Qazilər fövqəladə vəziyyətlərə alışmış insanlardı: "Bu təhlükəni də atladacağıq"


Koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan olunmuş xüsusi karantin qaydalarına əməl edilməsi hazırda hamının bir nömrəli vəzifəsidir.

  Belə çətin durumda qayğıya ehtiyacı olan şəxslər, o cümlədən müharibə veteranları, Qarabağ qaziləri üçün daha da çətindir.  Məlumdur ki, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi nəzdində “Qaynar Xətt” yaradılıb və sosial xidmətə cəlb olunanlar ehtiyaclı insanlara “Evdə qal”maları üçün gündəlik tələbat malları ilə yardım göstərilir.

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu “Şərq.az”a açıqlamasında Qarabağ qazilərinin fövqəladə hallara hazır olduğunu dedi:

-Koronavirusla bağlı tədbirlər başlayandan biz qazilər də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə çalışırıq.  Bununla bağlı Qarabağ Qaziləri Birliyinin müvafiq açıqlamaları oldu,  Koronavirusla Mübarizəyə Dəstək  Fonduna biz qazilər də imkan daxilində, kimi nəyə gücü çatdısa,  vəsait köçürdük.  Qazilərin votsap qrupu var, orada yazışırıq, məlumatları paylaşırıq, kimin nəyə ehtiyacı var, öyrənirik. Bir-birimizdən xəbər tuturuq. Xüsusi qayğıya, qulluğa ehtiyacı olan, yataq xəstəsi qazilərimiz var, amma onların əksəriyyəti ailəlidir, ailə üzvləri onlara qulluq edir, himayəyə alınmış qazilərimiz də var. Yəni, baxımsız, köməksiz vəziyyətdə qalanı yoxdu. Birliyin rayon şöbələri, şöbə sədrləri, üzvlərimizlə də mütəmadi  əlaqə saxlayırıq, hamıya da bildirmişik ki, kimin nəyə ehtiyacı varsa, xəbər eləsin, bacardığımız  köməyi göstərəcəyik. Bu çətin günlərdə əlimizdən gələni etməyə hazırıq. Onsuz da biz qazilər hər cür çətinlikdən, sınaqdan keçmiş, döyüşlərdə bərkimiş adamlarıq. Müharibə dəhşətini görmüş qazilər fövqəladə vəziyyətlərə alışmış insanlardı. Bu təhlükəni də atladacağıq.