Prezident şəxsən nəzarət edir: Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir

 “Neçə illərdir ki, cənab prezidentimizin əhali ilə görüşməsi bir ənənəyə çevrilib. Ölkə başçısının Şamaxı səfərində əsas məqsədi vətəndaşların rifah halı ilə yaxından maraqlanmasıdır”.

Bu fikirləri Sherg.az-a açıqlamasında 5-ci çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, ölkə başçısı bütün məmurlar və vəzifəli şəxslərə nümunə göstərir:

“Prezidentimiz onların hər birindən tələb edir ki, xalqın içində olsunlar. Prezident zəlzələdən zərər çəkmiş evlərin necə bərpa olması ilə tanış oldu. Eyni zamanda ASAN xidmət mərkəzinin açılışında iştirak elədi, əhali ilə görüşdü və onlarla dialoqda oldu.



Bu, olduqca gözəldir və bir nümunədir. Bütün bunlar onu göstərir ki, cənab prezidentimizin rəhbərliyi ilə ölkədə görülən hər bir iş, aparılan bütün islahatlar, verilən fərman və sərəncamlar, qəbul olunan qanunların hamısı Azərbaycan insanının sosial durumunun yaxşılaşmasına xidmət edir. İnkişaf ediriksə, dövlətimiz güclənirsə, bunların hamısı vətəndaşlarımızın xeyrinədir. Bu yaxınlarda Milli Məclisdə sonuncu oxunuşda “İcbari tibbi sığorta” haqqında qanun təsdiq olundu. Bunların hər biri vətəndaşlarımızın sağlamlığının qorunması üçündür. Cənab prezidentimizin bütün siyasəti, gördüyü işlər, verdiyi tapşırıqlar dövlətin güclənməsinə və xalqın rifah halının yaxşılaşmasına yönəlib”.