filmdə, ədəbiyyatda  söyüş yerində işlədilmirsə və ifrata varırsa, bu ürəyi də vurur, gözü də yorur, qulağı da. Həqiqətən maraqlı rejissordu. Son  dönəmlər onun qədər maraq oyada biləcək gənc rejissor olmayıb. Aktyorla işləməyi bacarır.

- Rejissor demişkən ilk dəfə səni seriala Ülviyyə Könül çəkib, "Sirr" serialı ilə tanındın.

 - Məni peşəkar efirə çıxaran, şərait yaradan Ülviyyə xanım. Yəni o serialdan sonra dəvətlər gəldi. 

- "Dəfnə Ağacı"nda olan Kamran obrazı mənfi obraz idi.

- Kamran mənfi obraz idi. O obraz məni populyar etdi, razıyam. Hətta Almaniyadan, Belarusiyadan məni izləyənlər var idi. Şəhərə çıxanda şəkil çəkdirmək istəyənlər çox olurdu. Maraqlı senari idi. 

- Kamran obrazından sonra tamaşaçı reaksiyası necə oldu? Səni qınayan tamaşaçılar olubmu? Bildiyim qədər ictimai nəqliyyatdan istifadə edirsən?

- Tamaşaçıların reaksiyası həmişə yaxşı olub. Yaxınlaşıb şəkil də çəkdirirlər, xoş sözlər də deyirlər. Qaldı Kamran obrazına görə tamaşaçıdan sərt reaksiya da almışam. Bir dəfə bir yaşlı qadın metroda yaxınlaşıb sərt reaksiya verdi ki, «heç boyundan, buxunundan utanırsan?» deyə yaxamdan yapışdı. Kənardan da iki gənc  xanım baxırdı, söhbəti tutdular, tanıdılar ki, aktyoram. Dedim xala niyə, nə olub? Dedi ki, dünən o gədəni öldürüb uşağın üstünə atdın, səhərə qədər yata bilmədim, vicdanın ağrımadı? Dedim xala, mən Turalam, Kamran deyiləm. Dedi ki, necə yəni sən deyildin uşağın başına vuran? Yəni o qədər filmin təsirinə düşmüşdü ki, mənim Tural olmağım onun üçün maraqlı deyildi. Çarəsiz qalıb dedim, xala, Allah məni öldürsün. Qadın yumşaldı ki, yox bala, elə demədim, Allah eləməsin. Yəni belə hadisələr də olur.



- Gecə özünə bir hesabatın oldu ki, demək ki, mən bacardım, obrazı tamaşaçıya inandıraraq təqdim edə bildim.

 - Təbii ki, aktyor üçün bunu eşitmək, o reaksiyanı görmək xoşdu. Demək ki, mən mənfi obrazımı düzgün təqdim edə bildim ki, tamaşaçı buna inandı. Bu mənim uğurum sayıla bilər. Amma deyim ki, oynadığım obrazlardan heç vaxt tam razı qalmamışam. Elə düşünürəm ki, aktyor özündən tam  razı qaldısa, o, bitmiş deməkdi.

- Arzuladığın obraz varmı, onu oynamaq istəyin, iddian var?

- Tarixi filmlərin çəkilməsini istərdim. O filmlərdə rol almaq imkanım olaydı. Deyilənə görə, tarixi  şəxsiyyətlərə uyğun sima var. Şah İsmayıl Xətainin obrazını yaratmaq istəyərdim.   

- Aktyorlar arasında belə bir fikir ayrılığı da var. Teatr aktyorları qeyd edir ki, səhnəyə çıxmaq və sənə həvalə olunan obrazı təqdim etmək kamera qarşısına çıxmaqdan qat-qat çətindir. Fərq nədir, sənin hər iki mövqedə dayanmaq imkanın, təcrübən olub?

