Namizədlərin təbliğatı: Onlayn media ilə yanaşı, çap mətbuatına da üz tutmalıdırlar - AKTUAL

Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərinə namizədlərin irəli sürülməsi başa çatdı. Qeydiyyata alınma prosesi isə yanvarın 17-cək davam edəcək. Bundan sonra isə təbliğat-təşviqat mərhələsinə start veriləcək. 

Seçkilərdə təbliğatların xüsusi önəm kəsb etdiyini nəzərə alsaq, namizədlərin son seçkilərdə mətbuat üzərindən geniş kampaniya aparmasının şahidi olmuruq. 

Xüsusən də çap mediasında reklamının getməsində maraqlı olan namizədlərin sayı azlıq təşkil edir. Bunun əvvəlki seçkilərdə şahidi olmuşuq. Onlar əsasən sosial şəbəkələrdə reklamlarına üstünlük verirlər. Əslində isə mütəxəssislər hesab edirlər ki, namizədlər işini media üzərindən qurub, çap materialları ilə təbliğat aparsalar daha effektli olar. Xüsusilə kənd rayonlarından namizədliyini irəli sürən şəxslərin çap mediası vasitəsilə təbliğat apara, qəzetlərdə platformalarını dərc etdirib, sonra qəzet nüsxələrini seçicilər arasında paylaya bilərlər. 

Azərbaycanda kifayət qədər demokratik və sağlam seçki mühitinin formalaşdığını deyən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Sherg.az-a bildirib ki, bu seçki mühiti eyni zamanda sağlam rəqabəti də zəruriləşdirib. 



Bəhruz Quliyev: “Yazılı mətbuatın öz missiyası var, peşəkarlığı təmin etmək”


Baş redaktorun sözlərinə görə, budəfəki seçkilər böyük sayda namizədlərin rəqabətinin olacağını göstərir:

“Sözsüz ki, rəqabətdə mətbuatın da rolu çox böyükdür. Qəzetimiz bütün seçkilərdə xüsusilə YAP-ın namizədlərinin təşviqatını aparır. Ümumilikdə isə bizə müraciət edən hər bir namizədin təşviqatı ilə də məşğul oluruq”. 

Namizədlərin təbliğatlarını yalnız sosial şəbəkə üzərindən aparmasına gəlincə, baş redaktor bildirib ki, artıq dünya elektron KİV-lərə meyillənib:

“Bu qlobal dünyanın gətirdiyi yenilik, eyni zamanda problemlərdir. Məlumdur ki, biz də dünyanın bir parçasıyıq. Dünya mətbuatında baş verən proseslər Azərbaycan mətbuatından yan keçmir. Bu gün dünya mətbuatının qarşısında duran bir sual var: “Yazılı mətbuata tələbat hansı səviyyədədir?”. Yazılı mətbuatla onlayn medianı müqayisə etmək istəmirəm, çünki bu, düzgün deyil. Yazılı mətbuatın öz missiyası var, peşəkarlığı təmin etmək”. 

B.Quliyev bildirib ki, seçki ərəfəsində namizədlər özlərini təqdim etmək üçün daha çox innovativ vasitələrdən istifadə etməlidirlər:

“Bütün bunlar dünyanın tələbidir, namizədlərin deyil. Hazırda hər kəs mobil telefonu ilə dünyaya çıxışını təmin edə bilirsə, deməli namizədlərin təşviqatı da əsasən internet üzərindən getməlidir. Rayon yerlərindən namizədliyini irəli sürənlər də internet vasitəsilə təşviqatı düşünürlər. Amma hansısa bir çoban öz musiqi qabiliyyətini mobil telefonuna çəkib internetdə yaya bilirsə, deməli dağ kəndində yaşayan insanlar müasirləşib. Artıq dağ kəndlərində yaşayanlar da telefonla müxtəlif görüntüləri yaya bilirsə, bu vasitəyə zərurət yaranıb. Düzdür, şəhər yerlərindən namizədliyini verənlər xüsusilə elektron mediaya üstünlük verirlər. Buna baxmayaraq avtomobillərdə, müxtəlif yerlərdə öz şəkillərini, plakatlarını da vuracaqlar. Əsas odur ki, sağlam rəqabət mühiti var. Namizədlər bu sağlam mühitdən istifadə edib real mübarizə apara biləcəklər”.