Dəstək proqramı və ya vətəndaşlara qayğının təzahürü... - ŞƏRH 

Ramil Quliyev: “Bu proqramlar pandemiya dövründə və sonra yarana biləcək iqtisadi durğunluğu aradan qaldırmaq üçündür” 



 Koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu. Gömrük əlaqələrinin kəsilməsi və ya məhdudlaşdırılması, sərhədlərin bağlanması vəziyyəti kritikləşdirdi. Azərbaycan hökuməti sözügedən virusun ölkə iqtisadiyyatına təsirini minimuma endirmək məqsədilə ciddi addımlar atır. Hazırlanan iqtisadi paket ehtimal edilən təsirləri aradan qaldırmağa, iqtisadi dayanıqlığı qorumağa hesablanıb. 
  Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment kafedrasının dosenti, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Ramil Quliyev “Sherg.az”a açıqlamasında atılan addımların sahibkarlığa dəstək olacağını deyib: 
“Hazırlanan iqtisadi paket daha çox sahibkarlıq fəaliyyətinin qorunmasına hesablanıb. Ancaq ümumilikdə təklif olunan proqramlar müxtəlif sahələri əhatə edir. Dövlət dəstəyi məqsədilə iki milyard manata yaxın pul ayrılıb ki, bunun da təxminən yarısı bank sektoru üçün istifadə olunacaq. Bundan başqa, 304 min muzdlu işçinin əməkhaqqısının yarısını dövlətin ödəməsi də müsbət təşəbbüsdür. Bu məqsədlə birinci növbədə sahibkara  500 milyon manat vəsaitin verilməsi gözlənilir. Həmçinin elektrik istifadəsində limitin artırılması da vətəndaşlara qayğının bir təzahürüdür. Ümumiyyətlə, bütün bu proqramlar pandemiya dövründə və sonra yarana biləcək iqtisadi durğunluğu aradan qaldırmaq üçündür”. 
 
Ekspertin fikrincə, belə fövqəladə vəziyyətdə vətəndaşlar üçün müəyyən yardımların nəzərdə tutulması məqəsəduyğundur: 

“Sahibkarlar Əlavə Dəyər Vergisindən, əmlak vergisindən, mənfəət vergisindən azad olunmalı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin sahəsinə uyğun olaraq güzəştlər tətbiq edilməlidir. İstehlak krediti olanlar üçün bir neçə aylıq möhlət hüququ verilsə, çox yaxşı olar. Onu da deyim ki, dəstək üçün nəzərdə tutulmuş vəsait Ümum Daxili Məhsulun 3 faizidir. Xarici ölkələrdə bu göstərici nisbətən çoxdur. Bizdə də dəstək üçün ayrılmış vəsait bir az artırılsa, vətəndaşlar daha çox sevinərlər”.