Hacıqabulda ard-arda zəlzələ: Bu gün 15 təkan olub

Qurban Yetirmişli: “Biz bunu söyləmək istəmirdik”



“Hazırda Hacıqabulda seysmoloji vəziyyət normaldır. Ona görə də ortada qorxulu bir məqam yoxdur”. Bu sözləri Sherg.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, əvvəllər də Hacıqabulda xırda təkanlar var idi:

“Amma biz bunu söyləmək istəmirdik. Çünki zəlzələnin magnitudası 3-dən aşağı olduğu üçün hiss olunmurdu. Həmçinin sonuncu zəlzələ də hiss olunmayıb. Bütün bunlar baş verə biləcək hallardır. Ciddi bir hadisə yoxdur. Nə dünənki, nə də bugünkü təkanlar hiss olunmayıb. Bu gün 15 təkan olub, sonuncu təkan isə 10:49-da idi. Bu da hiss olunmayacaq səviyyədə idi. Ona görə də narahatlıq üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, Hacıqabul rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkan  Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.