Ucuz ətin nə şorbası?! – BAYRAM YARMARKALARINDAN NARAZILIQ

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il qabağı mağazalarda, marketlərdə bayramla bağlı bir çox reklamlara rast gəlinir. Ənənəvi olaraq müxtəlif satış yarmarkaları da təşkil olunub. Lakin bu satış yarmarkalarından əhalinin həqiqətən də faydalana biləcəyi sual altındadır. Onsuz da bazardakı məhsullar “od” qiymətinədir. 

Yarmarkalarda qiymətlərin ümumi bazardan fərqlənəcəyi bildirilsə də, bunu söyləmək mümkün deyil. Ya qiymətlər söyləndiyi kimi ucuz deyil, ya da ucuz olan məhsulların keyfiyyəti aşağıdır. Çünki  əhali çox zaman yarmarkaya çıxarılan məhsulların keyfiyyətindən narazılıq edir. Deyirlər ki, harda çürük-mürük, vaxtı ötmüş, büzüşmüş meyvə-tərəvəz varsa, yarmarkaya gətirirlər, almağa fərli bir şey də tapmırsan, ad da olur ki, ucuz satış təşkil edilib. Yəni, “ucuz ətin nə şorbası?!” misalını çəkirlər.  

Ekspert: “Yarmarkaların təşkilində irəliləyiş əldə etmək üçün tarladan süfrəyə birbaşa xəttin qurulması vacibdir”


İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, hər zaman bayram yarmarkalarında daha keyfiyyətli məhsullara rast gəlmək çətindir.

Ekspert qeyd edib ki, satış imkanları və keyfiyyəti yüksək olan mallar nisbətən baha qiymətə satılır: “Belə mallar bazarlara da baha qiymətə verilir. Özüm də şahidi olmuşam ki, bayram yarmarkalarında keyfiyyətsiz, amma qiyməti nisbətən ucuz olan məhsullar satılıb. Bu, hər zaman belə olub. Uzun illərdir ki, bu istiqamətdə ciddi bir dəyişiklik olmayıb. Əslində belə hallarda satıcıları, fermerləri qınamaq da olmur. Təbii ki, daha baha satmaq imkanı varsa və məhsul satılırsa, fermer həmin məhsulu yarmarkaya  çıxartmaz. Yeganə yol odur ki, keyfiyyətli məhsul bolluğu daha çox olsun, həm çoxlu ixracat edilsin, həm də daxili bazarda daha çox bolluq yaradılsın ki, qiymətlər tənzimlənsin”.

N.Cəfərlinin qənaətincə, indiki şəraitdə bayram yarmarkalarının olması bir tərəfdən yaxşıdır:

“Aztəminatlı ailələr ora üz tutub müəyyən dərəcədə bayram süfrələri üçün ərzaq məhsullarını ala bilirlər. Lakin keyfiyyət aşağı olduğu üçün bu onlara daha baha başa gələ bilər. Aldığı məhsulun bir qismi yararız olursa, həmin məhsulu istifadə edə bilmirsə, qiymət nöqteyi-nəzərdən bazarda alınan mal baha olur. Ona görə də məhsulun keyfiyyəti çox önəmlidir. Vətəndaşlar çox zaman qiymətin ucuzluğuna aldanır, amma keyfiyyətə fikir vermədikdə baha məhsul almış olur. Məsələn, 3 kiloqram kartof alırsa və onun yarım kilosu istifadəyə yararsızdırsa, ucuz almağına baxmayaraq yarım kilonun hesabına daha baha alır. Ona görə də bu tipli yarmarkaların təşkilində müəyyən irəliləyiş əldə etmək üçün illərdir dediyimiz problem həll olunmalıdır. Tarladan süfrəyə birbaşa xəttin qurulması vacibdir. Yəni, məhsul birbaşa tarladan bazara, bazardan da süfrəyə çatdırılmalıdır. Yarmarkalarda bu problem var. Çox vaxt fermer və istehsalçıların özlərini yox, arada məhsulları alıb sonra yarmarkalara satışa çıxaran iş adamlarını da görürük. Burada qeyri-qanunu bir məqam yoxdur. Amma hər halda fermerlərin bazara birbaşa çıxış imkanı daha geniş olmalıdır. Son zamanlar Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı müəyyən işlər görüb. Fermerlərin birbaşa yarmarkalarda iştirakı say etibarı ilə artır. Lakin hər halda bu problem qalıb. 

Prezidentin yanındakı müşavirədə də qeyd olundu ki, məhsuldarlıq və keyfiyyətlə bağlı aqrar sektorda ciddi problemlər var. Bu sahədə fermerlərə də müəyyən göstərişlər verilməlidir ki, keyfiyyətli məhsul istehsal olunsun. Ona görə də fermerlər daha yaxşı toxumdan, orqanik gübrələrdən istifadə etməlidir. Bütün bunlarda kompleks yanaşma olmalıdır ki, həm məhsuldarlıq, həm də çeşid artsın. Bu zaman bazar və yarmarkalarda qiymətin də aşağı düşməsi tendensiyasını müşahidə edə bilərik. İnzibati qaydada məsələnin tənzimlənməsi və qiymətlərin qoyulması, yaxud dövlətin birbaşa nəzarətinin olması ciddi effekt verməyəcək. Sovetlər dövründə hər şey dövlətin nəzarətində idi. Amma məhsulu ya talonla almaq mümkün olurdu, ya da daha keyfiyyətsiz məhsullar alınırdı. Bu səviyyəyə çatmasın deyə dövlətin nəzarət mexanizmləri daha təşviqedici və stimullaşdırıcı olmalıdır, nəinki cəzaverici. Bu təşviq mexanizmlərinin kompleks şəkildə tətbiqi məhsuldarlığın da artmasına, bol çeşidli məhsulların bazara çıxmasına səbəb ola bilər ki, bu da həm keyfiyyəti artırar, həm də qiymətləri münasib edər”.