Tacir Şahmalıoğlu: “Fədayəyə ancaq yaxşı yol göstərmişəm” - MÜSAHİBƏ

"Məndən ayrılandan sonra necə yaşayıbsa, hansı həyat tərzini seçibsə, bu artıq şəxsi seçimidir"



"Xanımım güclü qadın olduğu üçün də mənim ailəmi kimsə sarsıda bilməyib"


Sənət aləmində qalmaqallar səngimək bilmir. Hələ o sənətçilər duet ortaqları olublarsa, can deyib can eşidənlər, bir qabdan su içənlər sonradan düşmənə çevrilə də bilirlər. Vaxtilə duet ortaqları olan Tacir Şahmalıoğlu ilə Fədayə Laçın arasında da duet ortaqlığı bitəndən sonra inciklik qalmışdı. Fədayə həbs olunandan sonra isə xanım müğənninin bacısı İlahə Fəda Tacirə qənim kəsildi. 

Məlumat üçün qeyd edək ki, Tacirlə Fədayə Laçın arasında deyil, bacısı arasında yaranan düşmənçilik artıq təhqirlərlə diqqət çəkir. Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal uzun zamandır davam edir. Buna səbəb İlahənin bacısı Fədayə Laçınla T.Şahmalıoğlu arasında sevgi münasibətləri olması barədə yayılan şayiələrdi. 

"Ona heç xanım demirəm, o söz ona düşmür. İlahə Fəda, sən xalq üçün nə etmisən?". Bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan "Ona qalsa" proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib: "Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən, bilinmir.
Kimliyimi sübut edərəm, amma heyif ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən ki, çıxıb tərbiyədən danışırsan?".
Həmin an canlı yayıma zəng edən İlahə Fəda qısaca "İt hürər, karvan keçər. Bu qədər" söyləyərək, telefonu bağlayıb.

Tacirlə əlaqə yaratdıq. «Şərq»ə açıqlama verən müğənni suallarımızı cavablandırıb:

- Necəsiz, Tacir müəllim?

- Çox təşəkkür edirəm. Yaxşıyam.

- Son günlər yenə gündəmdəsiz.

- Mən gündəmə gəlmək marağında olan insan olmamışam. Heç vaxt efirə çıxmaq üçün kimsəyə yalvarmamışam. Sadəcə sənətimlə məşğul olmuşam. Xalqın sevgisini görmüşəm.

- Bəs İlahə xanımla aranızda yaşananların səbəbi nədir? Bildiyimiz qədər Fədayə Laçınla da danışırsız, toylarda duet oxuyursuz.  

- Onun adına qadın demək günahdı. Qadının zərafəti, xanımlığı olar. O qadın ki, rahat şəkildə söyüş söyməkdən çəkinmir, onun qadınlığı qalmır. O adamın adını eşidəndə inanın insanın ürəyi bulanır. Mən bilmirəm o özünü kim hesab edir? Axı sən kimsən? 

- Siz axı Fədayə ilə danışırsız. İlahə niyə bundan narahatdı?

- Bəli, Fədayə ilə danışırıq. Ona bu gün də hörmətim var. Fədayəyə olan hörmətimə görə başqa söz də demirəm, başqa addım da atmıram.

- Yəni sizi təhqir etdiyini nəzərdə tutursuz?

- Fədayəyə olan hörmətimdən yenə də susuram. Amma mən susuramsa, o demək deyil ki, sən istədiyini söyləyə bilərsən. İnsanın üzü də içi qədər iyrənc olub. Allah onu elə vurub ki, insanlığı üzündən də silinib. Sənə kişiliyimi sübut etməyə ehtiyacım yoxdu. Mənim kişiliyimi Fədayə bacın daha yaxşı bilir. Nə qədər sözümə sahib olduğumu da, mərdliyimi də bacın bilir, sənin bilməyinə ehtiyac qalmır.

- Sizdə sübut üçün nə isə videomaterial var demisiz...

