İTV-nin virtual flaşmobu ALQIŞLANDI: “Stres xofunu azaldır”

"Tibbi olaraq da sübut olunub ki, xəstəliklərlə mübarizədə psixoloji hazırlıq çox önəmli faktordur”



İctimai Televiziya maraqlı virtual flaşmobla çıxış edib. Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli koronavirusa qalib gəlmək üçün pozitiv bir addım atıb. O, Xalq artisti Tünzalə Ağayevanın “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirib və estafeti həmkarlarına ötürüb: "Şən bir mahnı oxuyub, estafeti 4 dostunuza ötürün və #virusameydanoxuyaq# həştəqi ilə sosial media hesabınızda paylaşın. Pozitiv olaq, ruh yüksəkliyimizi qoruyaq". Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlunun fikrincə  sosial şəbəkə fikir formalaşdırmaq, diqqət yönəltmək üçün ən sürətli vasitələrdən biridir. Çoxlu bədbin xəbərlərin arasında bu təşəbbüs də azacıq dodaqqaçdıya, xoş əhvala səbəb ola bilər. Özümüzü qorusaq, hər şey yaxşı olacaq.  Yazıçı Qan Turalı isə deyib ki, bu təlaşlı günlərdə hər cür fərəh insanlara gərəkdir. Çünki insanlar kütləvi psixoz vəziyyətindədir. Ancaq jurnalistin vəzifəsi cəmiyyətdə pozitiv ovqat yaratmaq yox, ictimai nəzarəti təmin etmək, xalqın informasiya təlabatını qarşılamaqdır. 

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri,  Fərid Şahbazlının sözlərinə görə,   koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dövlətimizin müvafiq qurumlarının gərgin əməyi ilə yanaşı, ölkə ictimaiyyətinin, şirkətlərimizin, mediamızın, xaricdəki diasporumuzun, gənclərimizin, fərd olaraq demək olar ki, bütün insanlarımızın kiçik istisnalarla ümumilikdə birlik və bərabərlik içində hərəkət etməsi, nümunəvi davranış sərgiləməsi həqiqətən alqışa layiqdir:

"Müəyyən istisnalarla  əhalinin ictimai səfərbərlik və nümunəvi davranış sərgiləməsini alqışlayıram. Bu cür durumlar hər nə qədər arzuolunmaz və kədərli olsa da, ölkə vətəndaşları arasında həmrəyliyinin, yardımlaşma ənənəsinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir. Baş verən bu cür fövqəladə hadisələrdən nəticə çıxarmaq olduqca vacibdir".

 F.Şahbazlının fikrincə İTV əməkdaşının başlatdığı flaşmob kampaniyası kifayət qədər maraqlı və pozitiv bir addımdır: 

"Tibbi olaraq da sübut olunub ki, xəstəliklərlə mübarizədə psixoloji hazırlıq çox önəmli faktordur. Düşünürəm ki, bu cür flaşmoblarla  qorxu və stress xofunu azaltmaq olar.  Hesab edirəm ki, ictimaiyyət nümayəndələrinin bu flaşmoba qoşulması daha effektiv olar deyə düşünürəm".