- Kinoda oynaya bilmədin kadrı, ikinci, ücüncü dublda oynaya bilirsən. Yəni o məqamı bir də oynamaq olur. Necə deyərlər, aktyorun səhvini ört-basdır etmək asandı. Amma teatrda sən tamaşaçı ilə birnəfəsə canlı ünsiyyətdəsən. Nə oynadınsa tamaşaçı onu görür. Teatr mənim üçün kinodan qat-qat məsuliyyətli və çətindi. Səhnədə səhv etmək bağışlanmır. Kinoda belə deyil. Oynaya bilməyən aktyoru belə kinoda gətirib oynatmaq və sevdirmək olur. Amma qeyri-peşəkar teatr səhnəsində heç vaxt aktyorluq edə bilməz. Bu, mümkün deyil. Elə ona görə də bəzən cavab vermək üçün bəzilərinə deyirlər ki, əgər özünü güclü aktyor hesab edirsənsə çıx səhnəyə. Səhnəyə çıxıb obraz yaratmaq hər sənətçinin gücü deyil. Səhnə  aktyorun aktyor olub-olmadığını sərgiləyəcək sübut yeridir. Sən gücünü orda nümayiş etdirə bilirsənsə çıx.

- Teatrdan danışmışkən, səncə, müasir Azərbaycan ədəbiyyatında, teatrda dram yoxsulluğu hiss olunurmu?

 - Nə deyim vallah. Bilmirəm nədən irəli gəlir. Amma bu, narahatlıq yarada bilən durumdur. Bizim maraqlı, yaxşı əsərlərimiz var əslində, amma niyə onlardan istifadə olunmur, bilmirəm. Onları səhnələşdirsələr razıyam, dram yoxsulluğu ortadan qalxar.

 - Sən həm də qiraətçisən, bunu da hər aktyor o qədər ürəklə söyləyə bilmir. Ən çox sevdiyin şeir, misralar kimlərindi?

 - Təşəkkür edirəm. Sevmədiyim şeiri səsləndirmirəm. Yəni əgər tədbirdə o şeiri səsləndirmək məcburiyyətim varsa başqa. Amma özüm sevmədiyim şeiri efirdən-filan səsləndirmərəm. Ürəyimə yatanları oxuyuram. Nədənsə, Əli Kərimin şeirini çox sevirəm. "Nə xoşbəxtmişəm onunla" şeirini həqiqətən çox sevirəm. Orda o qədər gözəl hisslər, duyğular var.



- Qadınlar səni  sevir, sən necə, qadınları sevə bilirsənmi? Qadına münasibətin necədir? 

- Həyat qadınlar olmadan maraqsız olardı. Onlar bizim analarımızdı. Onları necə sevməmək olar. Ana vətəndi. Bir də gözəl bir varlıqdı, sadiq bir varlıqdı.

- Hansı qadınlar səndə maraq yarada bilir?

- Əslində qadınlar həqiqətən zərifdilər. Amma belə bir söz var el arasında. Bir qadından danışanda deyirlər ki, gözəl deyil, amma onda nəsə var, o sözü çox sevirəm, o nəsə sözü məni həmişə cəlb edir, o qadın qarşımda oturar, onun baxışındamı, sözündə, mimikasında, səsindəmi nəsə var. O nəsə məni cəlb edə bilər. Maraq yarada bilər.

- Səncə, cəmiyyət sənətə tabe olmalıdır, ya sənət cəmiyyəti öz arxasınca  aparmalıdır. Aparmalıdırsa biz bunu bacarırıqmı?  

- Sənət özü cəmiyyətə bir nümunə olmalıdır. Elə bir dövrdə yaşayırıq ki, internet, texnologiya dövrüdür. Sənət o qədər yüksək olmalıdır ki, cəmiyyəti arxasınca apara bilsin, lokomotiv rolunu  oynaya bilsin. Sənət xüsusi bir mədəniyyətdi, bir millət, bir dövlət mədəniyyəti, teatrı ilə seçilir.