BİABIRÇILIQ ! - Avtobus, yoxsa virus MƏNBƏYİ ?! – BNA hara baxır? 

İlqar Hüseynli: "Koronavirus dalğasının tüğyan etdiyi bir vaxtda sahibkarlar da diqqətli olmalıdırlar”

“Ona  görə də BNA müsahibələrimizdən sonra reydlərə başlamalı, narazılıqları aradan qaldırmalı, sərnişinlərin rahatlığını təmin etməlidir”

“Şirkətlər avtobusların texniki, eyni zamanda sanitar-gigyenik normalarını təmin etməlidir. Fikrimcə, ciddi cəza mexanizmləri tətbiq olunmalıdır”



Hər gün sərnişindaşıma avtobuslarında müxtəlif viruslara yoluxmaq təhlükəsi ilə üzləşirik. İctimai nəqliyyatdakı tutacaqlar, xüsusilə oturacaqlar virus mənbəyidir. 
Koronavirus təhlükəsinin tüğyan elədiyi bir zamanda avtobuslarda gigiyenik qaydalara əməl edilməsi xüsusi önəm kəsb edir. Buna baxmayaraq, bəzi ictimai nəqliyyatların oturacaqları iyrənc vəziyyətdədir. 29 nömrəli avtobusda da oxşar mənzərə hökm sürür. Avtobusun oturacaqları tamamilə çirkli vəziyyətdədir. Belə olan halda sərnişinlərin müxtəlif viruslara yoluxma ehtimalı qaçılmazdır.




Mövcud durumu “Sherg.az”a dəyərləndirən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobuslardakı sanitar qaydalarla bağlı müəyyən standart və normaları var. Həmin normalara nəzarət mexanizminin olması da vacib məsələlərdən biridir.
Ekspertin sözlərinə görə, həmin standartlarda gigiyenik məsələlər də xüsusi olaraq vurğulanmalıdır:

“İctimai nəqliyyatda gigiyenik qaydalara ciddi diqqət yetirilməlidir. Sərnişindaşıma  xidmətinə məxsus olan şirkət sahibləri, sanki,  unudurlar ki, ictimai nəqliyyat xalqa məxsusdur. Onlar bu avtobusları alıblarsa, istismarını təmin edirlərsə, müəyyən formada gəlir və qazanclara sahibdirlərsə, bunun ictimai yükünü də üzərlərinə götürməlidirlər.


Düşünmürlər ki, avtobuslar həm də xalqa məxsusdur. İctimai nəqliyyatdan qazanc əldə edən şirkətlər var. Ona görə də şirkətlər avtobusların texniki, eyni zamanda sanitar-gigyenik normalarını təmin etməlidir. Fikrimcə, ciddi cəza mexanizmləri tətbiq olunmalıdır. Uzun illərdir ki, bu problemləri müzakirə edirik.


Təəssüf ki, hələ də sahibkarlarda məsuliyyət hissi yaranmır. Cəmiyyətdə koronavirus dalğasının tüğyan etdiyi bir vaxtda sahibkarlar da diqqətli olmalıdırlar. Ona  görə də BNA müsahibələrimizdən sonra reydlərə başlamalı, narazılıqları aradan qaldırmalı, sərnişinlərin rahatlığını təmin etməlidir. Hiss etməliyik ki, doğurdan da dönüş yaradıldı”.