Xəbəriniz olsun: Telekanallar Yeni il gecəsinə maraqlı proqramlar hazırlayır

Telekanallar Yeni il gecəsinə xüsusi hazırlaşırlar. Maraqlı layihələrlə tamaşaçı qarşısına çıxmaq və həmin gecə reytinq əldə etmək isə hər bir kanalın marağındadır.  Maraqlandıq ki, yerli telekanallarımız Yeni il gecəsi tamaşaçılara hansı xüsusi proqram təqdim edəcəklər. 

"Space" TV-nin proqram departamentindən «Şərq»ə verilən məlumata görə, kanal Yeni il gecəsi həmişə olduğu kimi «Bu şəhərdə»nin yeni konsertini tamaşaçılarına təqdim etməyə hazırlaşır: 

«Hər il olduğu kimi, bu il də "Space" kanalı ənənəsinə sadiq qalaraq «Bu şəhərdə»nin sonuncu hələ efirə getməyən konsert proqramını tamaşaçılarına təqdim edəcək. Bundan əlavə kanal bir neçə xüsusi Yeni il çəkilişləri hazırlayıb. Bir sözlə, "Space" Yeni ildə tamaşaçılarına maraqlı gecə vəd edir».

ATV kanalının xəbərlər departamentinin  rəhbəri Anar Şükürovun verdiyi məlumata görə, Yeni il gecəsi maraqlı və çox rəngarəng qonaqları ilə tamaşaçı qarşısına çıxacaq: 

«Təbii ki, ATV kanalı Yeni il gecəsinə xüsusi şəkildə hazırlaşıb. Biz fərqlənməyi bacarmışıq. Bunu işimizlə də sübut edə bilirik. Yeni il gecəsi ilin yekunu ilə bağlı xəbərlərin xüsusi  buraxılışı olacaq. İl ərzində əldə olunan uğurlar, iqtisadi, siyasi uğurlarımız barədə hesabat veriləcək. Eyni zamanda çox rəngarəng verilişlərlə tamaşaçıların qarşısına çıxırıq. Gecədə şou-biznes, sənət aləmində olan tanınmışlar, sənət adamlarının ifasında maraqlı musiqilər, əyləncəli səhnəciklər tamaşaçılara təqdim olunacaq. Bir sözlə, ATV-nin izləyicilərinə bu il də maraqlı gecə vəd edə bilərik. Kanalımız adından qarşıdan gələn Yeni il və Həmrəylik günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!»

ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Xəyal İbrahimli «Şərq»ə eksklüziv açıqlamasında kanalın Yeni il gecəsinə xüsusi şəkildə hazırlaşdığını qeyd etdi: 

«Hər il olduğu kimi, bu dəfə ARB-də maraqlı konsert proqramları olacaq. Bu il də ənənələrə sadiq qalaraq "Oyaq olun" adlı konsert proqramı ilə tamaşaçıların qarşısında olacağıq. Bundan əlavə ilk dəfə olaraq "Məhəllə 3" məhz ARB-nin efirində tamaşaçıların ixtiyarına veriləcək. Hətta tamaşaçıların bakılı oğlanlar kimi tanıdığı "Planet Parni iz Baku"nun konsert proqramını da ARB-nin efirində izləyə biləcəklər. Hər gün maraqlı proqramlar və verilişlərlə tamaşaçıların qarşısında olacağıq. Bir sözlə, bizi izləyən tamaşaçılar hər zaman olduğu kimi, ARB-dən ayrıla bilməyəcəklər.
Son olaraq, üzümüzə gələn 2020-ci ildə bütün ARB kollektivi olaraq hər kəsə sağlam həyat və firəvanlıq arzu edirik. Bu yeni il hər kəsə düşərli olsun. Gözünüz də daim ARB-də olsun. Çünki biz fərqimizdəyik!".