Mənsum İbrahimov Ağdamdan YAP-ın namizədi oldu? – Xalq artistindən CAVAB – ÖZƏL

Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimovun Ağdamdan deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı xəbər yayılıb. 

Sosial şəbəkə istifadəçiləri şərhlərdə bildiriblər ki, M.İbrahimov ya Ağdam kənd ya da Ağdam şəhər dairələrindən birindən namizədliyini irəli sürəcək. 

Deyilənlərlə bağlı Sherg.az-a açıqlama verən Xalq artisti, xəbəri nə təsdiq edib, nə də ki, təkzib: 

“Hazırda xaricdəyəm, Türkiyədəyəm. Bakıya gələndə ətraflı danışarıq. Deputat olmaq, xalqımı Milli Məclisdə təmsil etməyə hazıram. Amma qəti bir söz deyə bilmərəm. Onu da deyim ki, mənim cəmiyyətdə, xalq arasında hazırkı statusum kifayət qədər üstündür. Eyni zamanda, həm də indiki statusum ömürlükdür. Mən öz sənətimlə xalqıma xidmət edirəm. Bundan da məmnunam”. 

M.İbrahimov seçkiyə qatılmaq istəyən sənət adamlarına uğurlar arzulamağı da unutmayıb: 

“Hər kəsin öz fikri, yanaşması var. Mən deputat olmaq istəyən sənət adamlarının iddiasına da təbii baxıram, onlara uğurlar diləyirəm”. 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-da keçiriləcək. Hazırda deputat olmaq istəyənlər namizədliyini irəli sürməkdədirlər, imza toplamaq mərhələsindədirlər. 

Axşam.az-ın əldə etdiyi məlumata görə isə, M.İbrahimovun adı Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədləri arasındadır.

Partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.