Alimlər baş sındırır

Yadplanetlilərin aramızda gəzişməsinə dair ehtimallar var

Elm adamları planetimizdə yaşanan ilginc olayları daim çözməyə çalışır. Ötən əsrdə dünyanı heyrətləndirən bir çox sirli hadisələr baş verib ki, alimlər onların səbəbini, mahiyyətini hələ də tam aça bilmir. Sirlərin çoxu uçan naməlum obyektlər, insanların rastlaşdığı sirli olaylardır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) UNO-larla bağlı əksəriyyəti 1940 və 1950-ci illərə aid yüzlərlə arxiv sənədini ictimai müzakirəyə çıxarıb.   MKİ “Bizim “X-Files” dosyelərimizə göz atın” başlığı altında açıqladığı yüzlərlə sənəd, əslində qurumun 1978-ci ildə “tanınmayan uçan cisimlər” və “yadplanetlilər”lə ilgili aparılmış araşdırmalarıdır. 
Bir zamanlar ABŞ televiziyasında “X-Files” adlı proqram olub. Həmin tv-proqramda UNO-lar və yadplanetlilər barədə danışılırmış. Minlərcə gizli sənəd arasından yalnız 10-u ictimaiyyətə açıqlanır və İspaniya, Şərqi Almaniya, Fas kimi dünyanın fərqli ölkələrindən UNO-larla bağlı məlumatların göndərildiyi bildirilir.  Sual yaranır? UNO-lar, yadplanetlilər, paranormal varlıqlar həqiqətən varmı? Bu gün də daxil bu sual daim insanları düşündürür. Vahiməyə salır, heyrətləndirir, qorxu yaradır. Çəkilən fotolarda hardansa peyda olan naməlum varlıqlar insanları dəhşətə gətirir.  Bir fotoda “ön obyektivdə uşaqdır. Arxa görüntüdə isə qapının yanında daha bir nəfər var” kimi görünür. Yeni evlənmiş cütlük xoşbəxt ailə fotosu çəkdirir, amma “ikisinin ortasında məkrli bir üz” obyektivə düşür. Bu nədir? Naməlum varlıqlar?!  Alimlər bu paranormal hadisələrə hələ də məntiqli bir izah verə bilmir. Onlar aramızda gəzişən yadplanetlilərdirmi, yoxsa tanımadığımız naməlum varlıqlar?  
Mars planetinin kosmosdan çəkilmiş fotosunda piramidanın olduğu görünür. Alimlər bunu “Mars ən qədim mədəniyyətlərin inkişaf etdiyi planet olmuşdur” şəklində izah etməyə çalışır, amma dəqiq analiz də verə bilmirlər. Bir qadın fiquru şəklininsə kainatın hansısa qatında saxlanan bir qadına aid olduğu zənn edilir.  1947-ci ildə ABŞ hava qüvvələrində pilot olmuş Kennet Arnold  9 ədəd disk şəkilli uçan dairələr gördüyünü və onlardan birinin yerə düşdüyünü iddia etmişdi. Bu hadisədən sonra Rosvell qəsəbəsinin sakinləri izahını verə bilmədikləri sirli cisimləri tez-tez müşahidə etdiklərini söyləyirdilər. ABŞ ordusu isə o dönəmdə yayılan bu xəbərləri əvvəlcə təsdiqləmiş, sonra isə təkzib edərək göydən yerə naməlum obyektin deyil, meteoroloji bir parça düşdüyünü elan etmişdi.