Plastik torbalardan imtina: Əhali yubanmadan “bazar zənbili”nə keçməlidir

“Bütün növ mal sektorunda dünyanı çirkləndirən Çinin plastik məmulatlardan imtina edilməsi çox maraqlı və təəccüblüdür”. Bunu Sherg.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Qurum rəhbəri bildirib ki, Çin hökuməti və ölkə əhalisi plastiklərin nə qədər təhlükəli olduğunun fərqinə varmaqdadır: 

“Maraqlıdır ki, Azərbaycandan dəfələrlə geridə qalmış Nepal ölkəsi də plastik torba və qablardan imtina edib. Azərbaycan üçün bu məsələ çox aktualdır. Xəzər dənizi və çaylarımız, digər su hövzələri, o cümlədən ətraf mühit kifayət qədər çirklənib. Biz də gecikmədən plastiklərin istifadəsindən vaz keçməliyik. Əlbəttə, bunu birdən-birə etmək mümkün deyil. Proses tədricən həyata keçirilməlidir. İlk növbədə əhalinin mədəniyyəti yüksəldilməlidir. Tayland kimi geridə qalmış ölkələrdə belə əhali dənizqırağı sahələrdə plastik torbaları, hətta siqaret kötüklərini də yerə atmır. Çimərliklərə plastik tullantıların atılmaması istiqamətində bizdə maarifləndirmə aparılmalıdır. Bakıda təhsil alan yeniyetmədən soruşurlar ki, inək nə ilə qidalanır? Uşaq “plastik torbalarla” cavabını verir. Çünki o yeniyetmə daim inəklərin zibilxanalarda plastik torba “yediyinə” şahid olub. Əlbəttə, çox anormal haldır. Ona görə də yubanmadan bu işə başlamalıyıq və ilk növbədə maarifçilik işini həyata keçirməliyik”. 



Eyyub Hüseynov: “Mən cavan olsaydım, həsir zənbilinin biznesi ilə məşğul olardım və onu dünya bazarına çıxarardım”


Ekspert bu istiqamətdə ilk addımların  atılmaqda olduğunu söyləyib: 

“Bir çox marketlərdə plastik torbaların materilanı xeyli nazildiblər. MDB məkanında olan təcrübə bizdə də tətbiq olunmalı, torbalar pulla satılmalı və şəffaf olmalıdır. Paralel olaraq əhali yavaş-yavaş “bazar zənbilləri”nə keçməlidir. Ən optimal variant həsir zənbillərdir. Mən cavan olsaydım, həsir zənbilinin biznesi ilə məşğul olardım və onu dünya bazarına çıxarardım. Ən ekoloji bazar zənbili həsirdən toxunmuş qablardır. Avtomobilimdə daim o zənbildən gəzdirirəm və bazarlığı onunla edirəm”.  



E.Hüseynov plastik materialların təhlükəli olmasına dair regionlarda maarifləndirmə işləri aparacaqlarını bildirib: 

“Bununla bağlı hökumətə layihə təklif etmişik. Plastik qablaşdırmalardan qurtulmağın yolu o qədər də asan deyil. Bunun üçün şüşə və kağız əsaslı qablar hazırlanmalıdır. Kağız və karton əsaslı qablaşdırma materialları bizdə də zamanla tətbiq olunmalıdır. Amerikadan bunların nümunəsini gətirmişəm. Şirələr, sular bu cür materiallarla qablaşdırıla bilər. Hökumət, QHT-lər və əhali əl-ələ verib buna nail olmalıyıq”. 

Qeyd edək ki, Çin plastik torbalara və borulara qadağa qoymaq qərarına gəlib. Çünki okeanlardakı bütün zibillərin dörddə biri məhz Çinin payına düşür. Hökumət plastikin istehsalı, satışı və istifadəsi üçün yeni proqram qəbul edib. Ölkənin əyalət paytaxtlarında və digər böyük şəhərlərdə 2020-ci ilin sonunadək, qalan şəhər və qəsəbələrdə isə 2022-ci ildə birdəfəlik plastik torbalardan imtina ediləcək. Çinin müxtəlif ərazilərində plastiklərin növündən asılı olaraq, qadağalar fərqli zamanlarda qüvvəyə minəcək. Məsələn, 2020-ci ilin sonuna qədər plastik çöplər bütün ölkə boyu, restoranlarda plastik qablar isə ancaq iri şəhərlərdə qadağan ediləcək.