Süpürgəçilər ölümlə üz-üzə qalırlar: Cuzi maaşla… - AKTUAL

"Hazırda süpürgəçilər ölümlə üz-üzə qalaraq hər gün yollarda təmizlik işlərinə baxırlar. Süpürgəçilərin ehtiyac oldu-olmadı hər gün cuzi maaşla soyuqda və şaxtada işlədilməsinin hec cürə tərəfdarı deyiləm".

Bu fikirləri Sherg.az-a açıqlamasında son günlər ölkəmizdə süpürgəçilərin qəzalarda ölməsindən danışarkən "Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert təəssüflə bildirib ki, ölkəmizdə süpürgəçi xanımların maşınla vurulması halları azalmır:

"Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə bütün yol-nəqliyyat hadisələri kamera görüntüləri əsasında təhlil olunur və hadisələrin baş vermə səbəbi üzə çıxarılır. Eyni zamanda belə bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən addımlar atılır. Sonuncu dəfə Heydər Əliyev prospektində "Şəfa" stadionunun qarşısında süpürgəçi xanım maşınla vurulub. Məlum oldu ki, oradakı süpürgəçilərin və piyadaların vurulması piyada keçidlərinin olmaması ilə bağlıdır. Belə halların qarşısının alınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən piyada keçidi tikilib. Artıq vətəndaşlar tam olaraq həmin piyada keçidindən istifadə edə bilirlər. Ümid edirəm keçidin tikilməsi müəyyən qədər xoşagəlməz hadisələrin qarşısını alacaq".



Elməddin Muradlı: “Dünyanın inkişaf etmiş ölkələrində təmizlik işlərinin xüsusi texnikalar vasitəsilə görülməsina dair təcrübə var”


E.Muradlı qeyd edib ki, süpürgəçilərin bütün yollarda hərəkəti və iş prosesi ciddi nəzarətdə olmalıdır:

"Yüksək sürətli yollarda xüsusi texnikalar işləsə, xoşagəlməz hallar azalar. Çünki süpürgəçilər səhər saatlarında işə başlayırlar və o, saatlarda hava qaranlıq olur. Təbii ki, bu zaman da işıqları söndürürlər. İşıqları söndürməsələr, süpürgəçi ölümlərinin qarşısı müəyyən qədər alına bilər. Bakı şəhər İcra Hakimiyyəti süpürgəçiləri işlədən və onların həyatının təhlükəsizliyinə cavabdeh olan bir qurumdur. İşıqların söndürülməsi isə başqa qurumun üzərindədir. Hər iki qurum bir-biri arasında razılığa gəlsələr, səhər saatlarında işıqları söndürməsələr və işçilərin təhlükəsizliyi üçün müəyyən addım atsalar, bəlkə vəziyyətdən çıxmaq olar".

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində təmizlik işlərinin xüsusi texnikalar vasitəsilə görülməsina dair təcrübə var:

Ölkəmizdə elə küçələr var ki, oranın hər gün süpürülməsinə ehtiyac yoxdur. Süpürgəçilərin kifayət qədər az maaşla soyuq havalarda işlədilməsi düzgün deyil. Onların təhlükəsizliyi üçün lazım olan bütün tədbirlər görülməlidir. Aidiyyəti qurumların bu işə ciddi yanaşması olduqca vacibdir".