Özbaşınalıq ! Sahibkarların "ağalığı" davam edir: “İş çox, maaş az !”  


 Pərviz Heydərov: “Hər fürsətdə mövcud şəraitdən öz xeyirləri üçün daha çox istifadə etməyə çalışırlar”

“Təkcə sahibkarları da qınamaq olmaz. İşçilər də məsuliyyətsizdirlər. Bəzən onlar da müqavilə bağlamağa maraq göstərmirlər”



Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən sahibkar-işçi münasibətlərindən danışıb. Prezident Azərbaycanda heç kimin səkkiz saatdan çox işləməməsi ilə bağlı göstəriş verdiyini xatırladıb. Ölkə başçısı bildirib: 

“Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır”

Dövlət başçısı dəfələrlə sahibkarlara bu cür xəbərdarlıqlar etməsinə baxmayaraq, yenə işçilərin istismar edilməsi halları səngimir. Bir çox işçilər isə çörək pulu üçün sahibkarların təzyiqlərinə dözməyə məcbur olurlar. Bəs necə etmək lazımdır ki, işə götürənlə işçi arasında sivil münasibətlər qurulsun? 



Sualımızı cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az”a söyləyib ki, bu, hökumətdə prioritet məsələlərdən biridir:

 “Doğrudur, dediyiniz problem həll edilməmiş qalır. Ancaq dövlət çalışır ki, işçilərin hüquqlarını müdafiə etsin. Dövlət başçısı dəfələrlə bu mövzuda çıxış edib. Ümumiyyətlə, ölkədə sahibkarlığın inkişafı üçün şərait yaradılır”. 
  
P.Heydərovun sözlərinə görə, görülən tədbirlərə rəğmən sahibkarlar işçilər üzərində “ağalıq” edir, hər fürsətdə mövcud şəraitdən öz xeyirləri üçün daha çox istifadə etməyə çalışırlar:

“Çox işlədib, az əmək haqqı verirlər. Sahibkarların özbaşınalığı iki əsas istiqamətdə müşahidə olunur. Birinci hal vergidən boyun qaçırmaqdır. İkincisi isə əmək müqaviləsini imzalamaqdan yayınmalarıdır. Çünki əmək müqaviləsində həm işçisinin, həm də işəgötürənlərin hüquq və vəzifələri dəqiq göstərilir. Ona görə də sahibkarlar müqaviləni imzalamaq istəmirlər”. 

 İqtisadçı-ekspert bu məsələdə işçilərin də kifayət qədər günahkar olduqları qənaətindədir: 

“Təkcə sahibkarları da qınamaq olmaz. İşçilər də məsuliyyətsizdirlər. Bəzən onlar da müqavilə bağlamağa maraq göstərmirlər. Nəticədə həm gələcəkdəki təqaüdlərindən məhrum olur, həm də əmək qabiliyyətlərinin istismar edilməsi üçün özləri şərait yaradırlar. Fərqi yoxdur, tərəflər arasında əmək müqaviləsi imzalanıb, ya xidməti müqavilə. Əsas odur ki, bir hüquqi sənəd olsun. Çünki qanundan kənar, inzibati yolla problemdən çıxış yolu tapmaq mümkün deyil. Həm də bütün dövrlərdə, dünyanın hər yerində sahibkarlar bu və ya digər yolla işçilərin əmək qabiliyyətindən daha çox istifadə etməyə çalışırlar. İşçilər buna imkan yaratmamalıdırlar”.