- Bəli, məndə lazım olan material var. Sadəcə mən susuram. Amma qorxduğumdan deyil, abrımdan susuram. Əgər İlahə o kaset üçün belə narahatdısa, bu hərəkətlərlə nə isə əldə edə bilməz. Mən onu göstərən kişi olsaydım, bu günə qədər üzə çıxarardım. Adamın insanlığı olmayanda elə bilir kənarda da insan qalmayıb. Mən Fədayəyə hörmətimdən artıq hərəkət etmirəm. Kişiliyimə sığışdırmıram. 

- Övladınızla olan paylaşımınıza niyə bu qədər sərt reaksiya verib? 

- Onun psixologiyasında çox güman narahatlıq var. Övladımla olan sevincimi, xoş dəqiqəmi öz şəxsi səhifəmdə paylaşıramsa, buna görə kimdənsə icazə almalıyam ki? Nə qəbahət iş tutmuşam ki, bunu gizlədim? Uşağım dünyaya gəlib. Sevincimi bölüşmüşəm. Onu çimizdirəndə paylaşım etmişəm. Burda nə var axı? Sən niyə yanırsan? Mənim ailəm, şəxsi həyatım mənimdir. İstədiyim şəkli də paylaşaram, videonu da. Sən niyə narahatsan?   

- Yaşınıza eyham vuraraq sizə nə isə çatdırmağa çalışır sanki...

- 54 yaşımda yenidən ata olmuşam. Burda nə var ki? Ata olmaq üçün yaşın nə önəmi var. Atalarımız, nənələrimiz var idi ki, bir evdə 15 uşaq dünyaya gəlirdi. Şərq dövlətlərində, müsəlmanlarda bu kimi faktlar yetərincə olub, var da. Mənim övladım dünyaya gəlib, bundan gözəl nə baş verə bilər ki, insanın həyatında. O sevincimi yaşayıram. Bundan kimsə narahatlıq yaşayırsa, bu onun acizliyidir.

- Bacısı Fədayənin həbs olunmağında, narkotikə düşkün olmağında sizi suçlayıb...

- Həqiqətən insan Allahından qorxmalıdır. O, qəlbini şeytana satan insandı. O qadının içi o qədər nifrət, kin doludur ki, simasını itirib. Fədayə mənim yanımda olanda nə pis vərdişləri var idi, nə də pis yolda idi. Ona məsləhətlərim də olurdu, hətta dost kimi qadağalarım da olub. Mənimlə bir yerdə olan zaman isə Fədayə haqqında artıq bir kəlmə deyilmirdi. Fədayə məndən ayrılandan sonra necə yaşayıbsa, hansı həyat tərzini seçibsə, bu artıq şəxsi seçimidir. Mən kiməm ki, ona nə isə deyəydim. Fədayə sərbəst insan idi. Şəxsi həyatında da istədiyi kimi yaşayıb. Səhv edib, doğru yaşayıb, bu artıq Fədayənin öz işidir. Mən ona ancaq yaxşı yol göstərmişəm. Yaxşılıq etmişəm, yanımda olanda onu qorumuşam. Bir Allah, bir də Fədayə özü buna şahiddir. 

- Yoldaşınız bütün bu söz-söhbətlərə necə reaksiya verir?

- Ailəm barədə danışmağı o qədər sevməmişəm. Amma ailəmi də gizlətməmişəm. Evimə çəkilişə də gələnlərdən biri siz olmusuz. Ailəmizi tanıyırsız. Mənim xanımımın nə qədər kübar, xanım-xatun olduğunu bizi tanıyan hər kəs bilir. Yetərincə təmkinli və səbrli qadındır. Güclü qadın olduğu üçün də mənim ailəmi kimsə sarsıda bilməyib. Təbii ki, zamanında qısqanclıqları da olub. Bu gün isə baş verənlərin səbəbini bildiyi üçün evimizdə bu barədə söz-söhbət olmur. O mənim kimliyimi bilən qadındı. Artıq söz də deməyimə lüzum qalmır. Allah xəstə ruhlara, xəstə təfəkkürlü insanlara rəhm etsin. Başqa deyəcək sözüm yoxdu.