Ekspert dəm qazı yaradan amilləri SADALAYIRQorunmağın yolları var

 
“Qaz sobalarına kənar müdaxilələrin edilməsi çox təhlükəlidir”

“İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır”


Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov fevral ayında 50 nəfərin dəm qazından zəhərləndiyini bildirib.  Həkimin sözlərinə görə, yanvar ayı ilə müqayisədə fevral ayında dəm qazından zəhərlənmə diaqnozu ilə 270 nəfər müraciət edib:
“Fevral ayında dəm qazından zəhərlənmə ilə müraciət edən şəxslərdən 50 nəfər toksikoloji şöbəyə qəbul olunub. Onların 12 nəfəri azyaşlı olub. Yanvar ayı ilə müqayisədə bu ay dəm qazından zəhərlənmə halları artıb. Belə ki, yanvar ayında dəm qazı ilə zəhərlənmədən müraciət edən 105 nəfərdən 36-sı toksikoloji şöbəyə qəbul olunub. Zəhərlənmələrin əksəriyyəti isə təəssüf ki, hamam otaqlarında qeydə alınıb”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz, havadan yüngül olan qazdır:
"İnsanlar dəm qazının nədən yarandığını bilməlidirlər. Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir. İnsanlar bunu mütləq bilməlidir”.

Ekspert dəm qazını yaradan səbəblərdən danışıb: 

“Qaz cihazlarına kənar müdaxilələr olarsa və avadanlıqlar standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hansısa nasazlıq, dəlik və sızma olarsa dəm qazı yarana bilər. Həmçinin, qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır”.

Bundan başqa, ekspert diqqətə çatdırıb ki, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir:

“Evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Belə desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə dəyişməlidir – səhər və axşam. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq gərəkdir”.

E.Nurəliyev bildirib ki , dəm qazları əsasən hamam otağında və mətbəxdə əmələ gəlir:

“Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan təlabatları daha çoxdur. Həmin vaxt da insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insan ölümünə 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman mütləq nəfəsliklər açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. İnsanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar".

Ekspert bildirir ki, qızdırıcı sobalar bazarlarda və xüsusi mağazalarda satılır:

"Bazara qızdırıcı vasitələr istehsalçı şirkətlərdən və ya xarici ölkələrdən daxil olur. Xarici ölkələrdən gələn qızdırıcı vasitələrə də bir neçə dövlət qurumu nəzarət edir. Və ya yerli qızdırıcı vasitələr bazara çıxmazdan əvvəl şirkətlər dövlət qurumundan sertfikat alırlar. Bu qızdırıcılar sobalar yoxlanılmasa, bazara çıxarıla bilər? Xeyr, çıxarıla bilməz! Bunlar bir neçə dövlət qurumunun müştərək görə biləcəyi bir işlərdir. Bununla bağlı dövlət qurumları mütamadi olaraq yoxlamalar aparmalıdırlar. Bunların satıldığı mağazalarda monitorinq keçirilsə, standarta uyğun olmayan vasitələr dövriyyədən çıxarılsa, həmin şirkət rəhbərləri, sahibkarlar cəzalansa, təbii ki, sonra heç kəs bu qızdırıcıları bir daha bazara çıxarmaz. Əlbəttə, bu da 100 faiz sığortalanmaq demək deyil. İnsanlar da evdə bu əməllərə riayət etməlidirlər. Dəm qazından qaçmaq olar. Bu, mümkündür. Yenə də deyirəm, mütləq təhlükəsizlik qaydalarına əməl olunmalıdır”.