Susqun Kasprşik: Diplomatla görüş problemi həll etməyəcək - ŞƏRH

ATƏT münaqişənin tənzimlənməsi ilə bağlı missiyasında kəskin dönüş yaratmalıdır



Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb. Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.  

Görüşü şərh edən politoloq Qabil Hüseynli “Şərq”ə deyib, ki, Kasprşiklə görüşə ehtiyacın olub-olmaması barədə fikirlər çox ziddiyətlidir. 

Onun sözlərinə görə, guya, Kasprşik uzun müddətdir ki, bölgədə atəşkəs rejiminə nəzarət edən qrupun sədridir:



Qabil Hüseynli: “Ərazilərimizi işğal edən və cəbhədə atəşkəs rejimini pozan Ermənistandır. Amma ermənilərin məzəmmət edilməsinin şahidi olmamışıq”


“Hər zaman bölgədə atəşkəs rejimini pozan erməni tərəfidir. Biz hələ də ermənilərin bununla bağlı məzəmmət edilməsi və günahlandırılmasının şahidi ola bilmirik. Ermənilər işğalçı olaraq ərazilərimizdə oturublar. Fikrimcə, ATƏT bu istiqamətdə öz missiyasında kəskin dönüş yaratmalıdır. Onlar istəyirlər və təşəbbüs qaldırırlar ki, guya, monitorinqin daha effektli olması üçün təmas xəttinə yeni qurğular quraşdırılmalıdır. Bütün bunlar mənə gülməli gəlir. Çünki Azərbaycan işğal edilmiş ərazilərimizdə bizim mövqeləri işğal etmiş ölkəyə hansısa beynəlxalq qurumun dövlətləri tərəfindən nəzarət missiyası təşkil edir. Bunun əvəzinə başqa işlər görmək lazımdır. Məsələn, ermənilərin işğal etdikləri ərazilərdən çıxarılması üçün tədbirlər görülməlidir”. 

Politoloqun qənaətincə, Azərbaycan BMT-nin nizamnaməsinə görə, ərazi bütövlüyünü təmin etmək üçün anti-terror əməliyyatları edə və yaxud cəbhə xəttində oturmuş erməni əsgərlərinə atəş aça bilər: 

“Bu, Azərbaycanın tam hüququdur. Amma biz beynəlxalq sənədlərdə hələ də 20 faiz torpaqlarımızı ələ keçirən ermənilərə qarşı işğalçı Ermənistan sözünü işlədə bilmirik. Ona görə də Kasprşiklə görüş bəzi nüansları həll etməyəcək. Hər halda Kasprşikin fəaliyyəti o qədər də qənaətbəxş hesab edilməməlidir. Çünki o, heç olmasa, məlumat verməlidir ki, Azərbaycanın torpağını işğal etmiş ermənilər, üstləlik, dinc əhaliyə atəş açırlar. Bu hadisələr bölgədəki flora və faunaya da ciddi ziyan vurur, insanların taxılını, əkinlərini yandırırlar. Bir sözlə, erməni vandalizminin həddi-hüdudu yoxdur. Kasprşik bütün bunları görməli və hesabatına yazıb ATƏT-in qərargahına çatdırmalıdır”.