Yeni yaradılan ixtisas: Tibb bacıları arasında rəqabət yaranacaq

Azərbaycan Tibb Universitetində (ATU) yeni ixtisas açılır. Universitetdən verilən məlumata görə artıq burada “Tibb bacısı” ixtisası üzrə təhsil almaq da mümkün olacaq. Bildirilib ki, indiyə kimi “Tibb bacısı” ixtisası üzrə yalnız natamam ali təhsil almaq  mümkün idi. Bundan sonra isə həm də ali təhsilli tibbi bacıları insanların səhhətinin keşiyində dayanacaq.  

Məsələ ilə bağlı Tibb Elmləri Doktoru, professor Adil Qeybullanın fikirlərini öyrəndik. O, Sherg.az-a addımın əhəmiyyətindən danışaraq bildirdi ki, indi tələbələr həm də təcrübi bacarıqlara yiyələnəcəklər:

“Son illər ölkəmizdə tibb sahəsinin inişafı üçün müəyyən addımlar atılır. Bu da onlardan biridir. Dünyanın hər yerində tibb işçisinin hazırlanması üçün 4 il müddət nəzərdə tutulub. Əvvəllər  tibb bacıları orta tibb məktəblərində, yəni “texnikum”larda hazırlanırdı. Və onlara cəmi il yarım tibbi biliklər aşılanırdı. Praktika ilə tanış olmaları üçün isə heç bir şərait yaradılmırdı. Əlbəttə, baş verən dəyişiklik ixtisaslı kadrların yetişməsi istiqamətində  mühüm əhəmiyyətə malikdir. İndi tələbələr təhsil aldıqları müddət ərzində təkcə nəzəriyyə ilə kifayətlənməyəcək, həm də praktik biliklər əldə edəcəklər”. 



Professor: “Ailə həkimi” ixtisası üzrə də tibb işçiləri hazırlanmalıdır”


Professorun fikrincə, artıq digər tibb bacıları ilə tam ali təhsilli tibb bacıları arasında rəqəbat yaranacaq ki, bu da inkişafa səbəb olacaq: 

“İndiyə kimi fəaliyyət göstərən tibb bacıları orta tibb məktəblərində təhsil almışdılar. Bundan sonra onlar da özlərini inkişaf etdirməyə, biliklərini təkmilləşdirməyə çalışacaqlar. Nəticədə Azərbaycan səhiyyəsi qazanacaq”. 

A.Qeybulla onu da əlavə etdi ki, “ailə həkimi” ixtisası üzrə də tibb işçiləri hazırlanmalıdır:

“Əvvəllər sahə həkimləri var  idi. Lakin,  məncə, ailə həkimlərinin olması daha məqsədəuyğundur. Çünki ailə həkimləri ailənin bütün fərdlərinin immunitetinə bələd olur”.