“Xəbərlər dəqiqləşməli, yoxlanılmalıdır”- Baş redaktor

Zülfüqar Hüseynzadə: “İnformasiyaların çoxu yoxlanılmır. İnsanlar eşitdikləri bütün məlumatları bölüşməyə tələsirlər. Bu, düzgün deyil”


Koronavirus təhlükəsi bütün bəşəriyyəti qorxuya salıb. Artıq ölkəmizə də çatan infeksiyanın qarşısının alınması üçün müxtəlif addımlar atılır, profilaktik tədbirlər görülür. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən işləri yüksək qiymətləndirir. Buna baxmayaraq, mövcud vəziyyətə “fərqli don geyindirmək” istəyənlər də tapılır. Odur ki, Nazirlər Kabineti insanları ancaq rəsmi məlumatlara inanmağa çağırır və yoxlanılmamış, qeyri-dəqiq informasiya yayan şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini deyir. 

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə  “Sherg.az”a açıqlamasında həmin insanları tələsməməyə səsləyib: 

“İnanmıram ki, kimsə bilərəkdən yalan məlumat yaysın. Ancaq informasiyaların çoxu yoxlanılmır. İnsanlar eşitdikləri bütün məlumatları bölüşməyə tələsirlər. Bu, düzgün deyil. Xəbərlər dəqiqləşməli, yoxlanılmalıdır”. 
 Baş redaktorun sözlərinə görə, bu virus dünya səhiyyəsi üçün bir siqnal olmalıdır: “ Panika yaratmağın laızmsız olduğu ilə razıyam. Ancaq koronavirus “sinəsinə döyüb mənəm, mənəm” deyən çox ölkəyə ağır zərbə oldu. İki il öncə məşhur türk müəllifi, Nobel mükafatçısı Əziz Sancar demişdi ki, nə vaxtsa xərçəngdən də təhlükəli xəstəlik meydana çıxacaq. Əgər dünya səhiyyəsi inkişaf etməsə, fərziyyə özünü doğruldacaq. İki-üç aydır ki, koronavirusun vaksini tapılmayıb. Bu, yaxşı hal deyil”.