Elçin Şıxlı: “Çalışacam ki, fəaliyyətimi eyni tempdə davam etdirim”


Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bu günlərdə maraqlı layihə çıxış edib. O, müəllifi olduğu “Ceviz qurdu” hekayəsini müxtəlif fotoların fonunda səsləndirərək sosial şəbəkədə yayıb. Sosial şəbəkə istifadəçiləri audio formatı maraqla qarşılayıblar. 

Təşəbbüs müsbət rezonans doğurduğu üçün baş yazarla əlaqə saxlayıb, söhbətləşdik. 

-İdeya necə yarandı?

-Təcrübələr göstərir ki, insanlar uzun-uzadı yazıları oxumaq istəmirlər. İndi vizuallığa maraq daha çoxdur. Ona görə düşündüm ki, bu ideya diqqət çəkə bilər. Bəlkə də, gələcəkdə mətnlərin yazılı formasını da eyni anda təqdim etdim. Kim istəsə oxuyar, kim istəsə dinləyər.

-Niyə insanlar mətni oxumaqdan qaçırlar?

-Artıq dövr dəyişib. Hamı harasa tələsir. Bu səbəbdən hər kəs vaxtına qənaət etməyə çalışır. 

-Necə düşünürsünüz, sizin layihəniz ədəbiyyatı insanlara sevdirmək baxımından hansı rolu oynayacaq?

-Ümid edirəm ki, müsbət mənada dəyişikliklər olacaq. Məqsədim də budur. Hər halda çalışacam ki, fəaliyyətimi eyni tempdə davam etdirim.