Həcc ziyarətindən imtinaya hansı hallarda icazə verilir ? –  Aydınlıq gəldi

“Xəstəliyin tüğyan etdiyi bir dövrdə İslam söz haqqını təbiblərə , həkimlərə həvalə edir. Həmin zaman həkim sözü, müctəhid sözündən daha məqbul olur” 



Bu il Həcc ziyarəti iyul ayının sonu və avqustun əvvəlinə gerçəkləşməlidir. Lakin koronavirus təhlükəsi builki Həcc əməllərinin təxirə salınmasına səbəb ola bilər. Xatırladaq ki, Çində epidemiyanın geniş yayıldığı zaman bir sıra müsəlman ölkələri  zəvvarlarını Ümrə ziyarətindən geri çağırdı. İndi vəziyyət daha da ağırlaşıb. Korona virusun bulaşmadığı ölkələr barmaqla sayılası qədər azdır, bəlkə də heç yoxdur.  O cümlədən ərəb ölkələrində də korona virusa yoluxma halları var. Onu da xatırladaq ki, müqəddəs Kəbə evi bir müddət ziyarətə bağlandı, ətrafda ibadət edənlər yalnız  Məscidül-Həramın işçi personalı oldu. Belə vəziyyətdə Səudiyyə Ərəbistanının builki Həcc ziyarətinə izin verməyəcəyi gözləniləndir. Müsəlman ölkələri də bu qərarla razılaşacaqlar. Çünki heç bir ölkə real təhlükəni görməzdən gələ blməz. Dinimiz əsas şərtlərindən biri olan və Rəbbimizin vacib buyurduğu (əlbəttə, bu vacibatın özünün də şərtləri var – red.) 

Həcc ziyarətindən imtina edilməsinə hansı hallarda icazə verilə bilər? 

İlahiyyatçı Ağa Hacıbəyli bununla bağlı fikirlərini “Sherg.az”a açıqlayıb:

-Həccin hökmü “Qurani-Kərim”lə sabitdir. Bir neçə ayədə həccdən bəhs edilir. “Ali- İmran”  surəsi 97- ci ayədə buyurulur. " ...yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi ( Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur....".  Hacılar Rəhmanın müsafirləridir. O evdə Rəbbə qonaq olmaq hər insanın ən dəyərli arzusudur. Bu ibadət zilhiccə ayında gerçəkləşir. 
Bu il isə korona virusla bağlı qaydalar dəyişməsi vacibdir. 4-5 milyon müsəlmanı təhlükəyə atmaqla yenidən yoluxma şəraiti yaranar. Odur ki, müqəddəs məkana ziyarəti ümumbəşəri dəyərlər konteksindən dəyərləndirmək lazımdır. Xəstəliyin tüğyan etdiyi bir dövrdə İslam söz haqqını təbiblərə , həkimlərə həvalə edir. Həmin zaman həkim sözü, müctəhid sözündən daha məqbul olur.
Şərii olaraq da bəzən haramlar, anına görə halal ola bilir. İnsan həyatı İslamda müqəddəsdir. O, bir əmanətdir. Can yalnız can sahibi yolunda, əmrləri çərçivəsində veriləbilər. Ümid edirik ki, dünyamızın seyrini dəyişən bu müsibətə - koronaya həm peyvənd həm də dərman ən qısa zamanda tapılar. Həccə niyətli olan müsəlmanlarda rahatca öz ibadətlərini yerinə yetirər.