Gəncədə Əsgər Ağa Goraninin evi sökülüb? - FOTO

Sosial şəbəkələrdə Gəncənin qədim binalarından biri olan jurnalist, maarifçi və ictimai xadim  Əsgər Ağa Adıgözəlov Goraninin evinin sökülməsi barədə məlumat yayılıb.

Bildirilib ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən binada artıq söküntü işləri başa çatıb.

Məsələ barədə Oxu.Az-ın əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin bina dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısında deyil.

Gəncə Şəhər İcra Hakimiyytindən isə saytımıza deyilib ki, Gəncənin qədim binalarından biri olan Əsgər Ağa Adıgözəlov Goraninin evinin sökülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin açıqlamasına görə, sökülən binanın Əsgər Ağa Adıgözəlov Goranin mülkü olması ilə bağlı heç bir tarixi fakt yoxdur. Arxiv sənədlərində Əsgər Ağa Goraninin yaşadığı evin Gəncənin başqa hissəsində yerləşdiyi göstərilir.

Həmçinin, bildirək ki, sökülən bina tarixi əhəmiyyətə malik olmadığından Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli və ölkə əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınmayıb”. 

Qeyd edək ki, Əsgər Ağa Gorani tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. Mirzə Adıgözəl bəy Azərbaycan tarixinə “Qarabağnamə”nin müəllifi kimi müstəsna xidmətilə daxil olub.

Eyni zamanda, Əsgər Ağa böyük maarifpərvər xidmətləri ilə tariximizdə iz qoyub. Milli teatrın yaranmağa başladığı dönəmdə Mirzə Fətəli Axundzadənin pyesləri əsasında səhnəyə qoyulan əsərlərdə müxtəlif obrazlar canlandırıb. 

Əsgər Ağa Goraninin evinin bir müddət Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki binası kimi fəaliyyət göstərdiyi bildirilir.